Bakının mərkəzində ağacın kökünə beton tökülüb? - AÇIQLAMA
Bakının “Tarqovı” adlanan ərazisində ağacların dibinə çınqıllı beton tökülüb.
Bu barədə fotolar sosial şəbəkələrdə Rumiyyə Miraslan adlı istifadəçi tərəfindən paylaşılıb.
Onun sözlərinə görə, dibinə çınqıllı beton tökülən ağac suya həsrət qalıb və quruyur:
“Ağacların gövdəsi susuzluqdan qabıq verib, tökülür. Şəhərin mərkəzində ağac terroru baş verir. Aidiyyəti qurumların bu məsələyə münasibət bildirməsini istəyirəm. Ağacın dibinə tökülən beton təmizlənməlidir. Suvarılma sistemi də quraşdırılmalıdır. Ümid edirəm səsimə, daha doğrusu, dilsiz ağacların harayına səs verən tapılacaq”.
Sözügedən məsələdə səlahiyyətli qurum olan Bakı Abadlıq Xidmətindən Oxu.Az-a verilən məlumata görə, ağacın dibinə tökülən çınqıl səliqəli görüntü üçündür:
“Sözügedən ərazidəki irigövdəli ağacın ən azı 40-50 il yaşı var və onun kökləri torpağın təxminən 15 metr dərinliyindədir. Həmin çınqıl xüsusi vasitə ilə tökülüb və çınqıl suyu, eləcə də, havanı buraxır.
Bunu etməkdə məqsəd ağacı qurutmaq yox, səliqəli görüntü yaratmaqdır. Bunun ağacın qidalanmasına heç bir halda mənfi təsiri yoxdur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət