Bu il Azərbaycanda, ümumilikdə, 2050 kilometrlik yolun yenidən qurulması başa çatdırılacaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2018-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib.
“Report” Agentliyə istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2018-ci il yanvarın 10-da keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının 2018-ci ildə agentlik qarşısında ən azı 600 kəndi birləşdirəcək 2 000 km-dən çox avtomobil yolu çəkilməsi kimi çox məsuliyyətli tapşırıq qoyduğunu xatırladıb.
S.Məmmədov qeyd edib ki, Prezidentin tapşırığının icrası ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2018-ci il üçün tərtib edilmiş Tədbirlər Planına əsasən, uzunluğu 452,1 km olan respublika əhəmiyyətli 12, Bakı şəhəri üzrə uzunluğu 107,8 km olan 13 və uzunluğu 1 534,9 km olan 67 kəndlərarası avtomobil yolu və 2 körpünün bərpası, Sumqayıt şəhərində 2 prospekt və 2 küçənin yenidən qurulması nəzərdə tutulur: “Bu isə 702 yaşayış məntəqəsində yaşayan 2,7 milyon nəfər əhalinin 2 050 km uzunluğunda rahat avtomobil yollarından istifadə edilməsinin təmin edilməsi deməkdir”.
Bildirilib ki, 2018-ci ilin 9 ayı ərzində dövlət başçısının imzaladığı sərəncamlara uyğun olaraq, respublikanın 23 rayonunda 54 layihə, o cümlədən 12 respublika əhəmiyyətli, 37 kəndlərarası, 2 Bakı şəhərinin qəsəbələrarası, 1 tunel tipli yol qovşağı və Sumqayit şəhərində 2 avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. Hesabat dövründə respublikamızın ümumi istifadədə olan avtomobil yollarında qəzalı vəziyyətə düşmüş 9 körpü də təmir edilib. Bundan əlavə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisinə də başlanılıb.
İdarə Heyətinin sədri əlavə edib ki, bu layihələrin həyata keçirilməsi 834 min nəfər əhalinin yaşadığı 494 yaşayış məntəqəsini əhatə edərək onların 1 223 km uzunluğunda rahat avtomobil yollarından istifadə etməsinə imkan verib.
İclas zamanı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamları ilə Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol infrastrukturunun inkişafında xidmətlərinə görə təltif olunmuş şəxslərə fəxri ad, orden və medallar təqdim olunub.
Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bir qrup əməkdaşına agentlikdə uzunmüddətli, səmərəli əmək fəaliyyəti nəzərə alınaraq dövlət başçısının fərmanı ilə təsis edilmiş “Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, həmçinin fəxri diplom və mükafatlar təqdim edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət