Bu gün voleybol üzrə Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri müəyyənləşəcək
Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılacaq.
“Report”un məlumatına görə, Türkiyənin İstanbul şəhərində baş tutacaq mərasim Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Yarış ilk dəfə 24 yığmanın iştirakı ilə 4 ölkədə keçiriləcək. Ev sahibləri - Türkiyə, Polşa, Macarıstan və Slovakiya müvafiq olaraq A, B, C və D qruplarında yer alacaqlar.
Avropa çempionatında iştirak edəcək digər 20 komanda isə 5 səbətə bölünüb. Azərbaycan millisi Belarus, Ukrayna və Fransa ilə birgə 3-cü səbətdə yer alıb.
1-ci səbət: Serbiya, Rusiya, İtaliya, Hollandiya
2-ci səbət: Almaniya, Belçika, Bolqarıstan, Xorvatiya
3-ci səbət: Belarus, Ukrayna, Azərbaycan, Fransa
4-cü səbət: Rumıniya, İspaniya, Finlandiya, Portuqaliya
5-ci səbət: İsveçrə, Sloveniya, Yunanıstan, Estoniya
Avropa çempionatının oyunları 23 avqust – 8 sentyabrda Ankara, Lodz, Budapeşt və Bratislavada keçiriləcək. Final və 3-cü yer uğrunda oyun Türkiyənin paytaxtında gerçəkləşəcək. Reqlamentə əsasən, qrupda ilk 4 yeri tutacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Qeyd edək ki, 2017-ci il Avropa çempionatına Azərbaycan və Gürcüstan ev sahibliyi edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət