Bakıda zibil yığılması üçün hər mənzilə 2 cür paket paylanıb
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Nərimanov rayonundakı məhəllə və həyətlərdə sakinlərlə maarifləndirici-izahedici görüşlər keçirir.
BŞİH-dən “Report”a verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Böyük Britaniyanın tanınmış "Mott MacDonald" şirkəti ilə birgə paytaxtda həyata keçirilən yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı sakinlərə məlumat verilib.
Bildirilib ki, iyul ayının 10-dan etibarən konsepsiyanın əsas mərhələsinin həyata keçirilməsinə start veriləcək.
Qeyd olunub ki, Avropanın əksər dövlətlərində tullantıların çeşidlənməsi işləri aparılır, bu da təmizlik, ekoloji şəraitin yaxşılaşdırılması və iqtisadi səmərə əldə olunmasına köməklik göstərir. Rayonun hər bir məhəlləsində məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılır.
Bu konteynerlər 2 rəngdə - yaşıl və narıncı rəngdədir. Narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılmalıdır. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər paylanılır. Bütün proses sakinlərə əyani şəkildə izah olunur. Görüşlərdə sakinlərə broşyuralar paylanılır, bloklara, həyətlərə, binalara izahedici reklamlar yapışdırılır, həmçinin mənzillərə də bukletlər çatdırılır. Təbliğat və izahetmə işlərinin KİV-lərdə də aparılmasına başlanılır.
Bu işin görülməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.
Gələcəkdə bu işlər digər rayonlarda da aparılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət