Bu yolun tikintisi başa çatır – AAYDA açıqladı
Lənkəran rayonunda 7 kilometrlik Hirkan–Mamusta-Siyavar avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildirilib ki, yolda işlər texnloji ardıcıllığa riayət olunmaqla yüksək sürətlə aparılır və 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Tikinti layihəsinə əsasən, yeni yol yatağı inşa olunub, daha sonra ərazilərin asfaltlanması işləri aparılıb. Yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib, çiyin hissələr optimal qum-çınqıl qarışığı ilə bərkidilib. Bu işlər yolun 40 min kvadratmetr sahəsini əhatə edib.
Bundan başqa, mövcud dəmir-beton borular bərpa olunub, zəruri yerlərdə müxtəlif diametrli 210 poqonmetrlik yeni boruların, həmçinin dəmir-beton küvetlərin tikintisi işləri aparılıb. Son mərhələdə yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq.
Hirkan-Mamusta-Siyavar avtomobil yolunun yenidən qurulmasında məqsəd 3 yaşayış məntəqəsində yaşayan 10 minədək əhalinin gediş-gəlişini təmin etmək, Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət