Slimfit
  1. CƏMİYYƏT

Bələdiyyələrdə qadınlara kömək üçün xüsusi otaqlar ayrılsın - Təklif

Bələdiyyələrdə qadınlara kömək üçün xüsusi otaqlar ayrılsın - Təklif
Sakura

Bələdiyyələrdə qadınlara kömək üçün xüsusi otaqlar ayrılsın - Təklif

 

Bələdiyyələrdə məişət zorakılığından zərər çəkmiş qadınlara ödənişsiz psixoloji və hüquqi yardım göstərilməsi üçün xüsusi şöbə təşkil etmək lazımdır.

Bunu Oxu.Az-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, bir neçə il əvvəl Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edilib:

“Biz buna görə bələdiyyələrdə otaqların ayrılmasını təklif edirik. Qadınlar öz problemləri, o cümlədən onların ailədə sıxışdırılması halları ilə əlaqədar həmin şöbələrə müraciət edə bilərlər”.

N.Cəfəroğlu qeyd edib ki, bələdiyyə orqanları bu yolla çətinliklərlə üzləşən qadınlara psixoloji, tibbi, hüquqi xarakterli problemlərin həllində kömək edə bilər:

“Yerli icra hakimiyyətlərində qadın məsələləri üzrə şöbələr fəaliyyət göstərir, lakin kənd yerlərindən İcra Hakimiyyətinə az adam gedir. Məhz buna görə də bələdiyyələrdə yardıma ehtiyacı olan qadınlara kömək göstərmək çox vacibdir. Bələdiyyə orqanları həkimləri, psixoloqları, hüquqşünasları, polisləri dəstəyə ehtiyacı olan qadınlarla işə cəlb edə bilərlər. Bələdiyyə vaxtaşırı kömək göstərilməsi üçün ayrılmış kabinetlərə ailədə psixoloji ab-havanın müəyyənləşdirilməsi məqsədilə ər və arvadı da dəvət edə bilər. Vəkil qadına zorakılıq faktları haqqında müvafiq orqanlara ərizə yazmaqda peşəkar yardım göstərə, polis nümayəndəsi isə şikayətləri qəbul edə bilər”.

Hüquq müdafiəçisi bələdiyyə orqanlarında işləyən qadın əməkdaşlarının sayının artırılmasını zəruri hesab edir:

“Həmin şöbələrə müraciət edən qadınlar kişilərdən daha çox qadın əməkdaşlara etimad göstərəcəklər. Qadının əri tərəfindən şiddət görməsi barədə öz həmcinsinə danışması daha asan olacaq. Belə olan halda qanun da daha səmərəli olar və məişət zorakılığından əziyyət çəkənlər hər şeyi gizlətməyə məcbur qalmazdılar”.

N.Cəfəroğlu qadın və uşaqların problemləri haqqında bəhs edən verilişlərin televiziya ekranlarına çıxmasının əhəmiyyətini də vurğulayıb:

“Kənd yerlərində az sayda qadın “Məişət zorakılığının aradan qaldırılması haqqında” qanunun mövcudluğu haqqında bilir. Ona görə də yerli telekanalların proqramlarına xüsusi verilişləri daxil etmək lazımdı ki, tamaşaçılar məişət zorakılığı ilə üzləşərkən yardım üçün hansı təşkilata, struktura müraciət etməli olduqlarını həmin verilişlər vasitəsilə öyrənə bilsinlər. Azərbaycanda bu problemlərin həlli ilə məşğul olan çox sayda qadın təşkilatı fəaliyyət göstərir, tamaşaçılara onların siyahısını təqdim etmək lazımdır”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə də sözügedən məsələni Oxu.Az-a şərh edib.

Deputatın sözlərinə görə, hazırda Azərbacanda qüvvədə olan “Bələdiyyələr haqqında” qanunda belə maddə nəzərdə tutulmayıb:

“Ola bilsin ki, gələcəkdə bu cür xidmətlər həm bələdiyyə orqanlarında, həm də yerli hakimiyyət orqanlarında göstərilsin, lakin hazırda bu barədə danışmaq hələ tezdir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR