Bakıda "Sarı zolağ"ın tətbiqinə başlanılır
Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində “Sarı zolaq” tətbiq ediləcək.
Bakı Nəqliyyat Agentliyindən Axar.az-a verilən məlumata görə, məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir.
Məlumatda deyilir ki, ilk “Sarı zolağın” çəkilişinə iyulun 8-i axşam saatlarında Ziya Bünyadov prospektində başlanılacaq. Zolaqların çəkilişi ilə əlaqədar müvafiq nişanlanma işləri aparılacaq və yol nişanları qoyulacaq:
"Sürücülərə tövsiyə edirik ki, müəyyən olunan müddətdə sarı zolağın tələbinə əməl etsinlər. Əvvəlki illərin təcrübəsinə əsaslanaraq ümid edirik ki, Avropa və İslam Həmrəyliyi Oyunlarında olduğu kimi, bu dəfə də hərəkət iştirakçıları qoyulan qaydalara anlayışla yanaşıb nəzərdə tutulan nəqliyyat tədbirlərinin vaxtında və uğurla reallaşmasına dəstək olacaqlar".
Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət