Bakıda daha bir qanunsuz toyuq sexi aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanında fəaliyyət göstərən quş kəsimi sexinə baxış keçirib.
AQTA-dan "Report"a verilən məlumata görə, baxış zamanı vətəndaş Babayev Ceyhun Rafiq oğluna məxsus sexin qeyd olunan ünvanda gecə saatlarında fəaliyyət göstərdiyi və baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən edilib.
Belə ki, qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra anti-sanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su il doldurulmuş natəmiz vannalarda saatlarla saxlanıldığı aşkarlanıb. Həmçinin baxış zamanı sexdə kəsilən toyuqların qanı və iç orqanlarının anti-sanitar şəraitdə sexin döşəməsinə yığılaraq oradan kanalizasiya xəttinə axıdıldığı məlum olub.
Faktla bağlı ekspertizanın aparılması üçün müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub.
Emal sahəsində araşdırmalar davam edir. Araşdırmaların nəticələrinə dair ictimaiyyətə ətraflı məlumat veriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət