Bakıda kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” beynəlxalq turniri başladı
Bakı Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə “1-ci AGF Junior Trophy” beynəlxalq turnirinin birinci günü start götürüb.
Trend-in məlumatına görə, yarışdan əvvəl Azərbaycan dövlət himni səsləndirilib.
Bu gün turnirin təsnifat yarışları keçiriləcək və finalçıların adı müəyyənləşəcək. Bundan başqa, komanda hesabında və fərdi çoxnövçülükdə qaliblər məlum olacaq.
Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə “1-ci AGF Junior Trophy” adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.
“AGF Junior Trophy” 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.
Azərbaycanı turnirdə Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul Əhmədzadə və Ağakazım Rüstəmov təmsil edir.
Anar Həsənov və Rəsul Əhmədzadə fərdi çoxnövçülükdə, Ağakazım Rüstəmov sərbəst hərəkətlərdə və dəstəli at üzərində hərəkətlərdə, Mənsum Səfərov sərbəstə hərəkətlərdə, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə, Ramin Dəmirov dəstəli at üzərində, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə çıxış edəcək.
Yarışda həmçinin azərbaycanlı gimnast Səməd Məmmədli müsabiqədən kənar olaraq iştirak edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət