Bakıda gömrüklə bağlı tədbir - Xarici nümayəndələr qatılıb
Oktyabrın 16-da Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində ÜGT-nin Avropa regionu üzrə tədris mərkəzləri rəhbərlərinin 9-cu iclası başlayıb.
Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirin açılış mərasimində DGK sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, ÜGT-nin əməkdaşları, Rusiya, Qazaxıstan, Qırğızıstan və Macarıstanda yerləşən regional tədris mərkəzlərinin nümayəndələri iştirak edib.
Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev mərasimdə çıxış edərək bildirib ki, dünyada gedən qloballaşma prosesləri ilə paralel olaraq ticarət dövriyyəsinin artması gömrük işinin təşkili sahəsində də yeni çağırışları, yeni yanaşmaları ortaya qoyur. Gömrük orqanları həm ticarətin asan və sürətli həyata keçirilməsini təmin etməli, həm də ölkənin iqtisadi təhlükəsizliyini, insanların sağlamlığını, əqli mülkiyyət hüquqlarını qorumalı, hüquqpozmalara qarşı mübarizə aparmalıdır. İqbal Babayev gömrük xidmətlərinin potensialın gücləndirilməsi alətlərinin tətbiqi hesabına bu istiqamətdə qarşılaşdıqları problemləri aradan qaldırmasının mümkünlüyünü və tədbirin bu işə töhfə verəcəyinə ümidvar olduğunu deyib.
Sonra çıxış edən Rusiya Federal Gömrük Xidmətinin nümayəndəsi Valeri Şerbakov, ÜGT-nin əməkdaşı Daşqın Əliyev və ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Roger Hermann Azərbaycan Gömrük Xidmətinin göstərdiyi dəstəyə görə təşəkkürlərini bildirib, tədbirin qarşılıqlı əməkdaşlığın və potensialın gücləndirilməsində mühüm rol oynayacağına əminliklərini ifadə ediblər.
İclas oktyabrın 18-dək davam edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət