Azərbaycan qonşu ölkələrdən geri qalır
Hazırda Avropada benzin ən baha qiymətə Hollandiyada satılır. Ən ucuz qiymətə isə Rusiyada satılır.
Yeniavaz.com-un apardığı araşdırmaya görə, mart ayı ərzində Hollandiyada Aİ-95 markalı benzinin 1 litrinin qiyməti 1,73 avro (3,3 manat) təşkil edib.
İkinci sırada İslandiya qərarlaşıb. Bu ölkədə 1 litr benzinin qiyməti 1,68 avro (3,2 manat) olub. Üçüncü pillədə isə Norveç yer alıb. Norveçdə isə 1 litr benzinin qiyməti 1,67 avro (3,17 manat) təşkil edib.
Benzinin ən baha satıldığı ölkələrin ilk onluğunda Yunanıstan (1 litr-1,56 avro), İtaliya (1,56 avro), Portuqaliya (1,56 avro), Fransa (1,51 avro), İsveç (1,50 avro), Danimarka (1,49 avro) və Finlandiya (1,49 avro) yer alıblar.
Ən ucuz benzin isə qeyd etdiyimiz kimi Rusiyada satılıb. Aİ-95 markalı benzinin 1 litri Rusiyada 0,62 avroya (1,18 manat) satılr. Benzinin qiyməti Rusiyadan sonra ən ucuz Belarusda qeydə alınıb. Bu ölkədə benzinin 1 litri 0,66 avroya (1,25 manat) bərabərdir.
Benzinin ən ucuz satıldığı ölkələrin ilk onluğunda Gürcüstan (1 litr-0,77 avro), Ermənistan (0,77 avro), Azərbaycan (0,78 avro), Ukrayna (0,92 avro), Moldova (0,94 avro), Makedoniya (1,07 avro) və Türkiyə (1,08 avro) yer alıblar.
Açıqlanan rəqəmlərdən də göründüyü kimi, Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti qonşu Gürcüstan və Ermənistandan bahadır. Eyni zamanda Azərbaycanda benzinin qiyməti Avropa ölkəsi hesab olunmayan digər qonşu ölkə İranla müqayisədə də bahadır. Ötən ay İranda A-95 markalı benzinin 1 litrinin qiyməti 0,25 avro (47 qəpik) olub.
Onu da bildirək ki, ötən illərdə Avropada benzinin ən baha satıldığı ölkələrdən biri hesab olunan Türkiyədə milli valyutanın avro qarşısında ucuzlaşması səbəbindən hazırda bu ölkə benzinin ən ucuz satıldığı ölkələrin ilk onluğuna daxil olub. Ötən ay Türkiyədə A-95 markalı benzinin 1 litrinin qiyməti milli valyutada 6,85 lirəyə (1,08 avro) bərabər olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət