Slimfit
  1. DÜNYA

Çin tarixi

Çin tarixi
Sakura

Çin tarixi

Arxeoloji məlumatlar göstərir ki, Çin bəşəriyyətin əcdadlarının ilk beşiklərindəndir. 1923-cü ildə Pekin yaxınlığında tapılan "pekin insanı"nın (Sinanthropus pekinensis) qalıqlarının tarixi 400-300 min il əvvələ gedib çıxır. "Müasir insan"ın (Homo sapiens) ilkin forması Çində təxminən 40 min əvvəl yaranıb.

E.ə. 5 və 3-cü minilliklər arasındakı dövrdə Çində, onun şimal-qərb vilayətlərində (Xenan əyaləti), naxışlı keramika hazırlanması sənəti ilə xarakterizə olunan Yanşao mədəniyyəti meydana gəlir. Yanşaolular cilalanmış daş alətlər hazırlamağı, torpağı becərməyi və donuz saxlamağı bacarırdılar. Onlar qamış və torpaqla örtülmüş yarımdəyələrdə yaşayırdılar.

E.ə. 3-cü minilliikdə şimal-şərq vilayətlərində (Şandun əyaləti) Lunşan son neolit mədəniyyəti meydana gəlir. Şan-İn sülaləsində olduğu kimi Lanşon mədəniyyətində də gümüş ox ilə heyvanların sümüklərini yandırmaqla fala baxmaq təcrübədən keçirilirdi.

Lunşan mədəniyyətinin ardınca mərkəzdə və Xenaninin qərbində və Şansinin cənu

Sülalələrin dünyagörüş təyinatını ifadə edən adlar da mövcud idi. Öz növbəsində sülalə dövrləri hökmdarların "hakimiyyət dövrünə" bölünür. Əvvəllər bu dövrlər ancaq hakimiyyətdə olan hökmdarın adı və ya titul adı ilə adlandırılırdı, e.ə. 163-cü ildən isə hökmdarlıq dövrünün əsasən nikbin və xoş hakimiyyəti dövründə ardıcıl olaraq bir neçə müxtəlif devizə malik ola bilərdi.

 

Sya sülaləsi

Çin tarixşünaslıq ənənəsində ilk sülalə Sya adlanır (E.ə. 2205 - E.ə. 1766-cı illər). Lakin əsaslı arxeoloji məlumatların olmaması hələ ki, onu tarixi reallıq kimi qəbul etməyə imkan vermir. XX əsrin 20-ci illərinin sonuna qədər Şan sülaləsinə də əfsanə kimi baxılırdı. Lakin Xenan əyalətində indiki Anyan şəhəri yaxınlığında tapıntılar bu sülalənin mövcudluğunu sübut etdi. Tapılan şəhərin xarabalıqları Pan-qen hökmdarının hakimiyyəti zamanı (E.ə. 1401 - E.ə. 1374-cü illər) Xuanxedən cənuba uzanan və tez-tez daşqınlara məruz qalan rayonlardan köçəndən sonra əsası qoyulan şanların paytaxtı ilə uyğun gəlirdi.

 

Şan sülaləsi

O dövrlər paytaxtın yeni ərazisi İn adlanırdı. Bu səbəbdən də Şan sülaləsi Çin tarixşünaslığında həm də İn adlandırılmağa başlamışdı. Paytaxtın Anyana köçürülməsi İn mədəniyyətində bir sıra inqilabi dəyişikliklərlə müşayiət olundu. Bu, ilk növbədə, yazının və kifayət qədər mükəmməl təqvimin yaranması, gümüş tökmənin inkişafı, şum təmizləmə əkinçiliyinə keçid və at qoşqulu arabadan istifadənin başlanmasıdır.

Şan-İn sülaləsi dövründə heroqlif yazısı meydana gəldi, ipəkçiliyin və ipək toxuculuğun inkişafı isə yüksək səviyyəyə çatdı. Bu dövr haqqında məlumatlar tısbağa qınından və gələcəkdən xəbər vermək üçün nəzərdə tutulmuş heyvan sümüklərindən olan lövhələrdəki yazılarda qalmışdır. Şan dövründə istehsal olunmuş bir neçə üstü yazılı gümüş qab aşkara çıxarılmışdır. O, hər kəsin məhdud hüquq və vəzifələrinin olduğu hərbiləşdirilmiş, totalitar cəmiyyət idi. Məsələn, əgər sən kəndlisənsə, müəyyən ölçüdə olan, həsir damlı evdə yaşamaq və yalnız qarğıdalı ilə qidalanmaq, düyüdən isə ancaq bayram günləri istifadə etmək hüququn vardı. Cəmiyyət təbəqələrə bölünürdü. Bu iyerarxiyada ən yüksək mövqeyi hərbçilər, sonra əkinçilər, sənətkarlar tutur, ən aşağı səviyyədə isə ticarətçilər və aktyorlar dururdular. Bu səbəbdən çinlilər uzun əsrlər boyu biznes və ticarətlə məşğul olan insanlara hörmətlə yanaşmırdılar. Ən nəcib iş hərbçi peşəsi, sülh dövründə isə əkinçilik sayılırdı. Hətta imperator da öz tarlasının becərir və məhsul toplayırdı.

Şan-İn sülaləsinin torpaqları müasir Çinin ərazisinin çox da böyük olmayan hissəsini əhatə edirdi. Şərqdən o, Sarı dənizə qədər, qərbdə – Vey çayının mənşəyinə, şimaldan demək olar ki, sonralar Böyük Çin səddinin tikildiyi yerlərə, cənubda Yantszı çayına qədər çatırdı.

E.ə. XII əsrin sonlarında şanlardan qərbdə yaşayan çjou tayfaları Mue yaxınlığıda (Xenan əyaləti) döyüşdə Şan dövləti qoşunlarını sarsıdıcı məğlubiyyətə uğratdı və öz hökmranlığını qurdu.

 

Çjou sülaləsi

Çjou sülaləsinin hakimiyyət dövrü demək olar ki, doqquz əsri əhatə edir (E.ə. 1100 - E.ə. 221-ci illər) və Qərbi Çjou (Erkən) (E.ə. 1122 - E.ə. 771-ci illər) və Şərqi Çjou (Sonrakı) (E.ə. 770 - E.ə. 256/221-ci illər) dövrlərinə bölünür. İmperiyaların adları paytaxtların yerləşməsinə uyğundur. Qərbi Çjou iki dövrə bölünür – "Bölünmüş dövlətlər" və "Vuruşan dövlətlər" (Çjanqo) – müvafiq olaraq e.ə. 722-481 və 481-221-ci illər. Çjou hökmdarlarının ilk paytaxtı Tszunçjou Veyxe çayının kənarında yerləşirdi (indiki Sian şəhəri yaxınlığında). Sonralar Xuanxenin orta axınında iknci paytaxt – Loi salındı (indiki Loyan şəhəri yaxınlığında).

Bu dövrdə meydana gələn ən mühüm konsepsiyalardan biri orta dövləti – Cun Quo konsepsiyası hesab edilir. Çjou dövründə Dalxuanedə səkkiz knyazlıq: Ti, Pu, Jin, Tszin, Sun, Lu, Yus, U mövcud idi. Bu knyazlıqlardan hər biri özlərini mərkəz hökmdarlığı adlandırırdı. Bu səbəbdən çinlilərdə beş istiqamət var: şimal, cənub, qərb, şərq və mərkəz. Mərkəz – əsl sivilizasiyanı təcəssüm edən hesab nöqtəsidir, geridə qalanlar isə – barbarlardır. Çjou sülaləsinin ilk yaranmış sivilizasiyası "Qərbi Çjou" adını daşıyırdı. "Qərbi Çjou" sülaləsi nisbətən inkişaf etmiş cəmiyyət idi. Kənd təsərrüfatı çiçəklənmiş, əkinçi əmək alətləri təkmilləşdirilmiş, bir çox kənd təsərrüfatı bitkiləri becərilməyə başlanmışdır. Çoxlu sayda incəsənət və mədəniyyət abidələri, həmçinin fəlsəfə, siyasət və tarix əsərləri meydana gəlmişdir. E.ə. 841-ci ilədək hadisələrin mütəmadi xronikası aparılmamışdır, hansı ki, Qərbi Çjou səltənət evi hadisələrin illik qeydiyyatını aparır və saxlayırdı.

Yarımköçəri jun tayfaları ilə (çjoululara qohum) tez-tez baş verən və e.ə. VIII əsrdə daha da kəskinləşən hərbi münaqişələr ucbatından hökmdar Pin-van e.ə. 770-ci ildə dövlətin paytaxtını şərqə köçürür, bu dövr isə – "Şərqi Çjou" adını alır. "Şərqi Çjou" sülaləsinin hakimiyyəti dövrü quldarlıq quruluşunun dağılması ilə əlamətdardır. Bu dövrün sonu (E.ə. 476-cı ildən 221-ci ilədək) "Vuruşan hökmdarlıqlar" adlandırılır, bunların da sayı, yuxarıda qeyd olunduğu kimi səkkiz olsa da, vəliəhdlərin səriştəsizliyi ucbatından çoxlu sayda kiçik hökmdarlıqlar yarandı.

Bu dövr həmçinin qarışıqlıq dövrü kimi də xatırlanır. Konfutsi məhz bu zamanda yaşamışdır. Onun təlimi öz siyasi fəlsəfəsi və etik istiqamətinə görə cəmiyyətdəki bu böyük və uzunmüddətli hərc-mərcliyə təbii reaksiya kimi nəzərdən keçirilir. O, Çin cəmiyyətinin hələ uzun əsrlər boyu mənəvi simasını müəyyənləşdirən əxlaqi-etik normalar tətbiq etmişdir.

Bununla belə, bu dövr bəşər tarixinə həmçinin dəmirin əridilməsi texnologiyasının, baltadan, kotandan və digər əmək alətlərindən istifadənin kəşf olunması dövrü kimi də düşmüşdür. Torpağın işlənməsində buynuzlu heyvanlardan istifadə vərdişi yarandı. Quldarlıq formasiyasının yerinə feodal quruluşu gəldi.

E.ə. IV-III əsrlərdə müxtəlif hökmdalıqlar arasında hakimiyyət uğrunda mübarizə şiddətlənir. Nəticədə e.ə. 230-cu uldə Tsin hökmdarlığı əvvəlcə Xan hökmdarlığını ciddi məğlubiyyətə uğradır və onun ərazilərini zəbt edir, e.ə. 228 - e.ə. 221-ci illərdə isə digər hökmdarlıqları da (Çjou, Vey, Çu və s.) ələ keçirir.

Tsin Şixuan Vuruşan hökmdarlıqların separatizminə son qoyaraq Çin tarixində ilk dəfə çoxmillətli mərkəzləşdirilmiş dövləti – Tsin imperiyasını yaradır.

 

Erkən imperiya dövrü

Tsin imperiyasından başlayaraq X əsrin ortalarına qədər davam edən dövr Çin tarixində Erkən İmperiya dövrü adlanır. Tsin imperiyası cəmi 14 il mövcud olmuşdur. Lakin bu dövrdə çoxlu sayda islahatlar həyata keçirilmişdir: ölkənin inzibati-ərazi dairələrinə bölünməsi; mərkəzləşdirilmiş idarəetmə orqanlarının yaradılması; pul, ölçü və çəki vahidlərinin unifikasiyası; yazının nizama salınması və s. Böyük Çin səddinin tikilişi də bu dövrdə başlayır. Divarın ayrı-ayrı hissələri artıq səkkiz hökmdarın dövründən mövcud idi, lakin əsasən şimal və qərbdən köçəri tayfaların hücumları təhlükəsi ilə əlaqədar onların birləşdirilməsi və gücləndirilməsi tələb olunurdu. Bu tikintiyə imperator Tsin Şixun çox böyük sayda insan – səkkiz hökmdarın süqutu nəticəsində ələ keçirilmiş əsirləri və həmçinin torpaqsız kəndliləri cəlb etmişdi. Bununla əlaqədar konfutsiçilər imperatoru despotizmdə günahlandıraraq öz narazılıqlarını bildirməyə başladılar, o isə öz növbəsində e.ə. 213-cü ildə Konfutsinin bütün kitablarını yandırmağı, 416 konfutsiçini isə boynuna qədər torpağa basdırmaqla əzabverici ölümə məhkum etdi.

O, öz şəxsi fəlsəfəsinə (leqizm) ehtiyac olduğundan fa-tszyanı yaratdı. Fa – Çin dilində qanun, tszya – isə ailə, qrup deməkdir, yəni qanunlar külliyatı. Bu fəlsəfənin tərəfdarları konfutsiçiliyi özlərinin qatı düşməni hesab edirdilər, belə ki, Konfutsi ön plana əxlaqi keyfiyyətləri çəkirdi və qaydalara riayət etməyi təkcə sıravi vətəndaşlardan deyil, imperatordan da tələb edirdi. Fa-tszyanın ardıcılları birbaşa bəyan edirdilər ki, əxlaqla siyasət bir araya sığmır. Hökmdar nəyi lazım bilirsə, o da edilməlidir, çünki o, qanunların yaradıcısıdır.

Tsin imperiyası Çin tarixində ilk xalq üsyanı nəticəsində süquta uğradı. Tsin Şixuanın ölümündən sonra yenə də qarışıqlıq dövrləri başladı. E.ə. 206-cı ildə keçmiş kəndxuda Lyu Banın başçılığı altında qiyamçı dəstələr Tsin ordusunu asanlıqla darmadağın etdi və paytaxtı aldı. Bu Çudan olan Lyu Bana özünü Xan hökmdarı elan etməyə imkan verdi, belə ki, Tsinin paytaxtı keçmiş Xan hökmdarlığı ərazisində yerləşirdi. Daha dörd il də çoxsaylı üsyankar rəhbərlər taxt-tac uğrunda mübarizə apardılar. E.ə. 202-ci ildə Lyu Ban özünün əsas və sonuncu rəqibini – zadəgən ailəsindən olan general Syan Yuyanı məğlub etdi. Qao-tszu, "Ali ulu əcdad" titulunu qəbul edib Xan sülaləsinin əsasını qoydu, bu da Qədim Roma, Xristianlıq və Məsihlə bir dövrə təsadüf edirdi. Lyu Ban Çanan şəhərini imperiyanın paytaxtı elan etdi.

 

Xan sülaləsi

Xan sülaləsinin dörd əsrdən çox hakimiyyəti iki dövrə bölünür: Erkən Xan (Qərbi) və Sonrakı Xan (Şərqi), bunlar da müvafiq olaraq e.ə. 206-cı ildən eramızın 8-ci ilinədək və 8-ci ildən 220-ci ilədək olan dövrü əhatə edir.

Bu dövrlər arasındakı eramızın 9-25-ci illərini əhatə edən az müddət ərzində Sin sülaləsi hakimiyyətdə olmuşdur.

Erkən Xan Tsin imperiyası idarəetmə sisteminin bəzi xarakterik xüsusiyyətlərini qoruyub saxlamışdır. Öz yeddi silahdaşına Lyu Ban van titulu bağışlamışdı, 130-na isə vərəsəlik torpaqları paylamışdı. İmperator Udiy isə (E.ə. 140 - E.ə. 87) mərkəzi hakimiyyətin gücləndirilməsinə yönəldilmiş dəyişikliklər həyata keçirir, bunun da gedişində Tsin dövründə mövcud olan müfəttişlik təsisatları bərpa edilir. Xan dövrünün əvvəlində hökumət daosizm təliminin tərəfindəydi. Bu axında Lyu An (e.ə. 179-122-ci illər) özünün kifayət qədər eklektik təlimini inkişaf etdirir. E.ə. II əsrdə sarayda leqizmlə sintezdə konfutsiçiliyə maraq yaranır, bu da filosof Dun Çjunşu (e.ə. 179-104-cü illər) tərəfindən həyata keçirilir. Qanuni inzibati metodların və konfutsiçiliyin əxlaqi dəyərlərinin kombinasiyası Çin imperiyasına sonrakı iki min ildən artıq dövr ərzində mövcud olmağa kömək göstərmişdir. Xanlılar itirilmiş konfutsiçi və digər mətnləri bərpa etdilər, əlyazmaların axtarışı, onların sistemləşdirilməsi və bərpası üzrə böyük işlər gördülər. Xan dövründə "Dəyişikliklər kitabı"nda, "in-yan" və "beş ünsür" nəzəriyyəsində əsası qoyulmuş baxışlar "simvollar və rəqəmlər haqqında təlimdə" formalaşmışdı. Bu dövrdə ensiklopediyaçı-filosof Van Çun (e. 27-97-ci illəri) antiavtoritarizm fəlsəfəsini işləyib hazırlayır. Van Çun konfutsiçilərin və daoçuların bəzi baxışlarını sintez edərək ümumiləşdirir.

Zadəganlar əsas dövlət vəzifələrinin əksəriyyətini tuturdular. Bununla belə Xan hökmdarları xidmətə, mövqeyindən asılı olmayaraq istedadlı insanları cəlb etməyə çalışırdılar. E.ə. 124-cü ildə imperator Udiy "Ali məktəbin" ("Taysyue") əsasını qoydu və ölkənin bütün əyalətlərindən bacarıqlı gənclərin orada təhsil alması üçün seçilməsini əmr etdi. O vaxtdan başlayaraq bütün Çin sülalələri bu və ya başqa şəkildə dövlət təhsilinə kömək etmişdilər. Dövlət xidmətinə qəbul üçün ənənəvi imtahan sisteminin yaranması da Taysyuenin açılışı ilə bağlıdır. Məktəbin planına konfutsian "Beşkitabçılığın" – Utszin (Şitszin – "Nəğmələr kitabı", Litszin – "Ayinlər kitabı", Şitszin – "Tarix kitabı", Çjoun – "Dövrü dəyişikliklər", Çuntsyu – "Bahar və payızlar") öyrənilməsi daxil idi. Həmçinin ox atmaq, musiqi, ayin və "Altı sənət"dən digərləri öyrənilirdi. Təlimlər "Boşi" (doktor) adına malik və Udiy sarayında xidmət edən konfutsian-alimlər tərəfindən aparılırdı. Bir ildən sonra tələbələrdən imtahan götürülür və onlar öz biliklərinə müvafiq vəzifələrə təyin olunurdular. Udiy özü imtahan verənlərin sınaqlarında iştirak edirdi. Məmur vəzifəsi almaq məqsədilə seçim sisteminin və konfutsian təliminin birləşdirilməsi sonralar Xan sülaləsinin axırına qədər möhkəmləndirilmiş və tətbiq edilmişdir.

İlk vaxtlar məktəbdə 50-yə qədər tələbə təhsil ala bilərdi. E.ə. 8-ci ildə tələbələrin sayı üç minə qədər artmışdı, sonrakı Xan dövründə isə onların sayı təqribən otuz minə çatmışdı.

Bu sülalənin ən parlaq nümayəndəsi tamamilə konfutsiçiliyə qayıdan beşinci imperator Udiy (e.ə. 140-87-ci illər) olmuşdur. Öz hakimiyyət dövrünün quldarlıq cəmiyyətindən feodalizmə keçidlə üst-üstə düşməyi faktını nəzərə alaraq o, başa düşürdü ki, konfutsiçilik feodal cəmiyyətinin və ümumiyyətlə istənilən hökmran cəmiyyətin ideya istinadgahıdır. İmperator Udiy deyirdi ki, dövlət vəzifəsi tutmaq üçün Konfutsinin müqəddəs kitablarındakı mətnləri bilmək lazımdır. Onun hakimiyyəti dövründə Çin çox gücləndi. İmperator Udiy hunlarla uğurlu döyüşlər apardı; ilk dəfə olaraq Cunqariyadan və Qaşqardan Avropaya ipək yolu saldı, baxmayaraq ki, o, həmin vaxt belə adlanmırdı, Vyetnamdan Quandum və Quansini zəbt etdi, Koreyanı istila etdi, yəni Çin imperiyası az qala bugünki miqyaslara gəlib çatdı. Qeyd etmək laxımdır ki, ilk dəfə olaraq nahtszu, xan milləti anlayışı Xan dövründən gəlmişdir və çinlilər özlərini xanlılar adlandırır. Bu sülalənin bir xarakterik cəhəti vardır: iki min illik hazırkı Çin milli memarlığı da o dövrdə yaranmışdır.

İmperator Udiyin zamanında Sı Ma Tsyan adlı çox böyük bir şəxs yaşayırdı, o, Çin tarixşünaslığının əsasını qoymuş və ilk dəfə olaraq tarixi monoqrafiyanın kompleks prinsipini tətbiq etmişdir. O, "Şi Tszi" adlanan tarixi əsərin müəllifi olmuşdur, salnamə traktlatlarla bir-birini əvəzləyir, yəni o, təkcə xronoloji hadisələrin təsvirini verməmiş, eyni zamanda konseptual xarakterli tarixi təhlil aparmışdır. Xanlıların Çjou sülaləsinin ətraflı tarixini yazmaları ilə əlaqədar olaraq bir sülalənin ondan əvvəlki sülalənin tarixini yazmaq ənənəsi yaranmışdır, həm də bu o qədər səhih olurdu ki, məsələn, hind alimləri Hindistan tarixini Çin mənbələrindən öyrənirlər.

Erkən və Sonrakı Xan hökmranlıqları dövrü arasında, daha dəqiq e. 9-25-ci illərində Sin – "Yeni" imperiyası mövcud olmuşdur. Öz hakimiyyətinin lap əvvəllərindən imperator Man Van islahatlara başladı ki, bunların da əsas məqsədi dövlət hakimiyyətinin möhkəmləndirilməsi və ilkin Çjou qanun-qaydalarının bərpası idi. Lakin Van Manın şöhrətpərəst niyyətləri onu özlərinə əngəl törədəcək heç bir dəyişikliyi arzulamayan mülkədarlardan uzaq saldı. Digər tərəfdən kəndlilər də onun islahatlara qabil olmamasından məyus olmuşdular.

11-ci ildə Xuanxe çayı qarçısına çıxan şəhər və qəsəbələri məhv edib tarlaları basaraq məcrasını dəyişdi. Ölkədə hökm sürən xaos çoxsaylı kəndli üsyanlarına gətirib çıxardı. Eramızın 17-ci ilində Şandunda Fan Çunun başçılığı altında güclü üsyan baş qaldırdı. Qiyamçılar fərqlənmək üçün qaşlarını qırmızı rəngə boyayırdılar, bu səbəbdən də onları qırmızıqaşlılar adlandırırdılar. 23-cü ildə Fan Çun hökumət qoşunlarını məğlub edib paytaxt Çanyanı ələ keçirdi. Van Man özünə qəsd etdi.

Qırmızıqaşlılar bir ildən artıq hakimiyyəti əllərində saxladılar. Bundan sonra xanlı Lyu Syu zadəganların və məmurların bir hissəsini ətrafında birləşdirib qiyamçıları sarsıdıcı məğlubiyyətə uğratmağa nail oldu. Fan Çun paytaxtdan ölkənin şərqinə qaçmağa məcbur oldu. 25-ci ildə Lyu Syu Xan imperatoru elan olundu. Bu, Sonrakı (Şərqi) Xan (25-220-ci illər) sülaləsi hakimiyyətinin başlanğıcı hesab olunur.

Şərqi Xan sülaləsi hakimiyyətinin ilk illərində qiyamçı dəstələrin qalıqları ilə mübarizə davam edirdi, bundan sonra nisbətən sakitlik və çiçəklənmə dövrü gəlir. Lyu Syu minlərlə qulu azadlığa buraxdı. Torpaq bölgüsünün bərabərləşdirici sistemi ləğv edildi. Hökumət vergiləri azaltdı və ticarətdə məhdudiyyətləri aradan qaldırdı.

Sonrakı Xan dövründə əvvəllər itirlmiş ərazilərin bərpası üçün çox cəhdlər edildi. Köçəri hunlarla mübarizədə qələbə çalındı. 73-cü ildə kiçik dəstə ilə şimal qərb sərhəddindəki müttəfiq tayfalara kömək göstərmək məqsədilə göndərilmiş istedadlı general Ban Çao, son nəticədə, demək olar ki, Şərqi Avropanın sərhədlərinə qədər gedib çıxmışdır. 91-ci ildə o, hunlara sarsıdıcı zərbə vurdu, 97-ci ildə isə Baktriyaya daxil oldu. 101-ci ildə Çinə qayıdan general, Roma imperiyası barədə çoxlu məlumat gətirir. Onun yürüşləri sayəsində Böyük ipək yolunu bərpa etmək mümkün oldu ki, bunun da vasitəsilə Çin Aralıq dənizinə ipək, zərxara, bəzək məmulatları və çini qab idxal edirdi. Şərqi Xan sülaləsi zamanında incəsənət, təhsil və elm çiçəkləndi. Tarix və lüğətlər yazıldı. Daha qədim zamanların klassik əsərləri yığıldı. Imperator Çjan-linin hakimiyyəti dövründə (75-88-ci illər) Bayxuquan zalında dövlət ideologiyası prinsiplərinin işlənib hazırlanması məqsədilə klassik kitabların müzakirəsi keçirilmişdi.

Eramızın I əsrində Hindistandan Çinə buddizm daxil olur. Buddist missioner An Şiqao 148-ci ildə Loyana gəlib çıxır, bunun da nəticəsində Çində buddist mətnlərin tərcüməsi həyata keçirilməyə başlanır.

Şərqi Xanın sonrakı dövrlərində saray xadimlərinin güclənməsi ucbatından imperiyanın siyasi həyatı çox əziyyət çəkirdi. Nüfuzlu regional vəzifəli şəxslər mərkəzi hakimiyyəti saymamağa başladılar. Əyanlar və sərkərdələr arasında mübarizə başladı.

Ölkədəki hərc-mərclik xalqın narazılığına səbəb oldu. Yəni 60 illik tsiklin başlanğıcı olaraq 184-cü ildə "sarı sarıqlılar" üsyanı baş qaldırdı, onun nümayəndələri fərqlənmək üçün başlarında sarı sarıq gəzdirirdilər. Üsyana dao müəllimi Çjan Tszyue başçlıq edirdi, o, "böyük səadət yoluna" (taypin dao) əsaslanmalı olan yeni qanun-qayda yaratmağa çağırırdı. Qiyamçılar iki mindən çox əyanın qırğınını törədən və bir-birinin ardınca diktatora çevrilən generalların tərəfinə keçdilər. 207-ci ildə ölkənin şimalında diktator sərkərdə Tsao Tsao hakimiyyətə gəldi. Tsao Tsaonun ölümündən sonra onun oğlu Tsao Pey gücsüz Xan imperatorunu hakimiyyətdən uzaqlaşdırıb Vey hökmdarlığını yarada bildi. Bu Xan sülaləsinə son qoydu.

 

Çində feodal münasibətlərinin yaranması

III əsrin əvvəllərində Xan sülaləsinin hakimiyyətinə son qoyulduqdan sonra, Çində feodal münasibətləri yaranmağa başladı. Avropadan fərqli olaraq, bütün Şərqdə olduğu kimi, Çində də torpaq əsrlər boyu imperatorlara məxsus mülkiyyət olmuşdu. Dövlət torpaq üzərində mülkiyyəti məhdudlaşdırır, cəmiyyət və iqtisadiyyatı sənətkarlığı, ticarəti və təbii sərvətləri ciddi nəzarətdə saxlayırdı. Əhalinin 95 %-ini təşkil edən kəndlilər torpaqdan istifadəyə görə vergi verirdilər.

Kəndlilər ailəsi ilə birlikdə torpağı becərir, məhsulu qoruyur məhsul hazır olanda vergi məmurlarına töycü və dövlət vergisi verirdi. Kəndlilər məhsul vergisi ilə yanaşı, ağır mükəlləfiyyətlər də yerinə yetirir, yəni saraylar, məbədlər, qalalar tikir, suvarma sistemi çəkirdilər.

VI-VII əsrlərdə Çində iri torpaq sahibi olan xüsusi "güclü ailələr" var idi. "Güclü ailələr" kəndlilərin torpağını ələ keçirir, onları özlərindən asılı olan icarədarlara çevirirdilər, nəticədə dövlətə vergi verənlərin sayı azalır, mərkəzi hakimiyyət zəifləyirdi. Çində bir-birini əvəz edən sülalələr kəndlilərin narazılığının qarşısını almaq və mərkəzi hakimiyyəti gücləndirmək üçün tədbirlər görür, "güclü ailələr"in torpaqlarını müsadirə edib kəndlilərə paylayırdılar. Beləliklə, III-VII əsrlərdə Çində dövlətin "güclü ailələr"ə qarşı mübarizə aparmaqda məqsədi mərkəzi hakimiyyəti möhkəmləndirmək idi.

Çində dövlət feodalizmi formalaşırdı. Ən böyük torpaq sahibi olan imperator hərbi xidmət müqabilində özünün ən yaxın adamlarına, sərkərdələrə və məmurlara iri torpaq sahələri paylayır, bununla da xüsusi torpaq mülkiyyətinin inkişafına şərait yaradırdı. Bu torpaqlarda əldə edilən məhsuldan bir hissə dövlətə verilir, digər hissə mülkiyyətçiyə qalırdı. Feodalizmin inkişafı nəticəsində varlanan feodallar VII əsrdən başlayaraq dövlət torpaqlarını özbaşına tutmağa başladılar. Həmin ərazidə yaşayan kəndlilər feodallardan asılı kəndliyə çevrildilər. Kəndlilər feodala vergi (töycü) verməli, onun üçün əvəzi ödənilməyən işlər görməli, yəni biyara getməli idilər.

 

Suy sülaləsi

İmperiyanın bərpası. Çində feodal dağınıqlığı III əsrdən başlamışdı. Şimaldan türk xalqlarının hücumları kəsilmirdi. Lakin VI əsrin sonunda Çində yenidən vahid dövlət yaradılmasına cəhd edildi. Belə ki, Şimali Syon dövlətinin sərkərdəsi Yan Szyan rəqiblərinə qalib gəlib Suy sülaləsi hakimiyyətinin (586-618) əsasını qoydu. O, 589-cu ildə ölkənin cənubunda hökmranlıq edən Çin sülaləsinin hakimiyyətini devirdi və Çin imperiyasını bərpa etdi.

VI əsrin sonu VII əsrin əvvəllərində Yantszı və Xuanxe çaylarını birləşdirən, uzunluğu 1700 km olan Böyük kanal çəkildi. Kanal ölkənin cənub-şərqdəki dəniz sahillərində kənd təsərrüfatının inkişafı üçün şərait yaratdı. Suyun sahilə çıxartmasını təmin edən qurğu ixtira edildi, ağacdan hazırlanan ipəktoxuma dəzgahı təkmilləşdirildi, ticarət də gücləndi.

 

Tan sülaləsi

Çin yeni inkişaf mərhələsinə doğru. VII əsrin əvvəllərində Çində hakimiyyət 289 il hökmranlıq etmiş Tan sülaləsinin (618-907) əlinə keçdi. Bütün hakimiyyət imperatorun əlində cəmləşmişdi. Onu "Səma oğlu" adlandırırdılar. Ölkənin təsərrüfatı bərpa və inkişaf etdirildi, cənub əyalətlərində şəkər qamışı və çay kolları sahələrindən ildə iki dəfə məhsul götürülürdü.

Tan sülaləsinin işğalçılıq siyasəti nəticəsində Koreya və Vyetnam Çinə tabe edildi. Çin ordusu Böyük ipək yolunun ölkədən Mərkəzi Asiyayadək uzanan hissəsinə nəzarət edirdi. Lakin 751-ci ildə xilafət qoşunları Çin ordusunu məğlub etdikdən sonra bu nəzarət Çinin əlindən çıxdı. Buna baxmayaraq, Çin bu yol vasitəsilə İran, Mərkəzi Asiya, Bizansla ticarət əlaqəsini genişləndirirdi. Çin Ərəb və İran tacirlərinin məskənləri olan Hind okeanının sahillərində ticarət aparırdı. Ölkənin daxilində Böyük kanaldan da ticarət üçün istifadə edilirdi. Sənətkarlıq və ticarət mərkəzləri olan şəhərlər böyüyüb genişlənirdi.

 

Türklər və Çin

Erkən orta əsrlər boyu Çin öz daimi qonşuları olan türklərlə müəyyən münasibət saxlamağa məcbur olmuşdu. Bu dövrdə türklər Çin üçün böyük təhlükə idi. VI əsrdə Göytürk dövləti geniş bir ərazini əhatə edəndə Çin hökmdarları onunla hesablaşmışdılar. Məsələn, Göytürk imperatoru Tononun hakimiyyətə gəlməsi münasibətilə Çin nümayəndəsi ona 100 top ipək gətirmişdi.

VI əsrin sonunda Böyük ipək yolunun şərq hissəsinə nəzarət uğrunda türklərlə Suy imperatoru mübarizə aparırdı. Çinlilər Göytürk dövlətindəki daxili çəkişmədən istifadə etdi. Türklər çinlilərin əsarəti altına düşdülər. Lakin VII əsrin 80-ci illərində türklər əsarətdən azad oldular, İkinci Göytürk imperatorluğunu yaratdılar.

 

Yuan sülaləsi

 
Çində hökmdarlıq etmiş son Yuan hökmdarı Toqhon Teymur

Monqollar bütün Çini idarə edən ilk şimal xalqı olmuşlar. Uzaq qərbə qədər uzanan imperiya yaradan monqollar 1210-cu ildə çjurçjenlərin Tszin dövlətini fəth etdilər. 1215-ci ildə Çingiz xan Pekini ələ keçirdi. 1227-ci ildə monqollar Qərbi Syaya uğurlu zəfər yürüşü etdilər. Bu yürüşdən qayıdan zaman Çingizxan ölür. 1229-cu ildə monqolların böyük xanı Çingizxanın üçüncü oğlu Uqedey olur. İmperiyanın paytaxtı Qaraqorum olur.

Uqedey öz hakimiyyətinə Çinin çjurçjenlərin əlində olan şimal vilayətlərinə yürüşlərlə başladı. Bu müharibədə Sonrakı Sun sülaləsi monqollarla ittifaq bağlayaraq ümid etdi ki, onların köməyi ilə çjurçjenlərin zəbt etdiyi torpaqlarını geri qaytara biləcək. Lakin bu ümidlər doğrulmadı. Monqollar 1235-ci ildə çjurçjenləri darmadağın edib Çinin cənubuna istilaçı yürüşlərə başladılar və bu da 1280-ci ildə müvəffəqiyyətlə nəticələndi.

Bu dövrdə hakimiyyətdə olan Çingizxanın nəvəsi Qubilay qaan monqolların paytaxtını Qaraqorumdan Daduya (indiki Pekin) köçürdü. O, özünü Çin imperatoru elan etdi və və bununla da "Əzəli" mənasını verən Yuan sülaləsinin əsasını qoydu. Bu ad monqolların dünyəvi hakimiyyətinin uzun bir erasının başlanğıcını göstərmək məqsədilə seçilmişdir.

Monqolların Çində hakimiyyəti yüz ildən az çəkdi. Monqolların ilkin planı Çin ərazisini böyük bir otlağa çevirmək idi. Lakin Xubilayın monqol olmayan müşavirləri onu ölkəni idarə etməkdə Çin metodlarından istifadənin səmərəlliliyinə inandırdılar. Monqollar inzibati idarəetmə aparatını öz əllərinə götürərək aşağı vəzifələri əcnəbilərə etibar edir, Çin aristokratiyasını isə hakimiyyətə buraxmırdılar. Ölkənin yerli əhalisi üçün hər cür qadağalar qoyulmuşdu. Onlara gecələr çölə çıxmaq və hər hansı bir yığıncaq keçirmək qadağan idi. Kəndli və sənətkarlara ağır vergilər qoyulmuşdu. Çin tacirləri böyük rüsumlar verməyə məcbur idilər. Hakimiyyətlərini möhkəmləndirdikdən sonra monqollar bəzi güzəştlərə yol verirlər.

1315-ci ildə dövlət qulluğuna qəbul üçün imtahan sistemi tətbiq olunmağa başladı, burada da Çinli olmayanlar üçün çoxlu güzəştlər nəzərdə tutulmuşdu. Ənənəvi Çin elmləri arasında təbabətə üstünlük verilirdi ki, bundan da monqollar öz döyüşçülərinin sağlamlığını qorumaq üşün istifadə etmək istəyirdilər. Yuan dövründə avropalılar səyyah və tacirlərdən Çin haqqında məlumatlar almağa başladılar. Çin haqqında ən maraq doğuran məlumatlar Venesiyalı tacir Marko Poloya aiddir. Çinə 1275-1292-ci illərdə səyahətindən sonra Marko Polo evinə qayıdır və Çin adlandırdığı yüksək sivilizasiyalı ölkə haqqında kitab yazır. 1294-cü ildə Xubilayın ölümündən sonra gələn zəif və səriştəsiz hökmdarlar sırası monqolların mənfur hakimiyyətini daha da dözülməz etmişdi. XV əsrin ortalarında Çində bir çox gizli cəmiyyətlər meydana gəlir. Onlardan ən fəalı ölkənin şimalında yaranan və özünü budda Maytreyinin təcəssümü elan edən Xan Linerin rəhbərlik etdiyi "Ağ lotos" təşkilatı idi.

 

Qırmızısarıqlılar üsyanı

1356-cı ildə Xan Linberin davamçısı, Budda monaxı Çju Yuançanın başçılıq etdiyi kəndli ordusu Nankini tutur. On il ərzində Çju Yuançan Çinin mərkəzi vilayətlərini özünə tabe edir və Yantszı çayına gəlib çatır. 1368-ci ildə o, özünü yeni Min sülaləsinin ("Aydınlıq") imperatoru elan edərək tay-tszu titulunu götürür və Yantszı çayının aşağı axarı Nankini özünün paytaxtı təyin edir. Az sonra elə həmin il o, Yuanın paytaxtı Pekini tutur. Çinin qalan ərazilərini monqollardan təmizləmək üçün ona daha 20 il lazım olur.

 

Min sülaləsi

Min sülaləsi 1368-1644-cü illərdə Çində hakimiyyətdə olmuşdur. Bu sabitlik, firavanlıq və Çinin Şərqi Asiyada təsirinin bərpası dövrü idi. Ədəbiyyat, elm və incəsənət bu dövrdə yenidən inkişaf etməyə başlamışdı. İmperiya birbaşa hökumətə tabe olan qubernatorların idarə etdiyi 15 əyalətə bölünmüşdü. İmperator Tay-tszu, hökuməti Tan sülaləsi prinsiplərinə uyğun qurmuşdu. O, konfutsi ideyalarına qayıdış elan edərək hakimiyyətin mərkəzləşməsinə çalışırdı. Tay-tszu dövlət işlərini təkbaşına həll etmək istəyirdi, lakin onun buna gücü yetmədi. Buna görə də o, ətarfına vicdanlı məmurları yığıb Böyük katiblik yaratmalı oldu. İnzibati aparat dövlət imtahanı əsasında formalaşırdı.

 
İmperator Çju Dinin (1402-1424) portreti

Tay-tszunun əmri ilə bütün ölkədə qəza, mahal və vilayət məktəbləri yaradıldı. Bu məktəblərin daha qabiliyyətli şagirdləri paytaxt məktəbinə - Qotszıtszyana üz tuturdular. Bu məktəbinməzunları dövlət imtahanı verməyə buraxılırdılar. Bundan əlavə əyalətlərdə ilkin imtahan vermiş şəxslər də imtahanlardan keçə bilərdilər. 1385-ci ildə "məmur istehsalı" sistemində köklü dəyişikliklər edildi. Əgər sınaqdan keçən şəxs imtahanlarda birinci və ya ikinci dərəcəli tszinşi kateqoriyası alırdısa, onu Xanlin Akademiyasında xidmətə göndərirdilər ki, buradan da o, yüksək dövlət vəzifəsinə təyin oluna bilərdi. İmperator Çju Yuançjanın bu və digər islahatları ona gətirib çıxardı ki, onun hakimiyyəti dövründə dövlət imtahanlrı düz XX əsrin sonuna qədər demək olar ki, dəyişiklikliyə uğramadan fəaliyyət göstərən sistem şəklini aldı. Nankindəki ilk paytaxt Çinin iqtisadi cəhətdən uzaq rayonunda idi. Buna görə də vətəndaş müharibəsindən sonra taxt-tacı ələ keçirmiş imperator Çen-tszu (Yun Le) 1421-ci ildə paytaxtı Nankindən Pekinə köçürdü. Onun rəhbərliyi altında Qapalı şəhər kimi də məşhur olan imperiya sarayı tikilmişdi.

Min dövrünün ikinci yarısında avropalılarla əlaqələr qurulmağa başladı. Monqolların hakimiyyəti zamanı çinlilərin alçaldılması ilə bağlı xatirələrə üstün gəlmək üçün Min imperatorları əcnəbi olan hər şeyə yuxarıdan baxırdılar. XVI-XVII əsrlərdə avropalı tacirlər Çinə səfər etdikdə Min hökmdarları onlarla tabeliyində olan şəxslər kimi davranırdılar. Bundan başqa, çinlilər belə hesab edirdilər ki, avropalıların ticarət fəaliyyəti qaçaqmalçılıq və dəniz quldurluğu ilə bağlıdır. Çinlə ilk əlaqələri portuqallar qurmuşdular. 1517-ci ildən başlayaraq portuqal tacirlər bir sıra sahilboyu şəhərlərdə öz məskənlərini salmağa başladılar. Lakin Çin hakimiyyəti 50 ildən sonra bu məskənlərdən Quançjou yaxınlığında olan yalnız bir portuqal koloniyası Makaonu saxlamışdılar. 1624-cü ildə hollandlar Tayvanı tutur. 1582-ci ildə italiyalı yezuit-missioner Matteo Riççi (1552-1610-cu illər) Makaoya gəlir. Sonralar o, çinlilər tərəfindən qəbul edilir və Pekində daimi yaşamağa icazə verilmiş ilk əcnəbi olur. 1628-ci ildə şimal-qərbdə mülkədar ailəsindən olan Li Tszıçenin başçılığı altında qiyam qalxır. 1642-ci ildə Li Tszıçen Çinin şimalının hakimi olur, 1644-cü ildə isə o, Pekini tutur. Sonuncu Min imperatoru özünü asır. Qiyamı yatırmaq məqsədilə Min generalı U Sanquy kömək üçün Mancurlara müraciət edir, onlar XVII əsrin birinci yüzilliyində Tsin ("Saf") dövləti yaratmışdılar ki, buna da Abaxay xan başçılıq edirdi. Mancurlar qiyamşçılara divan tutub Abaxay xanın oğullarındanbirini Çin imperatoru elan etdilər və bunula da yeni Tsin sülaləsinin əsasını qoydular.

 

Tsin sülaləsi

Pekini 1644-cü ildə tutmalarına baxmayaraq mancurlar bütün Çinə nəzarət etməyə yalnız 1683-cü ildə nail oldular. Mancurlar da monqollar kimi əcnəbi idilər. Lakin monqollardan fərqli olaraq mancurlar imperiyaya nəzarəti ələ almamışdan öncə Çin mədəniyyətinin bir çox elementlərini götürmüşdülər. Mancurlar neokonfutsiçiliyi dəstəklədilər və Min siyasi sistemini modelləşdirdilər. Mancurların hakimiyyəti çinlilər üçün XIII əsrdə monqolların hakimiyyətindən daha məqbul idi. Buna görə də onların hakimiyyəti birinci halda olduğu kimi 89 il yox, 267 il davam etmişdir.

   Kansi (1662–1722)

Mancur dövründə çinlilərə inamsızlıqdan dövlət imtahanlarının keçirilməsində ayrı-seçkilik siyasəti həyata keçirilirdi. Mancurlar bütün əhalinin cəmi 3%-ni təşkil etsələr də, onlara da çinlilərlə bərabər namizəd kvotası həyata keçirilirdi. Buna görə də mancur namizədlər imtahanlara çox da böyük səy göstərmirdilər. Əksinə, çinlilər çətin vəziyyətə salınırdılar və imtahandan keçənlər adətən parlaq intellektuallar idilər. 1681-1796-cı illər arası Tsin imperiyasının sabitlik və inkişaf dövrü idi. İmperiyanın nüfuz dairəsi Monqolustan, Tibet və Mərkəzi Asiyaya qədər yayılmışdı. Ticarət və kənd təsərrüfatı məhsullarının, sənaye və sənətkarlıq məmulatlarının istehsalı artmışdı. Çin əhalisi XVII əsrin sonlarında təqribən 100 milyon nəfərdən XIX əsrin ortalarında 400 milyona qədər sürətlə artmışdı. Mancur hökmdarlarından ən çox imperatorlar Kansi (1661-1722-ci illər) və Tsyanlun (1735-1796-cı illər) konfutsiçi idarə üsulunu dəstəkləyirdilər. Tsyanlun ali hakimiyyəti mancurlarda saxlamqala Min dövrünün idarəetmə prinsiplərini qəbul etmişdi. Tsyanlun Çini çinli qubernatorların rəhbərlik etdiyi 18 vilayətə bölmüşdü. Yerli adminstrasiya loyallıq göstərsə də, onlara mancurlar tərəfindən nəzarət olnumurdu. İmperatorlar Kansi və Tsyanlunun hakimiyyəti dövründə təhsildə bir sıra inkişaf nəzərə çarpırdı. Mancur hökmdarları buna müvafiq hər şeyin möhkəmləndirilməsinə və qorunmasına çalışırdılar. Buna görə də klassik ədəbiyyata üstünlük verilirdi, yenilik yaxşı qarşılanmırdı. İctimai məktəb sistemi varlı ailələrdən olan oğlanlar üçün məktəblərdən və milli və əyalət məktəblərindən ibarət idi. Mancurlar üçün xüsusi məktəblər mövcud idi, Çin kitabları Mancur dilinə tərcümə olunurdu.

XVIII əsrin sonlarında əhalinin sürətli artımı torpaq çatışmamazlığına gətirib çıxardı. Hərbi sistem korlandı və sarayda korrupsiya artdı. 1796-cı ildən 1804-cü ilədək buddist ideyalarına əsaslanan “Ağ lotos cəmiyyəti” üsyanı baş verdi. 1813-1814-cü illərdə Şimali Çində “Səmavi idrak cəmiyyəti” üzvləri qiyam qaldırdı.

 

Çində feodal mülklərinin meydana gəlməsi

Xuan Çao üsyanı

Çində torpaq imperatorun mülkiyyəti saydırdı. Kəndli kiçik torpaq payı alır, dövlətə vergi verirdi. Feodallar dövlət torpaqlarını tuturdular. Beləliklə, yüzlərlə kəndlisi olan feodal mülkləri meydana gəldi. Feodal zülmü gücləndi. Bu isə kəndlilərin üsyanına səbəb oldu, onlar böyük dəstələr yaradıb vilayətləri bir-birinin ardınca ələ keçirirdilər. 874-cü ildə Çinin şimal-şərqində Xuan Çaonun başçılığı ilə kəndli üsyanı baş verdi. Üsyançılar böyük bir ordu yaratdılar. Üsyançılar cənuba doğru irəliləyərək əvvəlcəQuançjou (Kanton) şəhərini, sonra isə ölkənin paytaxtıÇanan şəhərini ələ keçirdilər. İmperator qaçdı. Xuan Çao imperator elan edildi. Vergilər ləğv olundu, imperator anbarlarından kəndlilərə taxıl paylandı. Imperator və feodallar ölkənin şimalında yaşayan köçəri mancurların köməyi ilə üsyanı 884-cü ildə yatırdılar. Üsyan zamanı öldürülmüş feodalların torpaqları kəndlilərin əlinə keçdi, kəndlilərin vəziyyəti, müvəqqəti olsa da, yüngülləşdi.

 

Sun sülaləsinin hakimiyyətə gəlməsi

Çjurçjenlərə qarşı mübarizə

Üsyandan sonra yarım əsr ölkəni ara müharibələri bürüdü. Çinin şimalında beş sülalə qısa müddətdə bir-birini əvəz etdi. 960-cı ildə Sun sülaləsinin hakimiyyəti bərqərar edildi. Bu zaman Çinin şimal-şərqində çjurçjen tayfaları yaşayırdılar. Əvvəllər onlar Çindən asılı idilər. Sonra güclü ordu yaradaraq asılılıqdan qurtardılar və özlərinin Tsin (qızıl) imperiyası adlanan döv­lətini qurdular. Onlar Şimali Çinə qoşun yeridib paytaxtı tutdular, danışıq aparmaq üçün onların yanına gəlmiş imperator və oğlunu əsir aldılar. Uzun sürən müharibədən sonra Çin imperatoru onlarla sülh bağladı. Çjurçjenlər tutduqları torpaqları əllərində saxladılar. Çin onların vassallı oldu və çoxlu xərac verdi.

 

Yeni dövr (1840-1919)

XIX əsrə qədər Çin hökuməti xarici ticarət üçün ancaq Quançjou limanından istifadə edir, əcnəbilərlə Çin arasındakı əlaqələri ciddi nəzarətdə saxlayırdı. Çin qərbə böyük miqdarda çay və ipək ixrac edir, lakin çox az xarici mal alırdı. Ticarəti balanslaşdırmaq üçün avropalı tacirlər XIX əsrin əvvələrində Çinə tiryək gətirməyə başladılar ki, bundan da narkotik maddə kimi istifadə Çin üçün əsil fəlakətə çevrildi.

Çinlilər tiryək idxalını qanundankənar elan etdilər və avropalılar onun qaçaqmalçılığı ilə məşğul olmağa başladılar. Bununla əlaqədar olaraq tiryəkə ödənc kimi gümüşün böyük axını Çin iqtisadiyyatını ciddi olaraq pozurdu. 1839-cu ilin martında çinli məmurlar Quançjouda britaniyalı tacirlərə məxsus 20 min yeşik tiryəki tutmaqla qayri-qanuni ticarətin qarşısını almağa çalışdılar. Bu Britaniya hərbi gəmilərinin Çin donanmasına 1839-cu ilin noyabrında hücumu üçün əsas oldu. Çin və İngiltərə arasında Birinci tiryək müharibəsi başlandı. İngiltərə 1842-ci ildə başa çatan bu müharibəni asanlıqla uddu. Nankin razılaşmasına əsasən Çin böyük təzminat verməli oldu, Honkonq adası İngiltərəyə verildi, britaniyalı tacirlər üçün isə beş Çin limanı açıldı. Oxşar müqavilələri Çin 1844-cü ildə Birləşmiş Ştatlar və Fransa ilə, 1851-ci ildə isə bir neçə digər Avropa ölkələri ilə imzalamalı oldu.

İngiltərə və Fransa tərəfindən Çinə qarşı başlanılan İkinci tiryək müharibəsi 1856-cı ildən 1860-cı ilə qədər davam etmişdir. Bu müharibədə məğlub olan Çin əcnəbilərlə ticarət üçün əlavə limanlar açmalı və missionerlərin Çində yaşamasına icazə verməli oldu. Qərb ölkələri Pekində daimi diplomatik nümayəndəliklər aça bilərdilər. İngiltərə Tsyulun yarımadasını öz Honkonq koloniyasına əlavə etdi, Rusiya Amurdan şimala və Ussuri çayından şərqə bütün Çin ərazilərini aldı.

Tiryək müharibələri cənubi Çinin iqtisadiyyatını darmadağın etdi, bu da bir çox kəndli üsyanlarına səbəb oldu. Onlardan ən böyüyü Xun Syutsyuan, Yan Syutsin və digərlərinin başçılığı altında taypinlər üsyanı idi. Taypinlər xristianlığı qədim Çin ideyaları ilə birləşdirən yarımdini qrup idilər. Mancur hakimiyyətinə nifrət əlaməti olaraq taypinlər açılıb tökülmüş saç saxlayırdılar, bu səbəbdən də "uzunsaçlılar" ləqəbi almışdılar. 1851-ci ildə onlar üsyanın başlanmasını elan etdilər, 1853-cü ildə isə qiyamçılar Yantszı vadisində paytaxt Nankin olmaqla "Böyük səadət səmavi dövlətini" (Taypin tyanqo) qurdular.

1864-cü ildə, 14 illik vətəndaş müharibəsindən sonra hökumət qoşunları taypinləri darmadağın edə bildi. Bu zaman Tsin sülaləsi əcnəbi hökumətlərdən bəzi hərbi kömək aldı, onlar əvvəllər bağlanmış qeyri-bərabər müqavilələri qüvvədə saxlamaq üçün sülalənin qalmağını istəyirdilər.

1870-ci ildən 1885-ci ilədək qərb ölkələri ilə davam edən bir sıra münaqişələr 1894-cü ildə başlanan Çin-yapon müharibəsi ilə əvəz olundu. Çinlilər quruda və dənizdə bir neçə sarsıdıcı məğlubiyyətə uğradılar. 1895-ci ilin aprelində sülh müqaviləsi imzalandı. Müqaviləyə əsasən Çin böyük təzminat verməli, yapon tacirləri üçün Çinin daxili rayonlarının qapılarını açmalı və Koreya üzərində Yaponiyanın nəzarətini tanımalı idi. Çin həmçinin 1683-cü ildə bəri idarə etdiyi Tayvan adasını da Yaponiyaya verməli oldu. Danışıqlar gedişində İngiltərə, Fransa, Almaniya və Rusiya dağılmaqda olan Çin imperiyasını ticarətdə onlara daha artıq hüquqlar verməyə məcbur etdi.

Bu dövrdə Çin çoxsaylı Avropa koloniyalarına bölünməkdə idi. Lakin yerli milli-vətənpərvər əhval-ruhiyyənin artması ölkənin məhv olmasının qarşısını almağa kömək etdi. 1899-cu ildə Birləşmiş Ştatlar digər qərb dövlətlərini açıq qapı siyasətini qəbul etməyə inandırdı, bu da bütün ölkələrin Çinlə bərabər əsaslı ticarət hüququnu təmin edirdi. Ayrı-ayrı dövlətlər arasında rəqabət bu siyasətin qəbul olunmasına əsas oldu.

XIX sonunda bir çox çinli qərb ideyalarının Çində yayılmasına şiddətlə etiraz edirdi. Çin qiyamçıları bu təsirlərlə mübarizə aparmaq üçün gizli cəmiyyətlər yaradırdılar. Avropada "boksçular" adlandırılan İxetsyuan ("Ədalət və həmrəylik naminə yumruq") gizli antimancur təşkilatının üzvləri Pekindəki əcnəbi diplomatlar məhəllələrinə hücum etmişdi. Onlara Tsin ordusu dəstək verirdi. Lakin birləşmiş Avropa qoşunları bu üsyanı tez yatırdı. Hökumət adminstrasiyası qərb ölkələrini öz loyallığına inandırmaq üçün var gücü ilə çalışırdı. 1911-ci il müqaviləsinə əsasən Çin 450 milyon kompensasiya ödəməli və öz ərazisində xarici qarnizonların yerləşməsinə icazə verməli idi.

1901-ci ildən sonra bir sıra islahatlar keçirməyə səy göstərildi.Mancurlar dövlət qulluğuna qəbul üçün konfutsiçi ekspertizanı ləğv etdilər, müasir məktəblər yaratdılar və tələbələri xaricə təhsil almağa göndərdilər. Onlar həmçinin ordunu qərb nümunəsi ilə yenidən təşkil etdilər. Bundan başqa, Tsin sarayı mərkəzi hökuməti yenidən təşkil etdi, konstitusiya qəbul etməyi vəd etdi və vilayətlərə öz qanunvericilik orqanını seçməyə icazə verdi. Lakin mancur islahatları Tsin sülaləsini xilas etmək üçün çox gec idi. Çinin 1895-ci ildə Yaponiyaya məğlub olmasından sonra burada respublika qurulmasına yönləldilmiş hərəkat vüsət almağa başlamışdı. Daha əvvəl, 1894-cü ildə, Qavayyada ixtisasca həkim Sun Yatsen (1866-1925-ci illər) tərəfindən "Çin intibah birliyi" ilk Çin inqilabi təşkilatı yaradılmışdı. Təşkilat Quançjouda üsyan qaldırmağı planlaşdırırdı. Lakin plan müvəffəqiyyətsizliyə uğradı. Sun Yatsen güclə gizlənə bildi. 1905-ci ildə Yaponiyada olan Sun Yatsen bir neçə inqilabi qrupalrı birləşdirdi və "Çin birləşmiş inqilab ittifaqı"nı formalaşdırdı. Onun prinsipləri üç "Xalq prinsipləri": müstəqillik, demokratiya və xalq hakimiyyətindən ibarət idi.

Sun Yatsen millətçilik dedikdə mancur hakimiyyətinin devrilməsi, xalq hakimiyyəti dedikdə – monarxiya əvəzinə respublika, xalqın rifahı dedikdə isə – hər əkinçinin öz tarlası başa düşürdü.

1905-ci ildən 1911-ci ilədək "Birləşmiş ittifaqın" üzvləri mancurlara qarşı bir sıra uğursuz silahlı üsyan təşkil etdilər. Nəhayət, Çin təqvimi ilə Sinxay ili sayılan 1911-ci ilin 10 oktyabrında sənaye şəhəri olan Uçanda bir qrup əsgər uğurla nəticələnən üsyan qaldırdı və bunula da "Sinxay üsyanının" əsasını qoydu. Dekabrın əvvəllərində bütün mərkəzi, cənubi və şimal-qərbi vilayətlər müstəqilliklərini elan etdilər. Birləşmiş Ştatlarda olan Sun Yatsen Çinə qayıtdı. İmperator Pu İ taxtdan salındı. 19 dekabr 1911-ci ildə Sun Yatsen Nankində Çin respublikasının müvəqqəti prezidenti postuna seçildi. Lakin onun hərbi dəstəyi yox idi və hakimiyyət faktiki olaraq elə həmin mancur sülaləsinin hərbi qüvvələri komandanı Yuan Şi Kayın əlinə keçdi. O, Sun Yatsenə ultimatum verdi: ya o, Yuan Şi Kayın xeyrinə hakimiyyətdən imtina edir və bu halda xarici dövlətlər inqilabı tanıyır ya da xarici müdaxilə və digər çətinliklər baş verəcək. Sun Yatsen inqilabın rifahı naminə öz postundan əl çəkir və Pekində hakimiyyətə hərbçilərin "Beyyan" adlandırılan şimal güruhu gəlir. Bu vaxtdan etibarən Çin yeni fəlakətə – regionçuluğa qərq olur və ölkədə bir neçə hakimiyyət mərkəzləri yaranır. Hər bir hərbçi öz ordusuna malik idi, onlar orduya məcburən yeni əsgərlər yığır, öz vergi və maliyyə mənbələrini təyin edir, kəndliləri talan edirdilər. Çin faktiki olaraq bir neçə mahal knyazlıqlarına parçalanmışdı. Onlardan ən güclüsü Yuan Şi Kayın başçılıq etdiyi dəstə idi. Lakin Sun Yatsen ölkənin cənubunda demokratik qüvvələri bir yerə cəmləşdirməyə və Qomindan partiyasını (Qo – dövlət, Min – xalq, Dan – partiya), yəni Xalq və dövlət partiyasını yaratmağa müvəffəq oldu. Partiyanın əsas bazası ölkənin cənubunda Kantonda (Quançjou) yerləşirdi. Nəticədə Çində iki başlıca hakimiyyət mərkəzi əmələ gəldi: Yuan Şi Kayın başçılığı ilə şimal hərbçilərinin yerləşdiyi Pekin və Sun Yatsenin inqilabi demokratik hökumətinin olduğu Quançjou. Qısa bir zaman kəsiyində Yuan Şi Kayın imperatorun devrilməsindən sonra yaradılmış parlamenti buraxdı və 1913-cü ildə Qomindana qadağa qoydu, baxmayaraq ki, o, faktiki olaraq fəaliyyətini cənubda davam etdirirdi.

Bu dövrdə Yaponiya Çinin başlıca xarici düşməninə çevrilmişdi. Artıq I Dünya müharibəsi başladıqda, 1915-ci ildə, Yaponiya Çinə 21 alçaldıcı tələb irəli sürdü və Yuan Şi Kay onları qəbul etməli oldu. 1916-cı ildə o, öldü və varisi yapon hökmranlığından azad olmaq məqsədilə 1917-ci ildə Almaniya və Avstriya-Macarıstana müharibə elan etdi. Çinin Avstriya-Macarıstana qarşı müharibədə iştirakı Avropaya, orada hərbi yollar tikmək üçün, 130 min yük daşıyan fəhlə göndərməyində ifadə olunurdu. Lakin çinlilərin ümidləri doğrulmadı. Belə ki, 4 may 1919-cu ildə Versal müqaviləsi imzalandı, buna da müvafiq olaraq Almaniya İmperiyasının Çin torpağında olan koloniyaları Yaponiyanın protektoratına keçdi. Bu rüsvayçı şərtlər Çində 4 may hərəkatı ilə nəticələnən güclü vətənpərvərlik hisslərinin artmasına səbəb oldu.

 

Çinin ən yeni tarixi

Bu dövr Çin tarixinə ən yeni mərhələ kimi daxil olmuşdur. "4 may" hərəkatı Çin inqilabının köhnə demokratik mərhələdən yeni demokratik mərhələyə keçidini göstərirdi. O, Çində marksizm-leninizmin yayılmasına və bu təlimin ölkənin inqilabi praktikası ilə birləşməsinə səbəb oldu. Hərəkat Çin Kommunist partiyasının təşəkkül tapması üçün ideoloji və kadr bazası yaratdı. Bu hərəkatın əsas hərəkətverici qüvvəsi Pekin tələbələri, professorları və ümumilikdə bütün intelegensiya idi. Bu qərarlara qarşı etirazlar dalğasında ilk dəfə olaraq siyasi səhnəyə Çin fəhlə sinfi çıxdı. Sun Yatsen inqilabi mərkəzi ilə yanaşı, 4 may 1919-cu ildə Kantonda Pekin universitetinin sosioloq-professoru və Çinin ilk marksistlərindən biri Li Daçjao öz yanında işə götürdüyü Xunan əyalətindən olan kitabxanaçı Mao Tszedun və Pekin universitetinin rektoru, İntelegensiyanın böyük nümayəndəsi Çen Dusyu ilə birlikdə Çində ilk marksist dərnək yaratdılar. Analoji dərnək həmçinin Fransada təhsil almaqdan qayıtmış Çjou Enlay tərəfindən yaradılmışdı. Bu situasiyada Komintern başa düşürdü ki, Çində inqilabi vəziyyət meydana gəlir, partiyanın yaranması üçün şərtlər yetişir və tezliklə oraya öz nümayəndələrini göndərir. Lakin bu nümayəndə heyətinin qarşısında mürəkkəb problem dururdu: Çində kimə ümid etməli. Bir tərəfdən Sun Yatsen artıq yetkinləşmiş Qomindan partiyası ilə real güc təşkil edirdi, digər tərəfdən isə ölkədə yaranan marksist dərnəklər onların əsasında əsl marksist partiya formalaşdırmağa imkan verirdi. Çox mürəkkəb danışıqlar əsasında kompromis qərara gəlmək qəbul olundu: 1 iyul 1921-ci ildə təsis edilmiş Çin Kommunist Partiyası Kominternə və Qomindana kollektiv üzv kimi daxil olur. Həyatının son illərində Sun Yatsen daha solçu istiqamət almışdı. Öz üç başlıca prinsipləri: millətçilik, xalq hakimiyyəti və xalq rifahını sonralar o, üç digər prinsipdə ifadə edirdi: SSRİ ilə ittifaq, Kommunist Partiyası ilə ittifaq və fəhlə və kəndlilərə istinad. Çin Kommunist Partiyası Kominternin Qomindana kollektiv üzvlük haqqında tövsiyəsi üzərində çox düşündü, belə ki, o, başa düşürdü ki, onların məqsədi – kapitalist cəmiyyətinin yenidən forfmalaşdırılması – Qomindanın Milli-Demokratik inqilabdan, yəni yadelli müstəmləkəçilərin ölkədən qovulması və milli dövlətin yaradılmasından ibarət olan məqsədi ilə üst-üstə düşmürdü. Lakin 1921-ci ildə dünyaya gəlmiş Çinin gənc kommunist partiyası Kominternin dəstəyini, o cümlədən maliyyə və kadr dəstəyini itirməkdən qorxurdu.

1925-ci ildə Sun Yatsen vəfat edir və Qomindanın rəhbərliyində böyük dəyişikliklər başlayır. Çin Orduları komandanı – general Çan Kayşi daha çox üzə çıxır və özünü SunYatsenin varisi kimi təqdim edir. Onun həyat yoldaşı – Sun Meyin və Sun Yatsenin həyat yoldaşı – Sun Tsinmin bacı idilər, onların atası varlı kapitalist olmuşdu. Bu dövrdə Kantonda kommunistlərin qomindançılarla birgə yaratdığı Kəndli Hərəkatı Məktəbi fəaliyyət göstərirdi, burada Mao Tszedun dərs keçirdi. Kommunistlər torpağa görə icarə haqqının məhsulun 25%-dən çox olmamasını səsləndirən şüar təbliğ edirdilər ki, bu da o vaxtkı Çin şərtləri üçün böyük təkamül idi, çünki adətən kəndlilərdən bütün məhsulun 80%-ini alırdılar. Çin kommunistləri belə hesab edirdilər ki, klassik Komintern ölkələrindən fərqli olaraq Çində əsas kənd və kəndlilərdir, bu səbəbdən Çin inqilabı sənaye mərkəzlərindən başlamaqla və proletariata istinad etməklə qələbə çala bilməz, buna görə də o, ağırlıq mərkəzini kəndlərə yönəltməli, orada inqilabi baza, silahlı qüvvələr yaratmalı və sonda aqrar inqilabla ölkə miqyasında qalib gəlməlidir.

1926-cı ildə sovet təlimatçıları sayəsində özünü daha inamlı hiss edən Çan Kayşi Şimal yürüşünə başladı. Öncə o, Uxanı zəbt etdi və öz paytaxtını oraya köçürdü, sonra isə Şanxaya hücuma başladı. O zaman Şanxayda güclü və gizli kommunist fəaliyyəti mövcud idi. Çjou Enlay, professor Li Daçjao və digər kommunistlər orada ümumi tətil təşkil etməyə müvəffəq oldular və elə bu vaxt Çan Kayşinin qoşunları şəhərə yaxınlaşdılar. Beləliklə, kommunistlərin və qomindançıların uğurlu birgə fəaiyyəti nətiəsində 1927-ci ilin martında Şanxay alındı. Bu şimal hərbçilərinə qarşı mübarizədə çox böyük qələbə idi, lakin Çan Kayşi başa düşürdü ki, Şanxayın alınmasında kommunistlərin böyük əməyi onların reytinqini xeyli artırmişdır. 12 aprel 1927-ci ildə Çan Kayşi və Qomindanın sağ qanadı əksinqilabi çevriliş etdilər. Həmin gün Şanxayın libasını dəyişmiş qanqsterlərinin köməyilə Çin Kommunist Partiyasının əsasını qoyan professor Li Daçjao da daxil olmaqla çox sayda kommunist öldürüldü. 1928-ci ildə Çan Kayşi Pekinə tərəf hərəkət edir, ancaq Qomindanın paytaxtı 1949-cu ilə qədər Nankin olaraq qalır. Qeyd etmək lazımdır ki, hətta uğurlu şimal yürüşündən sonra Çin ərazisinin və əhalisinin yarısından azı Çan Kayşinin hakimiyyəti altında qalır. Belə ki, Çinin şimalında və şimal-şərqində hakimiyyət əsasən yerli hərbçilərin əlində idi, Çan Kayşi onlarla da mübarizə aparmasına baxmayaraq, əsas qüvvələr kommunistlərə qarşı idi. Şanxaydan qaçan Çjou Enlay və sonradan kommunist olan keçmiş Qomindan generalı Cu Qe 1 avqust 1927-ci ildə Nançanda Qomindanlara qarşı üsyan qaldırdı, bu tarix çinlilər tərəfindən milli-azadlıq ordusunun yaranması kimi qəbul edilir. Mao Tszedun isə Çanşada üsyan qaldırdı və Din Qan Şan dağlarında Cu Qenin partizanları ilə görüşdü. Beləliklə, birinci vətəndaş müharibəsi – Nançan üsyanı başlandı. O zaman Kommunist Partiyasının başında Tsin Jişun dururdu. Qeyd etmək lazımdır ki, Komintern direktivləri Çinin gənc Kommunist Partiyası üçün dağıdıcı idi, çünki Komintern təkid edirdi ki, Nançanda, Çanşıdə, Şanxayda hakimiyyəti özlərinə qaytarsınlar, yəni sənaye proletariatı uğrunda mübarizə aparsınlar. Bütün bu göstərişlər nəinki müvəffəqiyyətsizliyə uğradı, eyni zamanda kommunistlər üçün böyük itkilərə səbəb oldu, bu da Mao Tszedunu bir daha əmin etdi ki, Kominterni eşitməyə dəyməz və onda o, Kommunist Partiyasının rəhbərliyinə qarşı çıxmağa başladı. Kominternin səhv göstərişlərinin iflası ilə əlaqədar Çan Kayşi kommunistlərin kiçik və səpələnmiş bazaları ətrafında cəza yürüşləri dairəsini sıxmağa başladı.

Bu situasiyada kommunistlər strateji köçmə həyata keçirmək qərarına gəldilər – onlar Yantszı çayı rayonundan şimala, Şansi, Qansu və Ninsya əyalətləri qovuşuğuna getməyi qərara aldılar. Bununla da 20 min adamın 10 min li (5.000 km.) tarixi yürüşü başlandı, onlardan yalnız 2 mini – əsas kommunistlər son məntəqəyə çatdılar. 1935-ci ildə onlar Tszunyidə tarixi məşvərət keçirərək Komintern direktivlərini yenidən müzakirə etdilər və yürüşə rəhbərlik edən Mao Tszedunu Mərkəzi Hərbi Şuranın başçısı təyin etdilər. Bu dövrdən etibarən, 1945-ci ildə Partiyanın VII Qurultayında Baş Katib olmasına baxmayaraq partiyanın bütün işlərini faktiki olaraq o, idarə edirdi.

Bu yürüş zamanı daha bir hadisə baş vermişdi. 18 sentyabr 1931-ci ildə yapon qoşunları Mancuriyaya, Çinin üç şimal-şərq əyalətinə çıxardıldı və imperator Pu İnin taxt-tacına ikiyaşlı uşağı oturtdular. Bu Yaponiyanın Çinə qarşı təcavüzünün başlanğıc mərhələsi idi. 1937-ci ilin 7 iyulunda Uluntsyao körpüsü yaxınlığında Yaponiya Çinə qarşı artıq irimiqyaslı hərbi əməliyyatlara başladı. Bu mərhələdə Sovet İttifaqı birinci növbədə Çin inqilabının qələbəsi naminə, ikincisi isə öz təhlükəsizliyi üçün Mao Tszedun və Çan Kayşinin birləşib yapon təcavüzünü dəf etməsində maraqlı idi. Atasına təzyiq göstərmək məqsədilə Sovet İttifaqı Çan Kayşinin bu dövrdə Uralmaş zavodunda işləyən oğlundan istifadə edirdi. Lakin bütün bunlar nəzərə carpacaq nəticələr vermirdi. Bu zaman Çan Kayşi Sianda general Çtan Syuelyanın başçılığı ilə şimal hərbçiləri tərəfindən ələ keçirilmişdi və şimal hərbçiləri ilə danışıqlara gələn Çjou Enlay faktiki olaraq onun həyatını xilas edir. Bir kommunist tərəfindən xilas edilməsi Çan Kayşidə böyük təəssürat döğurur və bu hadisə bütün sonrakı proseslərə təsir göstərir. Beləliklə, 1937-ci ilin sentyabrında Çan Kayşi və Mao Tszedun birgə cəbhə haqqında, Qomindan və Kommunist Partiyası arasında hər hansı silahlı mübarizənin dayandırılması barədə razılığa gəldilər. Çin Qırmızı Ordusunun adı səkkizinci inqilab ordusu ilə əvəz olundu və o, Qomindan xalq-inqilabi ordusunun hissəsi oldu. Çan Kayşi Ali baş komandan təyin edildi, sonralar isə partizan dəstələrində yeni dördüncü ordu yaradıldı ki, bu da Çan Kayşinin komandanlığında idi. 9 may 1945-ci ildə Almaniya məğlub edilsə də, Çin cəbhəsində dönüş nöqtəsi yalnız 8 avqust 1945-ci ildə Sovet Ordusunun Mancuriyada Kvantun ordusunu darmadağın etməsindən sonra başlanmışdır. Təslim edilmiş yaponların bütün silahları Çin Kommunist Partiyasına verildiyindən o, öz qoşunlarını yenidən silahlandıra bildi. Artıq Amerika linkornu Missuridə Yaponiyanın kapitulyasiya aktı imzalananda kommunistlərin milyonluq yaxşı silahlanmış ordusu var idi.

Tezliklə Kommunist Partiyası ilə Çan Kayşi arasında münaqişə yarandı və o, özünün təqribən iki milyonluq tərəfdarı ilə Tayvana qaçmalı oldu, və bu zaman özü ilə ölkənin bütün qızıl ehtiyatını və böyük miqdarda daş-qaş götürdü.

Beləliklə, Çində vətəndaş müharibəsi başa çatdı, belə ki, 7-ci Amerika donanmasının ucbatından Çin Tayvan boğazını keçə bilmədi. Öz növbəsində Çan Kayşi qısa müddət ərzində yerli hakimiyyətin müqavimətini qırıb Tayvanda möhkəm Qomindan hakimiyyəti yaratdı. Yapon kapitulyasiyasının şərtlərinə əsasən Çinə yenicə qaytarılmış Tayvan təzədən itirildi. 1949-ci il sentyabrın 21-dən 30-dək Pekində Çin Xalq Siyasi Məşvərət Şurasının (ÇXSMŞ) sessiyası keçirildi, onun işində müxtəlif partiyaların, xalq təşkilatlarının və əhali təbəqələrinin nümayəndələri, o cümlədən bitərəf demokratik xadimlər iştirak edirdi. Sessiya müvəqqəti Konstitusiya rolunu oynayan "Ümumi proqram" qəbul etdi, Mərkəzi xalq hökuməti şurasına seçkilər keçirdi, bunun da sədri Mao Tszedun seçildi. Çjou Enlay ÇXR İnzibati Şurasının sədri və xarici işlər naziri təyin olundu. Oktyabrın 1-i Pekində Tyananmen meydanına təntənli mitinqə yığışan 300 min insanın iştirakı ilə Sədr Mao Tszedun Çin Xalq Respulikasının yarandığını rəsmi olaraq elan etdi.

Kommunistlər hakimiyyətə gəldikdən sonra ilk növbədə kəndlərdə kollektivləşmə prosesinə başladılar. Çində kollektivləşmə qolçomağlığın bir sinif kimi ləğv edilməsi əsasında aparılmadı, əksinə onlar nümunəvi sahibkarlar kimi qəbul edildi və digərləri onlarla bəhsə başladı. Əvvəlcə onlar qolçomaqların ətrafında muzdlu işçi adlandırılan qarşılıqlı kömək üçün əmək briqadaları yaratdılar. İstehsalın artım həddi ilə onlar yüksək tipli kooperativlərə çevrildi. Bu yolla onlar kənd təsərrüfatının kollektivləşməsinə tədricən gəldilər. Çində kollektivləşmə ona görə lazım idi ki, torpaqdan rasional istifadə edilsin və bu da öz müsbət izini buraxdı. Çində kollektivləşmənin inkişafı Rusiyada olduğu kimi istehsalın azalmasına gətirib çıxarmadı, əksinə artım baş verdi. Şəxsi istehsalat və ticarətdə islahatlarla əlaqədar Mao Tszedun deyirdi: "Bizə təkcə kapitalistlərin cibində deyil, həm də onların başındakı kapital lazımdır". Hər şeydən öncə çinlilər Cənub-Şərqi Asiyada yaşayan diasporaya göz gəzdirdilər və onların hər zaman Çinə kömək edən Honq Konqu var idi. Xüsusilə Şanxayda çox olan şəxsi müəssisələr dövlət xüsusi müəssisələrinə çevrilirdilər.

1953-1956-cı illərdə irimiqyaslı sosial dəyişikliklər həyata keçirilmiş, beşillik plan (1953-1957) vaxtından əvvəl yerinə yetirilmişdi. İstehsalatın baza sahələrinin bütöv sırası yaradılmışdı. Çində ilk dəfə olaraq sənaye ölkəsi üçün zəruri olan təyyarəqayırma, avtomobil sənayesi, ağır və dəqiq maşınqayırma, energetika, metallurgiya və mədən avadanlıqları istehsalı, çoxaşqarlı polad və əlvan metal əridilməsi meydana gəlmişdi.

"Elm və texnikanın inkişafının 12 illik proqramı (!956-1967)" vaxtından bir il əvvəl yerinə yetirildi, elm və texnikanın bir çox yeni sahələrinin inkişafı daha sürətli templərlə gedirdi. Bu onilliyin gedişində ÇKP və Çin hökuməti tərəfindən işlənmiş idarəedici kursda bir sıra ciddi səhvlər də üzə çıxmışdı ki, bu da xalq təsərrüfatında çətinliklər törədirdi. 1966-cı ilin mayından 1976-cı ilin oktyabrınadək davam edən "Böyük mədəni inqilab" ÇKP MK Sədri Mao Tszedun tərəfindən başlanılmışdı və onun rəhbərliyi altında həyata keçirilirdi. Lin Byao və Tszyan Tsinin başçılıq etdiyi əksinqilabi qruplaşmalar Mao Tszedunun ömrünün son illərində buraxdığı səhvlərdən istifadə etdilər və onun arxasınca ölkəyə və xalqa fəlakət gətirən geniş fəaliyyətə başladılar. Dövlətə və onun vətəndaşlarına ÇXR qurulduqdan sonrakı bütün müddət ərzində ən ağır itki və ən ciddi ziyan vuruldu. "Mədəni inqilab" zamanı Mao Tszedun ciddi səhvlər buraxmışdısa da, onun bütün həyat və fəaliyyəti təsdiq edir ki, Çin inqilabı qarşısında onun xidmətləri buraxılan xətalardan qat-qat üstündür.

1976-cı ilin oktyabrında Çin Kommunist partiyası geniş xalq kütlələrinin dəstəyi ilə Lin Byao və Tsyan Tsinin əksinqilabi qruplaşmasını darmadağın etdi. Çin yeni inkişaf dövrünə qədəm qoydu. 1977-ci ilin iyulunda bütün ölkənin təkidli tələbi ilə Den Syaopin "mədəni inqilab" zamanı kənarlaşdırıldığı bütün partiya və dövlət postlarına bərpa olundu. 1978-ci ilin dekabrında keçirilən 11-ci çağırış ÇXR MK-nın 3-cü plenumu Yeni Çinin yarandığı dövrdən ölkənin həyatında ən böyük dönüş demək oldu, onun qərarları ölkə və xalq üçün köklü əhəmiyyət daşıyır. 1978-ci ildən Çin islahatlar və xarici əlaqələrin genişləndirilməsi siyasətini tətbiq etməyə girişdi və bu zaman "mədəni inqilab" dövründə və ondan əvvəlki illərdə üzə çıxan solçu səhvləri tamamilə və işgüzarcasına aradan qaldırdı. Bu zaman ölkənin modernləşdirilməsinin həyata keçirilməsi, xalq təsərrüfatının hərtərəfli proporsional inkişafı, iqtisadi və siyasi sistemin islahatı əsas götürülərək tədricən sosialist modernləşməsinin Çin spesifikası ilə həyata keçirilməsinin istiqamətlərini müəyyənləşdirilirdi. 30 ildən artıq islahatlar və açıqlıq siyasəti ərzində Çinin siması mühüm dəyişikliklərə uğramışdır. Bu gün ölkədə şərait ÇXR-in bütün dövründən yaxşıdır, bu da xalqa daha çox maksimal səmərə və fayda gətirir.

Bu fəsilin sonunda oxucuların diqqətini aşağıdakılara cəlb etmək istərdik. Bütün tarixi ərzində Çində bir çox parlaq şəxsiyyətlər olmuşdur. Onlar öz xalqına və bütövlükdə bəşər cəmiyyətinə böyük töhfələr vermişlər. Bu insanların arasında filosoflar, həkimlər, sərkərdələr, siyasətçilər, imperatorlar və başqalrı olmuşdur. XX əsr Çin tarixində dörd parlaq şəxsiyyəti ayırmaq olar: Sun Yatsen, Çan Kayşi, Mao Tszedun və Den Syaopin. Onlar öz ölkələri və xalqları üçün bir çox faydalı və əhəmiyyətli işlər görmüşlər. Onlardan biri demokrat, digəri – amerikayönümlü xadim, başqa biri kommunist, digəri isə praqmatik olmuşdur. Lakin bütün bu şəxsiyyətlər hamısı öz təfəkkür formalarına və bunları kütlənin şüuruna çatdırma metodlarına görə eynidirlər və xarakterlərindəki fərqlərə baxmayaraq onların bütün səyləri məhsuldar olmuşdur. Çinlilər onları eyni cür sevir və yad edirlr. Çinlilərüçün onlar hamısı birdir, belə ki, hamısının arxasında xüsusi Çin yolu ideologiyası durur.

 

Çin mədəniyyəti

Texniki kəşflər

Erkən orta əsrlərdə çinlilər təsərrüfat və mədəniyyət sahəsində bir sıra uğurlar qazandılar. III-V əsrlərdə çinlilər xüsusi gildən və bəzi dağ süxurlarından çini qablar hazırlayırdılar. Çin sənətkarları daş kömürlə dəmir əritməyi, II əsrdə kağız istehsal etməyi, VI-VIII əsrlərdə kitab çap etməyi öyrəndilər. 1041-1048-ci ildə Çin sənətkarı Bi Şen ayrı-ayrı heroqliflərlə kitab çapının əsasını qoydu. XI əsrdən etibarən ayn-ayrı heroqliflərdən ibarət yığına şriftlər ixtira edildi. VIII əsrdə Çinin paytaxtında "Paytaxt xəbərləri" ilk gündəlik qəzet çap olunmağa başladı. Çin dənizçiləri qədimdə ixtira edilmiş kompası artıq XI əsrdə işlədirdilər. Çində II əsrdə Seysmoskop, III əsrdə spidometr ixtira edilmişdir.

 

Maarif və elm

Çində maarif və elm inkişaf edirdi. Müxtəlif sahələrə (əkinçilik, ipəkçilik və s) dair dərsliklər çap olunurdu. Hər bir imperatorun dövründə əvvəlki sülalələrin tarixinə dair çoxcildli kitablar çap edilirdi. Çinlilər deyirdilər: "Keçmişi unutma, o, gələcəyin müəllimidir". Çin səyyahları Mərkəzi Asiya, Hindistan, İndoneziya xalqlarının məişətini təsvir etmişlər. Tibb inkişaf etmiş, Xan sülaləsi dövründə ilk "Farmakologiya kitabı" yazılmışdı. VII əsrdə alimlər palatası yaradıldı və sonralar Xan akademiyasına çevrildi.

 

Bədii ədəbiyyat

VIII-IX əsrlər Çin poeziyasının "qızıl dövrü" adlanır. VIII əsrdə yaşamış Du Fu "Cəng arabaları haqqında mahnı" poemasında mübarizə aparan kəndliləri müdafiə edirdi.

 

Memarlıq və incəsənət

III-IV əsrlərdə buddizmin təsiri ilə çoxpilləli qüllələr, mağara-məbədlər inşa edilirdi. Çində budda dini əşyalarını saxlamaq üçün paqodalar (pavilyon şəklində budda məbədləri) tikilirdi. Çin rəssamları kağız və parça üzərində rənglərlə zəngin gözəl peyzajlar, — təbiət mənzərələri yaradırdılar. Çində bu mənzərələrə "dağlar və sular" deyirdilər. Rəssamlar meyvələr, çiçək, quş və s. şəkillər çəkirdilər. Belə şəkillər "çiçəklər və quşlar" adlanırdı. Çinin paytaxtında rəssamlıq akademiyası açılmışdı. VI əsrdə "Tənna səhləb çiçəyi" adlı musiqi pyesi ilk dəfə nota alınmışdı. VIII əsrdə balet tamaşaları geniş yayılmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR