Deputatlarımız Avstraliyaya gedib
Milli Məclisin Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Avstraliyada səfərdədir.
Parlamentdən “Qafqazinfo”ya daxil olan məlumata görə, nümayəndə heyətinin tərkibinə işçi qrupunun rəhbəri, deputat Xanlar Fətiyev və deputat, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə daxildir.
Fevralın 20-də Azərbaycan nümayəndə heyəti Kanberra şəhərində Avstraliya federal parlamentinin üzvləri ilə bir sıra görüşlər keçirib. Görüşlərin əsas məqsədi Avstraliya parlamentində fəaliyyət göstərən Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinə Xocalı soyqırımı barədə məlumat vermək, iki ölkə arasında münasibətlərin hazırkı durumu və inkişaf perspektivlərini müzakirə etmək, eləcə də hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparmaq olub.
Həmin gün Azərbaycan nümayəndə heyətinin üzvləri Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kreq Kelli ilə görüşüb.
Nümayəndə heyətinin keçirdiyi bütün görüşlər zamanı Xocalı soyqırımı barədə məlumat verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət