Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?

Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Sakura

Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?

MƏLEYKƏ ABBASZADƏ: “2019-CU İLDƏ TƏTBİQ OLUNACAQ YENİ QƏBUL MODELİNDƏ NƏZƏRDƏ TUTULAN DƏYİŞİKLİKLƏR ABİTURİYENTLƏRİN BİLİKLƏRİNİ DAHA DƏQİQ ŞƏKİLDƏ ÜZƏ ÇIXARACAQ”

Bugünlərdə Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelini açıqlayıb. 

Yeni model DİM və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanıb. 

İNDİKİ İMTAHANIN MƏZMUNU İLƏ ƏLAQƏDAR GÖRÜLƏN İŞLƏRƏ 5 İL ÖNCƏDƏN START VERİLİB 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin “525”ə bildirdiyinə görə, ölkənin təhsil sistemində köklü dəyişikliklərə 1999-cu ildə Heydər Əliyevin sərəncamı ilə təsdiq edilən, mahiyyətində “yaddaş məktəbi”ndən “təfəkkür məktəbi”nə keçidi saxlayan “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” ilə təkan verilib. Bu islahat proqramı çərçivəsində yeni təhsil proqramları (kurikulumlar) işlənilib və 2006-cı ildə bu istiqamətdə ilk əsas sənəd (Milli Kurikulum), 2010-cu ildə isə həmin sənədin daha təkmil forması Nazirlər Kabineti tərəfindən hüquqi sənəd kimi təsdiq edilib: “Bu sənədlərdə tədris prosesində şagirdlərə bilik aşılanmaqla yanaşı, onlarda müəyyən bacarıqların və vərdişlərin formalaşdırılması da nəzərdə tutulmuşdur. Həmçinin, təhsil sistemində aparılan islahatların əsas tərkib hissəsi kimi 2008-ci ildən başlayaraq ölkənin bütün ümumi təhsil müəssisələrinin ilk dəfə I siniflərindən başlayaraq yeni təhsil proqramları (kurikulumlar) tətbiq edilməyə başlanılıb. Bu zaman təbii ki, həmin şagirdlərin təhsil aldıqları kurikulum sisteminin müvafiq hüquqi sənədlərinin tələbinə uyğun olaraq imtahanlarda onların bilikləri ilə yanaşı, bacarıqlarının da ölçülməsi zərurətə çevrilib və bu proses qiymətləndirmənin təşkilində yeni yanaşmaların tətbiqini tələb edib. Dövlət İmtahan Mərkəzi tərəfindən bu tələblərin qarşılanması üçün yeni imtahan modeli üzərində hələ 5 il əvvəldən araşdırmalara başlanılıb. Yəni indiki imtahanın məzmunu ilə əlaqədar görülən işlərə məhz 5 il öncədən start verilib”. 

YENİ İMTAHAN MODELİNİN HAZIRLANMASINDA MONİTORİNQ İMTAHANLARININ NƏTİCƏLƏRİNİN TƏHLİLİ BAŞLICA ROL OYNAYIB 

M.Abbaszadə bildirib ki, burada əsas təkan 2012-ci ildə ölkə prezidentinin müvafiq sərəncamına əsasən, o zamankı TQDK-nın Əsasnaməsində dəyişiklik edilməklə, monitorinq imtahanlarının keçirilməsinin onun vəzifələrinə daxil edilməsi olub. Dövlət İmtahan Mərkəzi (keçmiş TQDK) hələ 2013-cü ildən başlayaraq (yeni təhsil sistemində təhsil alan ilk şagirdlər o zaman V sinifdə oxuyurdular) ölkənin ümumtəhsil müəssisələrində monitorinq imtahanları keçirməyə başlayıb. Bu illər ərzində ölkənin bütün coğrafi regionlarını əhatə edən məktəblərdən reprezentativ seçmə yolu ilə V-X siniflərdə təhsil alan 60 minə yaxın şagird üçün monitorinq imtahanları keçirilib. Monitorinq imtahanlarının nəticələri Təhsil Nazirliyi ilə müzakirə edilib, bilik və bacarıqların qiymətləndirilməsi istiqamətində əməkdaşlığın təmin edilməsi üçün hər iki qurumun mütəxəssislərindən ibarət birgə İşçi qrup yaradılıb.

Bu imtahanlar üçün yazı işlərinin qiymətləndirilməsi ilə bağlı kurikulumun tələblərinə uyğun yeni qiymətləndirmə meyarları, bütövlükdə, qiymətləndirmə prosesini həyata keçirmək üçün yeni qiymətləndirmə mexanizmi işlənib hazırlanıb. Monitorinq imtahanlarının keçirilməsinin məqsədləri sırasında yeni tapşırıq modelləri üzrə qiymətləndirmə mexanizminin formalaşdırılması ilə yanaşı, təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən, yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyən edilməsi, şagirdlər tərəfindən bu proqramlar üzrə materialların mənimsənilməsi, onlarda müvafiq bacarıq və vərdişlərin formalaşdırılması səviyyəsinin ölçülməsi, tədris prosesində müəllimlərin üzləşdiyi çətinliklərin aşkara çıxarılmasını göstərmək olar: “Bütün bunların əsasında 2 il bundan öncə Təhsil Nazirliyi ilə birlikdə ümumi orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının yeni qaydaları hazırlanmışdır və 2017-ci ildə ilk dəfə olaraq, yeni təhsil proqramlarının (kurikulumun) tələblərinə uyğun IX siniflərin yekun attestasiya imtahanlarında şagirdlərin mətn üzərində iş, mətnin əsas ideyasını və mətndə baş verən hadisələrin səbəb-nəticə əlaqələrini müəyyənetmə, mətnin kontekstinə uyğun olaraq sözlərin mənasını izah etmə, həndəsi qurma, tənlik qurma ilə müxtəlif həyati situasiyalara aid riyazi tapşırıqları yerinə yetirmək bacarıqları yoxlanılıb. Yeni imtahan modelinin hazırlanmasında məhz monitorinq imtahanlarının nəticələrinin elmi-statistik təhlili başlıca rol oynayıb. Kurikulum üzrə tələb olunan standartların necə yoxlanıla biləcəyi, bacarığın ölçülməsi üçün hansı alətlərdən istifadə olunacağı, tapşırıqların sayı və çətinlik dərəcələrinin müəyyən edilməsinin əsasında monitorinq imtahanlarının nəticələrinin əsaslı təhlili dayanıb. Yeri gəlmişkən, bu imtahanların nəticələrinə dair hazırlanan elmi material 2015-ci ildə nəşr olunub, həmçinin, Mərkəzin saytında elektron formada yerləşdirilib. Daha sonra qəbul imtahanlarında olduğu kimi, buraxılış imtahanlarının da nəticələrinin kompleks təhlili aparılıb və elmi-statistik məlumatlarla zəngin informasiya bazası toplanıb. 9-cu və 11-ci siniflər üzrə buraxılış imtahanlarına aid təhlillər də “Abituriyent” jurnalının 12 nömrəli buraxılışlarında nəşr olunub”. 

DÖVLƏT İMTAHAN MƏRKƏZİ VƏ TƏHSİL NAZİRLİYİNİN BİRGƏ İŞİ 

Direktorlar Şurasının sədrinin dediyinə görə, 2019-cu ildə yeni təhsil proqramları (kurikulum) üzrə təhsilalanların məzun olacağı və buna uyğun olaraq onların bacarıqlarının da yeni qaydalarla qiymətləndirilməli olduğu nəzərə alınaraq qeyd olunan elmi-statistik təhlillərin əsasında hələ 2017-ci ilin oktyabrında Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ictimaiyyətə təqdim olunub. İmtahanın forma və məzmununda olan dəyişikliklər barədə ətraflı məlumat verilib. İmtahanların məzmunu, o cümlədən, qiymətləndirilən standartların siyahısı Təhsil Nazirliyinin mütəxəssislərinin də iştirak etdiyi birgə İşçi qrupunda müəyyən edilib, bu standartların ölçülməsi üçün müvafiq qiymətləndirmə çərçivəsi işlənib hazırlanıb. Həmçinin, ötən ilin oktyabr ayından başlayaraq ölkənin müxtəlif şəhərlərində pedaqoji ictimaiyyət üçün Dövlət İmtahan Mərkəzinin və Təhsil Nazirliyinin mütəxəssislərinin, fənlər üzrə ekspertlərin iştirakı ilə zona müşavirələri keçirilib. Bu müşavirələrdə həm yeni imtahan modeli haqqında ətraflı məlumat verilib, həm də fənn mütəxəssisləri yerli müəllimlərlə yeni imtahanının məzmununu, yeni tapşırıq modellərini müzakirə edib: “Digər tərəfdən yeni imtahan modeli, imtahanda yoxlanacaq alt standartlar (bacarıqlar), yeni tapşırıq formaları, qiymətləndirmə meyarları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında, siniflər üzrə çap edilən “Yeni təhsil proqramları üzrə qiymətləndirmə” tapşırıqları kitablarında nəşr edilib. Əlavə olaraq qeyd edək ki, bu il XI sinfi bitirən şagirdlərin əksəriyyəti yuxarıda qeyd etdiyimiz monitorinq imtahanlarında, həmçinin, 2 il bundan öncə onlar üçün keçirilən buraxılış imtahanlarında yeni tapşırıq formaları (yazılı cavab tələb edən) ilə imtahan prosesində də tanış olublar”. 

DƏYİŞİKLİKLƏRİN BİR SIRA ÜSTÜNLÜKLƏRİ VAR 

M.Abbaszadə vurğulayıb ki, 2019-cu ildə tətbiq olunacaq yeni qəbul modelində nəzərdə tutulan dəyişikliklər abituriyentlərin biliklərinin daha dəqiq şəkildə üzə çıxarılmasına kömək göstərmək məqsədi daşıyır. Bu dəyişikliklərin bir sıra üstünlükləri var. İlk növbədə I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınır və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunur. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Bununla da buraxılış imtahanlarının nəticələri yekun attestasiya, V ixtisas qrupu və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün əsas olmaqla yanaşı, I-IV ixtisas qrupları üzrə də müsabiqənin bir komponentinə çevrilmiş olur. Burada qəbul imtahanı fənlərinin saylarının azaldılması da vurğulanmalıdır. Belə ki, əvvəlki illərdə olduğu kimi, abituriyentlər 3 buraxılış və 5 qəbul imtahanı fənni deyil, 3 buraxılış və 3 qəbul imtahanı fənni üzrə imtahan verəcəklər. Abituriyentlərin imtahan yükü daha da azaldılmışdır. Bundan əlavə, yeni qaydalarla qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticələrinin iki il qüvvədə olması, yəni cari və növbəti tədris illərində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququnun (birinci mərhələdə iştirak etmədən, abituriyent imtahanın ikinci mərhələsini verir) verilməsini nəzərdə tutur. Bu da müsbət addım kimi qiymətləndirilməlidir. 

YENİ MODEL TAPŞIRIQLARININ SAYI DA ÜMUMİ İMTAHAN SUALLARININ SAYINA NİSBƏTƏN ÇOX AZDIR 

M.Abbaszadənin sözlərinə əsasən, bu imtahanlarda abituriyentlərin özləri tərəfindən yazılı şəkildə cavablandırılması tələb olunan müəyyən sayda tapşırıqlardan da istifadə olunacaqdır: “Bu tapşırıqlarla demək olar ki, bütün abituriyentlər artıq tanışdırlar və yuxarıda qeyd etdiyimiz monitorinq imtahanlarında, eləcə də 9-cu sinif üzrə buraxılış imtahanlarında məhz bu növ tapşırıqlara da cavab veriblər. Yeni model tapşırıqlarının sayı da ümumi imtahan suallarının sayına nisbətdə çox azdır. Hələlik qəbul imtahanlarında hər fənn üzrə cəmi 3 belə tapşırığın istifadə olunması nəzərdə tutulub. Bu tip tapşırıqlardan istifadə kurikulum standartlarının tələbidir və bizə abituriyentlərin yeni təhsil proqramlarında nəzərdə tutulmuş məzmun xətləri üzrə bacarıqlarını ölçmək imkanı verəcəkdir. Bu növ yazılı cavab tələb edən tapşırıqların obyektiv yoxlanılması ilə bağlı da müəyyən fikirlər səslənir. Yazı işlərinin yoxlanılması prosesi Dövlət İmtahan Mərkəzində bu məqsədlə hazırlanıb, müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüterdən istifadə etməklə markerlər tərəfindən aparılır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. Yoxlama prosesinə ölkənin paytaxtı və regionlarından ümumtəhsil müəssisələrinin müəllimləri, ali təhsil müəssisələrinin uyğun ixtisaslar üzrə mütəxəssisləri və magistrləri cəlb edilir. Onlar əvvəlcə qiymətləndirmə meyarları ilə tanış olur və treninqlərdə (kalibrləmə prosesində) iştirak edirlər, yalnız treninq mərhələsini uğurla başa vuranlar marker qismində müqavilə əsasında yazı işlərinin yoxlanılması prosesinə cəlb olunurlar. Mərkəzdə markerlərin fənlər üzrə məlumat bazası formalaşdırılıb və bu baza artıq müntəzəm olaraq təkmilləşdirilir və zənginləşdirilir”. 

QİYMƏTLƏNDİRMƏ PROSESİNİN MÜMKÜN QƏDƏR TEZ BAŞA ÇATMASINA İMKAN 

Direktorlar Şurasının sədri qeyd edib ki, bu il buraxılış imtahanlarında markerlər tərəfindən 2 milyondan artıq yazı işi (açıq tipli tapşırıq) yoxlanılıb: “Açıq tipli tapşırıqların yoxlanılması bizdən müəyyən qədər vaxt tələb edir və bu, təbii haldır. Amma imtahanların iki mərhələdə və müxtəlif vaxtlarda keçirilməsi, eləcə də markerlərin sayının getdikcə artması qiymətləndirmə prosesinin mümkün qədər tez başa çatmasına imkan verəcək”. 

XARİCİ DİL FƏNNİ ÜZRƏ İMTAHANIN MƏZMUNUNA DƏYİŞİKLİK EDİLİB 

M.Abbaszadə deyir ki, müəllimlər arasında müəyyən qədər narahatlıq doğuran və iradlar səsləndirilən fikirlərdən biri də xarici dil fənni üzrə imtahanının məzmununda edilmiş dəyişiklikdir: “Bilirsiniz ki, burada əsas dəyişikliklərdən biri də imtahanda istifadə olunacaq 30 tapşırıqdan 6-nın “dinləyib-anlama” bacarıqlarının yoxlanılmasına aid olmasıdır. Heç kəsə sirr deyil ki, xarici dil bilmək müasir dövrdə artıq ehtiyac halına gəlib. Buna görə də rus dili ilə yanaşı, ingilis, alman və s. dillərin də lazımi səviyyədə öyrədilməsi əsas məqsədlərdən olmalıdır. Bu sahədə olan mütəxəssislərin tədqiqatları göstərir ki, şagirdlər xarici dili dinləmə və danışıq kimi aktiv metodlarla da öyrənməlidir. Fənn kurikulumunun xarici dil fənni üzrə müəyyən etdiyi 4 məzmun xəttinə aid bacarıqların yoxlanılması tələb olunur. DİM və Təhsil Nazirliyinin İşçi qrupunun rəyi əsasında hələlik bəzi alt standartların yoxlanılması üçün əlavə vasitələr tələb edildiyindən, onlara aid tapşırıqlardan istifadə olunmur. “Danışma” məzmun xətti üzrə bilik və bacarıqlar da buraxılış imtahanında hələ ki, yoxlanılmır. Bu imtahanda əsas etibarilə 3 (“Dinləyib-anlama”, “Oxu” və “Yazı”) məzmun xətti üzrə alt standartların yoxlanılması və qiymətləndirilməsi həyata keçiriləcək. “Dinləyib-anlama” məzmun xətti üzrə, əsasən, müraciətlər zamanı sadə sualları cavablandırmaq, müraciətlərə uyğun tapşırıqları ardıcıl icra etmək, dinlədiyi mətndəki fakt və hadisələri qruplaşdırmaq, ümumiləşdirmələr aparmaq bacarıqları yoxlanılır. Bu bacarıqların da fənn kurikulumunda, dərsliklərdə şagirdlərə aşılanması nəzərdə tutulub və 11 ildir ki, həyata keçirilir. Dərsliklərdə bununla bağlı tapşırıqlar yer alıb. “Dinləyib-anlama” ilə bağlı tədris vəsaitlərinin, audio faylların, disklərin azlığından şikayət olunur. Məlumat üçün bildirək ki, yaxın günlərdə “Abituriyent” jurnalının xüsusi buraxılışları çap olunacaq. Burada fənn proqramları, həmçinin, imtahan modelinə uyğun tapşırıqlar da dərc olunacaqdır. Dinləmə bacarıqlarının yoxlanılmasına dair nümunə tapşırıqlar da jurnallarda öz əksini tapacaqdır. Dövlət İmtahan Mərkəzinin saytında isə audio fayllar yerləşdiriləcək. Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər”.

HƏR BİR BÖLMƏ ÜZRƏ “DİNLƏYİB - ANLAMA” BACARIQLARININ YOXLANILMASI İLƏ BAĞLI TAPŞIRIQLAR YER ALACAQ 

M.Abbaszadə onu da deyib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanan və yaxın vaxtlarda işıq üzü görəcək digər vəsait xarici dillərə aid “Yeni təhsil proqramları (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları”dır. Burada da hər bir bölmə üzrə “dinləyib-anlama” bacarıqlarının yoxlanılması ilə bağlı tapşırıqlar yer alacaq. Bu audio fayllar da DİM-in saytında xüsusi bir bölmədə yerləşdiriləcək: “Bundan əlavə, biz axı müasir informasiya cəmiyyətində, yeni texnoloji inqilabların baş verdiyi bir dövrdə yaşayırıq. Hazırda istənilən bir xarici dillə bağlı lazımi məlumatların tapılması şagird və müəllimlər üçün çətin olmamalıdır. Kurikulumun bir cəhəti də tələbyönümlü olmaq deyilmi? Müasir təhsil sistemində şagird aktiv öyrənəndir, biliyə çatma yollarını araşdırandır. Hər bir məktəbdə kompüterlər mövcuddur. Hər birimizin əlində bir yox, bir neçə telefon var. Özümüz bəzən indiki uşaqların bütün günü əllərində telefon qulaqlarında qulaqlıqla vaxt keçirmələrindən şikayət etmirikmi? Bu vasitələrdən səmərəli istifadənin zamanı nə vaxt gələcək? Bir məsələ barədə də fikirləşməliyik. Məktəbdə xarici dili tədris edən müəllim hansı dildə danışır? İngilis dili dərsində müəllim ingilis dilində danışmırmı? Şagird dərsdə hansı dildə cavab verir? Bu məgər “dinləyib-anlama” bacarıqlarına təsir etmirmi? 11 ildir ki, yeni sistemdən danışılır, tətbiq olunur. Biz daha 11 il də gözləməliyikmi? Bu suallar hər kəsi düşündürməlidir. “Dinləyib-anlama” mətni ilə bağlı yaranan süni ajiotajın ciddi bir əsası yoxdur. Təbii, hər bir yenilik insanda müəyyən qədər həyəcən yaradır. Lakin əminik ki, Mərkəz tərəfindən təqdim olunacaq materiallar, keçiriləcək sınaq imtahanları (yeri gəlmişkən, DİM tərəfindən ingilis dili fənni üzrə 2018-ci ilin əvvəlində monitorinq imtahanı da keçirilib və burada şagirdlərin “dinləyib-anlama” qabiliyyətləri də yoxlanılıb) abituriyentlər üçün proqamın mənimsənilməsində yardımçı vasitə olacaqdır”. 

DƏYİŞİKLİKLƏR ABİTURİYENTLƏRİN BİLİKLƏRİNİN DAHA OBYEKTİV VƏ ŞƏFFAF ŞƏKİLDƏ QİYMƏTLƏNDİRİLMƏSİ MƏQSƏDİ DAŞIYIR 

Direktorlar Şurasının sədrinin söylədiyinə görə, 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı bu günlərdə ictimaiyyətə bir daha məlumat verilib, o cümlədən, onun bəzi detalları - istifadə olunacaq tapşırıqların sayı, fənlər üzrə çəki əmsalları və sair məsələlərə aydınlıq gətirilib. Hazırda bununla bağlı kütləvi informasiya resurslarında - internet portallarında, televeziyalarda, sosial şəbəkələrdə, eyni zamanda, ictimaiyyət arasında müzakirələr aparılır: “Bu, özlüyündə müsbət hal olsa da, bəzən bu müzakirələrdə yanlış fikirlərə, əsası olmayan məlumatlara, heç bir ciddi araşdırma aparılmadan söylənilən şərhlərə və bundan doğan haqsız tənqidlərə təsadüf olunur. Bunlar arasında qəbul qaydalarının elan edilməsinin gecikməsi, imtahanın məzmununa dair məlumatların azlığı, açıq tipli tapşırıqlardan istifadə, xüsusilə xarici dil fənni üzrə “dinləyib-anlama” bacarıqlarının yoxlanılmasına dair fikirlərə rast gəlinir: “Dövlət İmtahan Mərkəzi bütün bu deyilən və yazılan fikirlərlə əlaqədar bildirmək istəyir ki, abituriyentlər və onların valideynləri, bu proseslə əlaqəli olan elmi-pedaqoji ictimaiyyət baş verən dəyişikliklərdən narahat olmamalıdırlar. Çünki bu dəyişikliklər mərhələ-mərhələ, onların elmi əsası öyrənilərək, təcrübədə sınaqdan keçirilərək tətbiq olunur. Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 25 illik, həmçinin, Dövlət İmtahan Mərkəzinin son 2 ildəki fəaliyyəti ərzində imtahanların məzmun və formasında aparılan dəyişikliklər abituriyentlərin biliklərinin daha obyektiv və şəffaf şəkildə qiymətləndirilməsi məqsədi daşıyıb. Bu gün də təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin, qiymətləndirmə mexanizmlərinin dünya standartlarına uyğunlaşdırılmasına ehtiyac vardır”.

 

Mənbə: Karabakhmedia.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR