Buraxılış imtahanında 5 nəfərdə telefon aşkarlandı
9 aprel 2023-cü il tarixində Bakı şəhərinin Nəsimi, Nərimanov, Sabunçu, Səbail, Xətai rayonlarında, Gəncə (I hissə), Lənkəran, Şəki şəhərlərində, Astara, Ağdam, Ağcabədi, Ağsu, Biləsuvar, Daşkəsən, Xızı, İmişli, Kürdəmir, Qusar, Saatlı, Şabran, Samux, Şəmkir, Siyəzən və Zərdab rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
DİM-dən Redaktor.az-a bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 195 imtahan binası, 3575 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 568 imtahan rəhbəri və ümumi rəhbər, 4434 nəzarətçi-müəllim, 643 buraxılış rejimi əməkdaşı (mühafizə), 195 bina nümayəndəsi ayrılıb.
İmtahanda 47 917 şagirdin iştirakı gözlənilirdi.
İmtahanda 12 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
İlkin məlumatlara əsasən, 5 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) gətirməyi unutmasınlar.
Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 1 ay ərzində elan olunması nəzərdə tutulur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət