'BP-Azerbaijan'ın vitse-prezidenti: “Azərbaycan yeganə ölkədir ki, imzaladığı müqavilələrin şərtinin…
"BP şirkətinin Azərbaycana külli miqdarda investisiya etməsinin səbəbi və bundan sonra da investisiya etmək niyyətinin ciddiliyinin əsası Azərbaycanda investorlar üçün yaradılan şəraitdir".
"Report" xəbər verir ki, bunu "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Falcons Summit Baku 2019" konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan Xəzərətrafı ölkələr arasında yeganə ölkədir ki, imzaladığı müqavilələrin şərtinin heç birini birtərəfli qaydada dəyişməyib: “Bu günə qədər 36 Hasilatın Pay Bölgüsü sazişi imzalanıb. Onlardan bir neçəsi artıq fəaliyyətdədir. İmzalanmış bu neft sazişlərinin müddəasının dövlət və hökumət tərəfindən heç birinin birtərəfli qaydada investorun razılığı olmadan dəyişdirilməyib”.
B. Aslanbəyli bildirib ki, bu, investisiya mühitinin təminatlılığıdır, dövlətin üzərinə götürdüyü öhdəliklərə hörmətlə və məsuliyyətlə yanaşmasının göstəricisidir.
“BP-Azerbaijan”ın vitse-prezidenti qeyd edib ki, şirkətin Azərbaycanda fəaliyyət göstərdiyi 27 il ərzində kifayət qədər çox ciddi layihələrə imza atıblar: “Azərbaycan dövlətinin yaratdığı şəraitdən və Azərbaycan hökumətinin yaratdığı əlverişli investisiya mühitindən bəhrələnərək çox ciddi, dünya əhəmiyyətli layihələrə imza atılıb".
Onun sözlərinə görə, təmsil etdiyi şirkət və tərəfdaşları son 27 ildə Azərbaycana 70 mlrd. ABŞ dolları investisiya yatırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət