“Çelsi”nin qapısını Kepa Arisabalaqa qoruyacaq
İngiltərənin “Çelsi” klubu Tibo Kurtuanın əvəzləyicisini tapıb.
AZƏRTAC xəbər verir ki, İspaniyada “Atletik Bilbao” klubunda çıxış edən 23 yaşlı Kepa Arisabalaqa yeni mövsümdən “Çelsi”yə transfer olunur. Londona yollanan qapıçı ilə beşillik müqavilənin imzalanması nəzərdə tutulur.
Daha əvvəl yerli KİV bildirirdi ki, klub Kepa üçün 80 milyon avro ödəməyə razılıq verib.
K.Arisabalaqa 2016-ci ildən Bilbao təmsilçilərinin şərəfini qoruyub. Kepa Arisabalaqa İspaniya “La Liqası”nda iki mövsümdə 54 oyuna çıxıb, onların 15-də qapısını toxunulmaz saxlayıb.
Bununla da Kepa futbol tarixinin ən bahalı qapıçısı və İspaniyanın ən bahalı futbolçusuna çevrilib. Bundan əvvəl ən bahalı qapıçı bu yay İtaliyanın “Roma” klubundan İngiltərənin “Liverpul” komandasına transfer olunan braziliyalı Alisson Beyker olub ( 72,5 milyon avro).
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət