Bakı F-35 proqramına qoşula bilər – Şatrovskinin şərhi
Əgər Ərdoğan Trampla razılaşsa, o zaman F-35 proqramına Azərbaycan da qoşula bilər.
Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Aleksandr Şatrovski deyib.
“Əgər Türkiyə bu proqrama qayıtsa, o zaman Bakı avtomatik olaraq ona qoşulacaq. Mənim buna heç bir şübhəm yoxdur. F-35 məsələsinin uğursuzluqla nəticələnməsi halında isə Türkiyə ehtiyacını rus təyyarələri ilə ödəyəcək. Prinsipcə hər iki halda alınacaq təyyarələr qarşıya qoyulmuş tapşırıqların öhdəsindən gələ biləcək. F-35 hər zaman qırıcı rolunda çıxış edən F-22-lərlə müşayiət olunur. Bu mənada onlar möhtəşəmdir. Onlar həmişə tam tərkibdə tapşırığa çıxır. F-35-in çatışmayan cəhəti manevr imkanlarının aşağı olmasıdır, üstünlüyü isə görünməz olmasıdır. Su-57-lərdə isə vəziyyət əksinədir. Manevr imkanları genişdir, lakin görünməzliyi zəifdir. Elə Bakı da məhz bu kriteriyalar əsasında hərbi təyyarə seçimi aparacaq”, - Şatrovski bildirib.
Onun sözlərinə görə, Qarabağın hərbi səhnəsində tapşırıqları icra etmək üçün “Su” tipli təyyarələr kifayət qədər silahlanmaya malikdir. Uzunmüddətli perspektivdə müəyyən geosiyasi vəziyyət yaranacağı halda Bakının ABŞ silahları alması da tamamilə mümkündür.
Məşhur 907-ci düzəliş məsələsinə də toxunan ekspert sözügedən düzəlişin ləğvinin də mümkün olduğunu qeyd edib.
“Hazırda bu düzəlişi aradan qaldırmaq çətindir, çünki Konqres hazırkı prezidentə müxalif mövqedə dayanıb. Lakin gələcəkdə hər şey mümkündür. Bu düzəlişlər qəbul edildiyi kimi də ləğv edilir”, - ekspert bildirib.
Sonda Rusiyadan Ermənistana 4 ədəd Su-30SM təyyarəsinin verilməsinə toxunan Şatrovski bu məsələnin heç bir halda Qarabağın hərbi arenasında güc balansına təsir göstərməyəcəyini vurğulayıb. Onun fikrincə, Bakının malik olduğu hava hücumundan müdafiə sistemləri hərbi ssenari zamanı sözügedən təyyarələrin uğurla tətbiq edilməsi üçün düşmənə heç bir şans buraxmır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət