Daha bir partiya seçki qərarı verdi
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının iclası keçirilib. İclasda növbədənkənar parlament seçkiləri müzakirə edilib.
Axar.az xəbər verir ki, VHP sədri Sabir Rüstəmxanlı ölkədəki ictimai-siyasi vəziyyət, növbədənkənar parlament seçkiləri ilə bağlı yaranmış yeni siyasi situasiya haqda geniş çıxış edib. Sabir Rüstəmxanlı VHP-nin hər zaman parlamentdə təmsil olunduğunu və partiyanın parlament fəaliyyətinin uğurlu olduğunu bildirərək, qarşıdan gələn seçkilərdə də iştirakın vacibliyini diqqətə çatdırıb.
VHP seçki qərargahının rəhbəri, mərkəzi icra aparatının rəhbəri Samir Əsədli partiyanın seçki hazırlığı, seçki ilə bağlı təqvim planını Siyasi Şura üzvlərinə təqdim edib.
VHP Siyasi Şurası partiyanın 9 fevral 2020-ci il parlament seçkilərində iştirakına qərar verib.
İclasda VHP-nin parlament seçkilərində səlahiyyətli nümayəndələrinin siyahısı və maliyyə məsələləri üzrə məsul şəxsi təsdiq edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət