Slimfit
  1. İQTİSADİYYAT

Biznesə “ikinci nəfəs”: Xarici bankların Azərbaycana yolu açılacaq?

Biznesə “ikinci nəfəs”: Xarici bankların Azərbaycana yolu açılacaq?
Sakura

Biznesə “ikinci nəfəs”: Xarici bankların Azərbaycana yolu açılacaq?

Prezident İlham Əliyev oktyabrın 23-də sabiq vergilər naziri Mikayıl Cabbarovu yeni vəzifəyə-iqtisadiyyat naziri vəzifəsinə təyin etdi.

Bununla əlaqədar Mikayıl Cabbarovu qəbul edən dövlət başçısı qeyd edib ki, aparılan islahatlar nəticəsində vergilər sahəsində şəffaflıq təmin olunub. Ölkə başçısı görüşündə yerli icra hakimiyyəti orqanları başçılarının sahibkarların işinə müdaxilə etdiklərinə də diqqət çəkib:

“İnkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda (ÜDM) əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki belə deyil. Çalışıb elə bir şərait yaratmalıyıq ki, istedadlı, biznesə həvəsi, meyili olan hər bir insan bizneslə məşğul ola bilsin. Məmur təzyiqindən, müdaxilədən azad olsun. Sahibkarlara yönəlmiş çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər kimsə özü üçün bir balaca iş qurmaq istəyirsə, gəlirlər zəli kimi onun bədənindən yapışırlar qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar. Siz nazir kimi çalışmalısız ki, belə hallara yol verilməsin əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək. Biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz”.

Prezident onu da qeyd edib ki, haqsız rəqabət bizim üçün böyük yaradır: "Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən. Mən bilirəm, sizə nazir kimi, xüsusilə vergilər naziri kimi, bəziləri təzyiqlər göstərməyə çalışırdılar ki, bizim biznesimizə dəymə. Mən bilirəm ki, siz onların qarşısında çox mətanətlə çıxış etmişsiniz. Mən bunu həmişə dəstəkləmişəm və sizə həmişə dəstək olmuşam. Demişəm ki, heç kimə baxmadan bütün işlər ən yüksək səviyyədə görülməlidir. Heç kim heç bir imtiyaza sahib ola bilməz. Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək. Ona görə sizin qarşınızda çox böyük vəzifələr dayanır. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafı bizim üçün hazırda əsas prioritet məsələdir. Bu, imkan verəcək ki, biz sosial sahəyə daha böyük vəsait ayıraq".

Maraqlıdır, bu tapşırıqlar sahibkarlığın inkişafına nə kimi təsir edəcək?

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Cümhuriyət” qəzetinə bildirib ki, dövlət başçısının ali məqsədi ölkə iqtisadiyyatının daha güclü və möhkəm olmasına nail olmaqdır:

“Sözügedən görüşdə Prezident vurğuladı ki, əgər bizim iqtisadi müstəqilliyimiz, gücümüz, qüdrətimiz olmasa, siyasi müstəvidə də müstəqil siyasət yürüdə bilmərik. Təbii ki, iqtisadi cəhətdən kiminsə əlinə baxan bir ölkə müstəqil siyasət yürüdə bilməz. İqtisadi müstəqilliyin kökündə dayanan əsas məqamlardan biri ölkənin qeyri-neft sektorunun inkişafını sürətlə aparmaqdan keçir. Əlbəttə, neft-qaz təbii zənginlikdir, təbiətin bizə yaratdığı imkanlardan istifadə edirik və edəcəyik. Bir çox işlərimizi neft gəlirləri hesabına qurmuşuq. Ancaq bütün faydalı qazıntılar kimi, neft də əbədi deyil, ehtiyatlar baxımından tükənən bir məhsuldur. Bu gün neftə olan tələbat azalır, alternativ enerji mənbələri sürətlə inkişaf edir. Bu baxımdan Prezidentin həm narahatlığı, həm də yanaşması başadüşüləndir. Biz bütün gücümüzü və imkanlarımızı bir araya gətirib ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətlə inkişaf etməsinə təkan verməliyik. 2015-ci ildə manatın kəskin devalvasiyasından sonra ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı çox ciddi addımlar atıldı. 2015-ci ilin sonlarında Prezident ölkədə post neft dövrünün başlandığını elan etdi. Son 4 il ərzində qanunlarda dəyişikliklər oldu, yeni strukturlar yaradıldı. Bu islahatların aparılması qeyri-neft sektorun inkişafını təmin edə biləcək bəzən mümkün olan, bəzən də mümkün olmayan qərarlar qəbul edildi. Məqsəd real sektorun sürətli inkişafını təmin etməkdir”.
İqtisadçı oktyabrın 15-də Prezident yanında keçirilən iqtisadi müşavirəyə də diqqət çəkib: “Prezident müşavirədə İqtisadiyyat və Maliyyə nazirlərinə sual verdi ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bu qədər qərarlar qəbul etdiyimiz halda, bu sektorun ayrı-ayrı bölmələrinə dövlət yardımları ayırdığımız halda nəyə görə gözləntilər etimadımızı doğrultmur? Bax bu səbəbləri araşdırmaq lazımdır. Təbii ki, səbəblər çoxdur, ilkin olaraq süni maneələri göstərmək olar. Müxtəlif məmur qruplarının yerlərdə sahibkarlara, iş adamlarına yaratdıqları maneələrdir. Məmur özbaşınalığının, müdaxiləsinin kökündə dayanan məsələ rüşvət və korrupsiyadır. Hansı ki, bu, sahibkarlığın inkişafının qarşısında bir əngəldir. Digər tərəfdən, inhisarçıların olması sahibkarlığın inkişafına ciddi əngəldir. Cari ilin yanvar ayının 1-dən vergi yükü azaldılması hesabına iqtisadiyyatın kölgədə olan böyük əksəriyyəti leqal fəaliyyətə keçdi. Nəticədə 9 ay ərzində büdcəyə nəzərdə tutulan proqnozdan 350 milyon manat artıq vəsait yığılıb. Bütün bunlar aparılan vergi islahatları nəticəsində əldə olunub. Ancaq yaxşı olardı ki, rüşvət və korrupsiyaya qarşı mübarizəni indikindən kəskin şəkildə ortaya qoyaq. Eyni zamanda inhisarçılığın aradan qaldırılması ilə bağlı tədbirlər gücləndirilməlidir”.

Analitik sahibkarlığın inkişafı üçün maliyyə mənbələrinin olmasının vacibliyini də vurğulayıb: “Bu gün iş qurmaq istəyən və ya əlində real layihəsi olan iş adamlarının 98-nin maliyyə vəsaiti olmur. Maliyyə vəsaiti 2-3 nəfərdə ola bilər. Yerdə qalan iş adamları cəlb edilmiş vəsaitlər hesabına bu layihələri reallaşdırmalıdırlar. Bank sektoru yeganə real mənbədir ki, belə layihələri maliyyələşdirsin. Dövlət bu cür layihələri kreditləşdirməməlidir. Ancaq dövlət məcburiyyət qarşısında öz imkanları çərçivəsində müəyyən güzəştli kreditlərin verilməsinə şərait yaradır. Halbuki bank sektoru üzünü iqtisadiyyata tutmalıdır. Oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə İqtisadiyyat naziri Şahin Mustafayev (hazırda Baş nazirin müavini- mül.), son 3 il ərzində qeyri-neft sektorunda artımın ürəkaçan olmadığını deyib. Nazir bunun əsas səbəbləri kimi maliyyələşmə ilə bağlı problemləri qeyd etmişdi.

O, Sahibkarlığın İnkişafı Fondu vasitəsilə bu ilin 9 ayında 130 milyon manat kredit verildiyini, ilin sonuna qədər 170 milyon manat da nəzərdə tutulduğunu demişdi. Sual olunur, 80 milyard manatlıq ümumi daxili məhsul istehsal olunan bir ölkədə sahibkarlığın inkişafına 170 milyon manat güzəştli kredit vermək nə qədər böyük rəqəmdir ki, bundan da sürətli inkişaf gözləyək. Bununla da istəyirik ki, bütün sahibkarların vəsaitə olan tələbatı ödənmiş olsun. Buna görə də bank sektorunun bu sahəyə üz çevirməsi gərəkdir. Amma banklar sahibkarlığa vəsait yönəltməkdə maraqlı deyil. Yeganə yol köklü islahatdır, bu da təkcə kadr dəyişikliyi deyil. Məsələn, bu gün bank sektorunu düşdüyü vəziyyətdən necə çıxarmaq olar? Milyardlarla vəsaiti olan xarici bankların Azərbaycanın bank bazarına gəlməsi üçün şərait yaratmalıyıq. Xarici banklar öz kapitallarını ölkənin kreditləşməsində istifadə edə bilərlər. Paralel olaraq onların fəaliyyəti yerli bank sektoru üçün də bir nümunə olacaq. Bu zaman bəlkə də ölkənin bank sektorunda dərin islahat aparmağa ehtiyac qalmayacaq”.

Fikrət Yusifov hesab edir ki, dövlət sahibkarlara dəstəyini daha ciddi göstərməlidir: “Dövlət Neft Fondunda olan 45 milyarda qədər vəsaitin təxminən 5-6 milyardını xüsusi dövlət proqramı çərçivəsində götürüb sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin maliyyələşməsinə yönəltmək lazımdır. Bu işə də rəhbərlik edənlər rüşvətdən, korrupsiyadan uzaq olmalıdırlar. Əgər biz bu gün xaricdən idxal etdiyimiz məhsulun cəmi 15 faizi qədərində qeyri-neft sektorundan ixrac edə biliriksə, bu, çox azdır. Deməli, hər şey neftə söykənib. Neft olmasa və yaxud da qiymətləri kəskin şəkildə azalsa, ölkəmizin tədiyyə balansında mənfi saldo əmələ gələcək. Bu da ölkədə 2015-ci ildə baş verdiyi kimi, manatın məzənnəsində təlatümlərin yaşanmasına səbəb olacaq. Proseslərdən 4 il keçir, baxmayaraq ki, Prezident problemli kreditlərin çözülməsi ilə bağlı sərəncam verdi, hələ də məzənnənin yaratdığı fəsadların tam aradan qaldırılmasına nail ola bilməmişik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR