Slimfit
  1. ŞİKAYƏTLƏR VƏ MÜRACİƏTLƏR

Baş redaktor prezidentə müraciət etdi

Baş redaktor prezidentə müraciət etdi
Sakura

Baş redaktor prezidentə müraciət etdi

Cənab Prezidentə səslənirəm: "190 manatı almayaq!" -Deyə rəsmi əngəl törədirlərsə və etibar etdiyiniz Nazir Sahil Babayev sabotajla məşğuldursa nə etməli ?!

Bütün Azərbaycanlılara və bu ölkəni idarə edən iri ranqlı məmurlara, xüsusilə də bəzi məmurlar və nazirliklər tərəfindən aldadılan möhtərəm prezidentimiz cənab İlham Əliyevə səslənmək məcburiyyətindəyəm. 

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş tədbirlər planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi məsələsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başbilənləri tərəfindən açıq şəkildə əngəllənməkdədir. 

Belə ki, vətəndaşlar işsiz kimi qeydiyyata alınmaq və ya birdəfəlik ödəməni (190 manat) almaq üçün dünəndən etibarən aidiyyatı Məşğulluq Mərkəzlərinə axışsalar da, məhz sizin ön gördüyünüz "karantin rejimi" bəhanəsilə hökumətin qapılarından qovulurlar. Bəlkə də, bir çörəyə, maska və əlcək almağa 1 manatı belə olmayanlar ən yaxşı vəziyyətdə bu "hüquqi" cavabı alırlar. "Xüsusi karantin rejimi ilə əlaqədar hazırda mərkəzlərdə vətəndaş qəbulu həyata keçirilmir. Eyni zamanda işsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır ki, işsiz şəxslər qeydiyyata alınmaları üçün www.e-sosial.az portalına daxil olaraq müvafiq işləmlər aparmalıdırlar". Nazir S.Babayevin özü də bunu formal xarakter baxımından həvəslə səsləndirməkdə davam edir.

Cənab prezident! 

Məşğulluq mərkəzləri insanları başlarından edir və bu bəhanələri həzm etmək asan deyil. Nazirliyin ən önəmli istiqamətverici halı özlüyündə isbat edir ki, bu məsul qurum 190 manatın verilməsinin qarşısını almaq istəyilə ölkəmizin naəlac adamlarını heç adam yerinə qoymurlar. Əksinə, minlərlə insanı özlərinin "www.e-sosial.az" (e-gov.az) portalında elektron formada ələ salırlar. Çünki, sözügedən saytdakı müraciət imkanları məqsədli və süni şəkildə bloklanıb. Hamıda narazılıq və hökumətə qarşı inamsızlıq yaradıb. 

Şəxsən özüm və bir neçə qohumum, dost-tanışlarım dəfələrlə işsiz yaxınlarımızın qeydiyyatına uğursuz cəhdlər edib, süni əngəl qarşısında aciz qalmışıq. "108" və "142" çağrı nömrələri də işə yaramır.

Bunun səbəbləri barədə ağıla gələn ilk səbəb isə odur ki, son illər ölkədə işsizliyin statistikası barədə sizə 5-10%-lik yalan hesabça-kitabça düzənləyənlər eyiblərinin və yalanlarının açılmasının qarşısını almaq məqsədilə vətəndaşlarımıza qarşı hər cür vandalizmi həyata keçirməkdən bəlkə də məmnunluq hissi duyurlar. 

Rəsmi bir dövlət qurumunun elektron portala girişə çalışan işsizlərin qeydiyyatı heç bir əsas olmadan "QEYDİYYATINIZ QƏBUL EDİLMƏDİ" bildirişilə vətəndaşın ümidini tamamən puça çıxarır. Məlumdur ki, bu nazirlik "bir pəncərə" sistemilə hər bir vətəndaşın kimliyini təsdiq edən sənədi üzrə FİN (fərdi identifikasiya nömrəsi) kodla asanlıqla müəyyənləşdirir və hesab edirəm ki, nazirlik özü saytın birokratik imkanları ilə vətəndaşlarımızın hüquqlarını pozur. Yəni, kimlikləri əzbərə bilən saytın sistemi yeni potensial müraciətləri dışlayaraq özündən rədd edir. 

Bunun bariz nümunəsi kimi, istənilən əmək müqaviləsi olan şəxsin və indiyədək işsiz kimi qeydiyyatı olanların asanlıqla həmin proseduru aşa bilməsidir. Yəni, hökumət portalının kimliklərin FİN-ini incələməsi, kənar qeydiyyatsız şəxsləri özündən uzaq tutması maxinasiya göstəricisidir.  

Bu halda, şikayətlərə qarşı nazirliyin guya sayta girişin ağırlaşdığını iddia etməklə günün ən mühüm məsuliyyətsizliyindən yaxa qurtarmağa çalışmaları absurd görünür və cəmiyyəti bir daha aşağılayır. 

Əgər, ƏƏSMN-in bu iddiası doğrudursa belə, yenə nazirlik olanların sorumluluğunu daşıyır. Çünki, nazirlik DİGİTAL dünyanın imkanlarında ucuzluqlara gedib özündə server-çöküş problemləri yaşayırsa bunun günahı niyə xalqda olmalıdır? Və nazirliyin texniki problemləri ucbatından minlərlə vətəndaş əziyyətə mübtəla olmalıdırmı? Bundan əlavə, nazirlik problemin həllində alternativ imkanlar təklif etməlidir ki, bu baş vermir. Çünki, məqsəd başqadır, aşkar birokratiyadır. 

Təbii ki, bu rəsmi yalan və bəhanəyə veriləcək xeyli məntiqli cavab variantları var. Lakin, bu hal ümumən mövcud deyildir. Nazirliyin saytında ağırlaşma yoxdur, bu iddia tamamilə yalan-dolandır.

Gün ərzində əngəllənmiş elektron sistemə müraciətin fayda verməməsi yaxın günlər üçün daha bir sualı da ortaya çıxarır.

Nazirliyin öz rəsmi açıqlamasını nəzərə alsaq: "Birdəfəlik ödəmənin verilməsində ünvanlılıq prinsipi, şəxsin ailə gəlirləri nəzərə alınacaq. Bununla bağlı mexanizm hazırlanır. Bu proses yaxın günlərdə başa çatdıqdan sonra birdəfəlik ödəmə vəsaitləri işsizlərə nağdsız qaydada (bank xidmətləri vasitəsilə) ödəniləcək”. 

Belə çıxmırmı ki, bu yolla müraciətdən yararlana bilməyən zavallılar bir müddət sonra birmənalı olaraq "190 manatlıq yardım paketi"ndən məhrum qalacaqlar. Bəli, nəticənin böyük ehtimal ki, məhz buna hesablandığını da deyə bilərik. Hərçənd, nazirlik neçə ki, karantin dönəmidir, insanları tələsməməyə səsləyib nəticəsiz təskinlik təbliğ edir.

Nazir Sahil Babayevin özünün yaxın dəqiqələrdə yayılan açıqlamasında da maraqlı məqam yer alır. Nazir DSMF-də 2019-cu il üçün 200 milyonluq ehtiyyatın yarandığını deməklə sanki məhz o həcmə nisbətdə yardımın veriləcəyi limitini aydın edir. Bu da yəqin ki, 500 min vətəndaşa imkan yaradan haldır. Ümumilikdə, ölkə üzrə hansı sayda işsizin olduğunun açıqlanmaması haqlı şübhələr doğurur. Amma orası dəqiqdir ki, Azərbaycanda işsiz sayı 5%-dən, yəni 500 min civarından bir neçə dəfə artıqdır. Bunu da bilməyən, danışıb çarəsini istəməyən ağıılı adam qalmayıb. 

Görünən odur ki, nazirlik rəsmən işsizlik limitinin arta biləcəyini, yarana bilən pul israfçılığını virtual yolla əngəlləməklə məşğuldur.

Bu məqamda cənab prezidentə sual etməliyəm, sizcə budurmu ədalət, budurmu vətəndaşlarımıza "karantin rejimi"ndə nəzərdə tutulan dövlət qayğısı? Maddi dəstəyə aparan yol belə keşməkeşlimi olmalıdır ki, bu nazirlik başımıza istədiyi oyunu açır?! 

Niyə sizin tövsiyyə və tapşırıqlarınız belə ucuz yollarla əngəllənməli, xalq da məmur özbaşınalığının, ağrılı birokratiyanın bunca əziyyətini çəkməlidir, niyə axı?

Möhtərəm cənab prezident! Aztəminatlı kateqoriyaya və bir işsizə sahib olan ailənin təmsilçisi kimi tam məsuliyyətimlə qeyd edirəm ki, yuxarıda yazdıqlarım Sahil Babayevin və komandasının sizin islahatlarınıza qarşı elektron sabotajıdır. Bu, yəqin ki, 2020-ci il üçün "koronavirusa qarşı tədbirlər"in "uğurlu notlar"la təqdimatında nazirə gələcək avantaj sağlayacaq. 

Əgər, bu nöqsan təcili aradan qaldırılmazsa, sosial ağırlıq özünü başqa fəsadlarla biruzə verəcək deyə düşünürəm. Əgər, mövcud durumda nazirlik təlimata limit kimi yanaşırsa, Sahil Babayevin müəyyənləşdirdiyi limiti aradan qaldırmaq və genişləndirmək üçün ölkə büdcəsinin valyuta ehtiyyatları xeyli zəngindir. 

Bu müraciətimlə, mənim ailəmə də aprel və may ayları ərzində ümumilikdə 380 manat pulun verilməli olduğunu bildirir, "www.e-sosial.az" və "e-gov.az" portalında zəruri qeydiyyat üçün gün ərzində dəfələrlə etdiyimiz müraciətin "QEYDƏ ALINMIŞ" hesab edilməsini təmin etməyinizi sizdən xahiş edirəm.

Axı, hansısa nazirliyin elektron maxinasiyası dövlət büdcəsindən ayrılmış və ianələr hesabına toplanmış milyardlarla vəsaitin sizin iradənizlə xalqın kasıb kəsiminə paylanmasının qarşısını almamalıdır. Axı, sizin sosial qayğınıza kölgə salmaq üçün bu Sahil Babayev cəsarəti və ağılı hardan alır? 

İnanıram ki, sizin iradənizdən kənarda baş verən özbaşınalıq durdurulacaq və ayda 190 manatlıq birdəfəlik ödəmə mexanizmi o pula haqqı və ehtiyacı olanları kənarda buraxmayacaq.

Ölkə başçısına səmimi sayğı və inamımla;

Osman Nərimanoğlu 

"Demokratik.Az" saytının baş redaktoru   

 

Mənbə: demokratik.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR