BVF Ukrayna üçün yeni tranşı təsdiqləyib
Beynəlxalq Valyuta Fondunun İcraçı Direktorlar Şurası genişləndirilmiş kreditləşmə mexanizmi çərçivəsində Ukraynaya 880 milyon dollar məbləğində növbəti tranşın ayrılmasına dair sazişləri təsdiqləyib.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bu barədə BVF-nin mətbuat xidmətinin açıqlamasında bildirilir.
Sənədə əsasən, BVF rəhbərliyi təşkilatla Ukrayna rəhbərliyi arasında əvvəllər əldə edilmiş işçi razılaşmaları nəzərdən keçirib. Bu, Ukraynaya büdcə dəstəyi üçün istifadə olunacaq 880 milyon dolları dərhal ayırmağa imkan verəcək.
Növbəti tranşın Ukraynaya ayrılması ilə bağlı razılıq fevralda əldə olunub.
Fond daha sonra Ukraynanın güclü iqtisadi artımın müsbət dinamikasını yaşadığı barədə fikir bildirib. Eyni zamanda, təşkilat etiraf edib ki, Ukrayna iqtisadiyyatının 2024-cü il üçün inkişafı proqnozu son dərəcə qeyri-müəyyən olaraq qalır.
Dörd illik Genişləndirilmiş Kredit Proqramı çərçivəsində əvvəlki 900 milyon dollarlıq tranş BVF-nin İcraçı Direktorlar Şurası tərəfindən 2023-cü ilin dekabrında təsdiq edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət