Slimfit
  1. DÜNYA

Böyük Səhra

Böyük Səhra
Sakura

Böyük Səhra

Böyük Səhra — Afrikanın şimalında yerləşən dünyanın ən böyük tropik səhrası. Uzunluğu qərbdən şərqə (Atlantika okeanı sahillərindən Qırmızı dənizədək) qədər 5700 km, şimaldan cənuba (Atlas dağları və Aralıq dənizindən Sudan çöllərinədək) isə 1200-2000 km-dir. Sahəsi təqribən 8,6 mln km²-dir.[1] Bu da Afrikanın ümumi sahəsinin 30%-i deməkdir. Saxaranın qərbi Atlantik okeanı sahillərilə, şimaldan Atlas dağları və Aralıq dənizi ilə, şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Mərakeş və Tunisin cənub vilayətlərini, Əlcəzair, Liviya, MAR və Mavritaniyanın çox hissəsini, Mali, Niger, Çad və Sudanın şimal vilayətlərini əhatə edir.

Relyefi

Ərazidə yüksəkliyi 200–500 m olan düzənliklər üstünlük təşkil edir. Səhranın qərb və cənub kənarları alçaqdır. Şimal və şərq hissədə çoxsaylı axarsız çökəkliklər var; bunlardan bəziləri okean səviyyəsindən aşağıda (Şətt-Məlhir, – 26 m, Kattara, Əl-Fəyyum, Siva və s. –133 m) yerləşir. Səhranın daxili hissəsində Tibesti (Böyük Səhranın ən yüksək nöqtəsi Emi-Kussi d., 3415 m), Ahaqqar (Tahat d., 2918 m) və s. dağ massivləri var. Böyük Səhra ərazisinin 70%-ini daşlı (həmada), çaqıllı (serir) və çınqıllı (req) sahələr tutur. Səhranın 16–18%-i qumluqdur. Hündür qum tirələri (erqlər) qapalı çuxurlar (Erq-İgidi, Erq-Şeş, Böyük Qərbi Erq, Böyük Şərqi Erq və s.) üçün xarakterikdir. Qum tirələrinin hündürlüyü 200–300 m-ə çatır, dəyirmi və ulduzvarı dünlərə rast gəlinir. Səhranın cənub rayonlarında hərəkətedən qumlar mövcuddur.

Böyük Səhra Atlası

Böyük Səhra Atlas dağları – Atlas dağlarının cənbunda, Əlcəzair və qismən Mərakeş ərazilərində silsilələr və dağ massivləri sistemi. Yüksək Atlas dağlarının şərqdə davamını əmələ gətirir; 1000 km-dən çox məsafədə uzanır. Orta hündürlüyü 1500 m, ayrı-ayrı zirvələrin hündürlüyü 2000 m-dən yuxarıdır (yüksək nöqtəsi Aysa d. – 2236 m). Relyefini, əsasən, Tabaşirin əhəngdaşıları, mergelləri və qumdaşılarından ibarət ayrı-ayrı dağ massivləri və kuestlər tutur. Duzlu süxur çıxışları geniş yayılmışdır; gipsli və duzlu qaya və günbəzlərə rast gəlinir. Tropik, yarımsəhra iqlimi var. Dağların zirvələrinə il ərzində 350 mm-dək yağıntı düşür; qışda qısa müddətdə qar yağır. Yarım səhra bitki örtüyü var; zirvələrdə seyrək daş palıd, tuya, şam, ardıc meşəliklərinə rast gəlinir.

Geoloji quruluş və faydalı qazıntıları

Böyük Səhra Afrika platformasının bir hissəsidir. Kembridən əvvəlki süxurlardan ibarət bünövrəsi Mərkəzi Böyük Səhra qalxımını əmələ gətirən Ahaqqar, Tibesti, Nubiya-Ərəbistan və s. massivlərdə səthə çıxır. Bünövrəni Paleozoyun kontinental, Mezozoy və Kaynozoyun kontinental və dəniz çöküntüləri örtür.

Böyük Səhra piltəsi

Afrika platformasının şimal - qərb hissəsi. Səthi Fanerozoyun çökmə süxurlar kompleksi ilə örtülmüşdür. Kembriyəqədər yaşlı bünövrə süxurları plitənin Mərkəzi Böyük Səhra qalxımı boyu qərbdən şərqə sıralanan massivlərdə (Reg i bat, Ahaq qar, Tibesti, Əl-Uveynat, Nubiya-Ərəbistan qalxanının qərb qurtaracağı) səthə çıxır. Mərkəzi Böyük Səhra qalxımından şimalda və cənubda Fanerozoy boyu enməyə məruz qalan zonalar uzanır. Mezozoyda (Tabaşirin ortalarınadək) zonalar kontinental çöküntülərlə dolmuş, Tabaşirin sonu, Paleogenin əvvəlində dəniz çöküntüləri ilə örtülmüşdür. Oliqosendən başlayaraq piltənin ərazisi kontinental şəraitdə inkişaf etmiş və qədim massivlər intensiv qalxmaya (xüsusən Ahaqqar və Tibesti) məruz qalmışdır. Böyük Səhra piltəsinin cənub enmə zonası kiçik amplitudu və dəniz çöküntülərinin az qalınlığı ilə seçilir. 

Faydalı qazıntıları

Ərazi neft və təbii qaz (Böyük Səhra–Liviya neftli-qazlı hövzəsi), mis və dəmir filizləri, qızıl, volfram, uran və s. ilə zəngindir.

Böyük Səhra–Aralıq dənizi neftli-qazlı hövzəsi

Bu sahənin şimal hissəsində Tunis, Liviya, MƏR, Asiyanın qərbində Livan və İsrail ərazilərini, həmçinin Aralıq dənizinin cənub və şərq akvatoriyasını əhatə edir.[4]Sahəsi 2,1 mln. km²-dir. Afrika materikində ehtiyatına görə ən iri neft-qaz hövzəsi. Neftin ilkin sənaye ehtiyatı 5,2 mlrd. ton, qaz 1,2 trl. m³- dir. İlk neft yatağı (Zelten) 1959-ci ildə, qaz yatağı (Cəbəl Əbdürrəhman) 1948-ci ildə kəşf edilmişdir. 1961-ci ildən istismar olunur. Hövzədə 320-dən çox neft və qaz yatağı aşkar edilib.

İri yataqlar: Sərir (ehtiyatı 870 mln. t), Amal (570 mln. t), Cəlu (540 mln. t), Nasir (290 mln. t), Dəfa (240 mln. t), İntisar-D (200 mln. t), Əbu- Madi (60 mlrd. m³). Hövzə tektonik cəhətdən Böyük Səhra plitəsinin şimal hissəsi və Şərqi Aralıq dənizi çökəyi ilə əlaqədardır; hövzənin struktur planı bir-birindən uzun tirələrlə ayrılmış bir neçə geniş sineklizlərdən ibarətdir. Ehtiyatın çox hissəsi Sirt çökəkliyində toplanmışdır. Kembriyəqədərki bünövrə qabığının kristallik süxurları, Kembri-Ordovikin qumdaşıları, Tabaşir və Kaynozoyun qumdaşıları və əhəngdaşıları neftli-qazlıdır; yataqları 670–3600 m (əsasən, 900– 2500 m) dərinlikdədir. Neftin sıxlığı 811– 845 kq/m³; kükürdün miqdarı 1%-ədəkdir. Qazın tərkibində karbohidrogenlərdən başqa 0,8%-ədək CO² -də var. Hövzənin şimal hissəsində (Kattara sineklizi) neft və qaz yataqları 360–3500 m dərinlikdə Tabaşir və Paleogen çöküntülərində aşkar edilmişdir; Ərəbistan hissəsində isə 1100–2000 m dərinlikdəki Alt Tabaşir qumdaşıları və Orta Yura əhəngdaşıları və qumdaşıları məhsuldardır. Yataqlardan Aralıq dənizi sahillərindəki portlara ümumi uzunluğu təqribən 4000 km olan neft, 1300 km qaz boru kəmərləri çəkilmişdir. Hasilat mərkəzi Sirt çökəkliyidir. 

İqlim

Böyük Səhranın əksər hissəsində quru və isti tropik səhra iqlimi hakimdir; şimalda subtropikdir. Səhranın müasir arid iqlimi təqribən 10 min ildir ki, mövcuddur. Yanvarın orta temperaturu, adətən, 10°C-dən aşağı düşmür (dağlarda şaxtalar olur), iyulda 37°C-dir. Mütləq maksimum 57,8°C (Liviyada Əl-Əziziyə), mütləq minimum –18°C-dir (Tibesti). Havanın sutkalıq temperatur amplitudu 30°C-dən çox, torpağınkı 70°C-yədəkdir. Tez-tez güclü (50 m/san-yədək) küləklər (səmum, xəmsin, sirokko) əsir; bir neçə gün davam edən toz (qum) burulğanları olur. Havanın quruluğu (nisbi rütubət 30–50%) və yüksək buxarlanma (2500–6000 mm), sahilboyu ensiz zonalardan başqa, Böyük Səhranın bütün ərazisi üçün səciyyəvidir. Səhranın şimalında, əsasən, qışda, cənubunda isə yayda yağıntı düşür. İllik yağıntı daxili rayonlarda 50 mm-dən az, kənarlarda və dağlarda 100–200 mm-dir.

Daxili suları

Nildən başqa Böyük Səhranın tranzit çayı, demək olar ki, yoxdur. Səhralardakı quru vadilərdə ancaq yağış zamanı su olur. Səhranın kənarlarında və mərkəzi dağ massivlərində kiçik relikt göllər mövcuddur. Böyük Səhrada, əsasən, yeraltı sulardan (ərazidə iri yeraltı su hövzələri, o cümlədən artezian suları var) istifadə edilir.

Torpaqlar, bitki örtüyü və heyvanat aləmi

Böyük Səhranın böyük bir hissəsi üçün tropik səhra və yarımsəhraların primitiv (çınqıllı, çaydaşılı, qumlu), çox vaxt isə şorlaşmış torpaqları səciyyəvidir. Qalınlığı bir neçə sm-dən 1–2 m-ə dək olan əhəngli-gipsli qabıqlı qat geniş yayılmışdır. Bitki örtüyü çoxlu Aralıq dənizi elementləri daxil olmaqla Qolarktika floristik sahəsinə aiddir. Burada təqribən 1200 növ ali bitki var; lakin 1000 km²-ə orta hesabla 150-yədək növ düşür (yəni Avropadan 10 dəfə, rütubətli tropiklərdən 25 dəfə az). Bir tərəfdən onun iki iqlim qurşağında yerləşməsi, digər tərəfdən isə relyefinin və səth çöküntülərinin litologiya (daşlı, qumlu və digər tipli səhralar) xüsusisiyyətləri ilə əlaqədar fərqlər vardır. Kök sistemi böyük və dərin olan (15–20 m-ədək) quraqlığa davamlı çox illik taxıl və kollar, həmçinin yağışlardan sonra inkişaf edən efemerlər bitki örtüyünün əsasını təşkil edir. Dağ rayonları Neogen florasından qalmış reliktlərlə, çoxlu endemik bitkilərlə daha zəngindir. Cənubi Böyük Səhrada ağaclar və kollardan ən çox akasiya, yulğun, acılıq və nazın bəzi növləri yayılmışdır. Bitki örtüyü hər yerdə insanın güclü fəaliyyətinə məruz qalmışdır (mal-qara otarılması, faydalı bitkilərin yığılması, yanacaq tədarükü və s.). Vahələrdə əsas bitki olan xurma palması ilə yanaşı, əncir, zeytun və meyvə ağacları, bəzi sitrus bitkiləri, müxtəlif tərəvəz, cənubda isə dum palması becərilir.

Heyvanlar aləmi Qolarktika və Efiopi ya zoocoğrafi vilayətlərinə aid, əksəriyyətini onurğasızlar təşkil edən təqr. 4000-ədək növdən ibarətdir. Bütün növlərin təqribən 40%-ini Afrika endemikləri təşkil edir, tipik Böyük Səhra növləri 10–12%-dən çox deyildir. Mərkəzi Böyük Səhra yaylaları tipik Böyük Səhra heyvanlarının yaşadığı qapalı ərazilərdir. Daha quraq rayonlarda növ tərkibi həddən çox kasıbdır (50%-dən çoxu köçəri olan quş növləri müstəsna olmaqla).

Təqribən 60 növ məməli, o cümlədən addaks antilopu, uzun müddət susuz qalmağa daha çox uyğunlaşmış mendes antilopu (kökü kəsilmə təhlükəsindədir), Axaqqar və Tibesti də bir neçə növ qazel, Airdə və Tibestidə meymunların bir növü, yırtıcılardan tülkü, fenek, Böyük Səhranın ucqar rayonlarında çaqqal, hepard, kaftar, gəmiricilərdən qum siçanı, ərəb dovşanı, dovşankimilərdən Böyük Səhra dovşanı və s. yaşayır. Hər yerdə çoxlu sürünən (uzun ayaq kərtənkələlər, varanlar, buynuzlu gürzə, kobralar və s., Axaqqarda kiçik relikt su hövzələrində xırda timsahlar var. Böyük Səhrada heyvanların çoxu gecə həyat tərzi keçirir.

Böyük Səhrada yerləşən ölkələr

Sadalanan ölkələr Böyük Səhra ərazisində yerləşir.

  • Flag of Algeria.svg Əlcəzair
  • Flag of Chad.svg Çad
  • Flag of Egypt.svg Misir
  • Flag of Libya.svg Liviya
  • Flag of Morocco.svg Mərakeş
  • Flag of Mauritania.svg Mavritaniya
  • Flag of Mali.svg Mali
  • Flag of Niger.svg Niger
  • Flag of Sudan.svg Sudan
  • Flag of Tunisia.svg Tunis

Şəkillər

   Böyük səhranın ərazisindən bir görnüş

  Böyük səhra

  Böyük səhranın peykdən görüntüsü

   Qum təpəcikləri və Böyük səhradan keçən dəvə karvanı

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR