Bütün dünya karantini Məhəmməd peyğəmbərin bu hədisi ilə keçirir
Bütün dünya COVİD-19 adlandırılan xəstəliklə mübarizə mərhələsindədir. Müxtəlif ölkələrdə virus fərqli şəkildə mutasiya etdiyi üçün demək olar ki, hər ölkə xəstəliyə qarşı fərqli mübarizə üsulu aparır. Yəni tətbiq edilən müalicə üsulu virusun mutasiyaya uğramasına görə fərqlənir.
Tibbi vasitələrlə xəstəliyə qalib gəlməkdən əlavə son iki-üç ay ərzində dünya üzrə maraqlı görüntülər də ortaya çıxdı. Belə ki, xristian ölkəsi sayılan bir çox dövlətlərdə insanların elə küçədəcə namaz qılması, dua etməsi fərqli mənzərələr yaradıb.
Yəni müsəlman olmayan, Tanrıya inanmayan insanların çətin dövrdə Allahdan yardım gözləməyi maraq yaratmaya bilmir. Bəs, görəsən İslamda xəstəlikdən çıxış üçün dua var? Ümumiyyətlə, xəstəlikdən qurtuluşun yolu dua etməkdir?
Ens.az xəbər verir ki, Məsələ ilə bağlı Modern.az-a danışan ilahiyyatçı Elşad Mahmudov deyib ki, yerində oturub dua etməklə xəstəlikdən qurtulmaq olmaz:
“İstənilən çətinliyin silahı duadır. İnsanların etdiyi dualar qarşısında Tanrı onlara cavab verir. Bizim həyatımızı dua çox ciddi şəkildə müəyyənləşdirir. Pandemiyalar, təbii fəlakətlər də insanların həyatına pis təsir etdiyi üçün bunun qarşılığında Allaha dua etmək önəmlidir. Allaha dua etmək ancaq pis günlər üçün də deyil, biz yaxşı günlərdə də minnətdarlıq əvəzi dua etməliyik. Bəşər tarixində müxtəlif zamanlarda pandemiyalar olub. Amma hələ əvvəllər də müsəlmanlar tək dua etməklə yetinməyib. Yəni İslamda da duanın yerinə yetirilməsi üçün səbəblər var. Bizim nəyisə əldə edib, nail olmağımız üçün müəyyən səbəblər, vasitələr var. Yəni xeyirli nəyisə əldə etmək istəyiriksə onun haqqını verməliyik. Yoxsa ki, evdə oturub ancaq dua edib Allahadan ruzi gözləmək olmaz.
İslam xəstəlik dövründə müalicə olunmağı bizə əmr edib. Məhəmməd peyğəmbərin də vəba xəstəliyi ilə əlaqəaar çox önəmli hədisi var: “Vəbanın olduğu yerdəsinizsə, o yerdən çıxmayın, vəba xaricindəsinizsə o yerə getməyin”. İndi bütün dünya karantini bu hədis üzərində həyata keçirir. Peyğəmbərin bundan başqa tibbi tövsiyyələri var. Həmin tövsiyələrdə də bildirilir ki, lazım olan bütün tibbi qoruma üsullarından istifadə edək və Allahdan duanı əsirgəməyək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət