Slimfit
  1. ƏDƏBİYYAT

Bağlama

Bağlama
Sakura

Bağlama (ədəbiyyat)

Bağlama — Azərbaycan aşıq şeir şəkillərindən olub, deyişmənin bir qoludur. Deyişmə iki aşığın üzbəüz, sazın müşayiəti ilə sual-cavab şəklində çalıb oxumalarıdır. Deyişmədə aşıq şeirinin bütün şəkillərindən istifadə edilə bilər. Bu aşığın bilik, bacarığından asılıdır. Aşıq deyişmələrinin ən maraqlı mərhələsi, eyni zamanda kulminasiya nöqtəsi qıfılbənd adlanır. Bu şeir şəklinə qıfılbənd, bəzən isə bağlama da deyilir. Elmi araşdırmalarda hər iki addan istifadə edilib. 3, 4, 5 bəndlik şeirdir. Bağlama çox vaxt aşıq deyişmələrində oxunur və ustad aşıqlar özlərinin dərin fəlsəfi məzmunlu bağlaması ilə müqabil tərəfə üstün gəlir, onu "bağlayır".

Azərbaycan şifahi xalq ədəbiyyatında Aşıq Ələsgərin bağlamaları məşhurdur. Misal:

Yerin, göyün, ərşin, kürsün, insanın

Künhü, bünövrəsi ay nədən oldu?

Yeri göydən, göyü yerdən kim seçdi?

Hikmətin dəryası ay nədən oldu?

Aşıqlar deyişmə zamanı şeir texnikasını nümayiş etdirdikdən sonra bir-birinə üstün gələ bilmədikdə qıfılbəndə keçirlər. Bu halda hətta aşıqlar bir-birini bağlayarsa, bağlayan tərəf başqasının sazını əlindən almaq haqqına çatır.

Azərbaycan xalq poeziyasında qıfılbəndlə bağlı müəyyən qənaətlər formalaşıb.

Bağlamalar geniş xalq kütləsinin bədii təfəkkürünün məhsulu olaraq əsrlər boyu xalqın zehni inkişafında müstəsna rol oynayıb. Tapmacalar əsasən qıfılbəndlərin bir qolu olub, bayatı şəklində də işlədilir.

Qədimdə tapmacaların çoxu mənzum, həm də xalqın ictimai, iqtisadi və məişəti ilə sıx bağlı olub. Xüsusilə sehrli nağıllarda konflikt çox hallarda tapmacalar vasitəsilə həll edilib.

Deyişmənin əsas mərhələsində qıfılbəndə, bağlamaya müraciət edən sənətkarların istifadə etdikləri nümunələrin hamısı eyni səviyyədə, eyni məzmunda olmayıb. Bəzən dinlə bağlı din xadimləri tərəfindən danışılan əfsanələri “qıfılbənd-bağlama” adlandıraraq qarşılaşdıqları aşıqlara deyiblər. Bu cür qıfılbəndlərin düzəlməsi o qədər də çətin olmurdu. Qıfılbəndlərdə ümumiyyətlə, insanların gündəlik həyat tərzi, məişəti və təbiət hadisələri ilə bağlı olan məsələlərə də müraciət edilir. Qaydaya görə, qıfılbənd deyən sənətkarın və cavab verən tərəfin sözləri seçmə, mənalı olmalıdır. Qıfılbəndi açmaq ənənəvi qaydaya uyğun olmalıdır. Hər bəndin son misrasındakı qafiyə və rədifə uyğun ifadə seçilməlidir. Şeirin bölgü və qaydalarına əməl edilərək qıfılbəndin ruhunu saxlamaq tələb olunur. Həyati məsələlər üzərində qurulan qıfılbəndləri düzəltmək çətin olduğu dərəcədə də çavabı tapmaq çətindir. Dövrün bilikli ustad aşıqları dərin fitri istedada malik olduqlarından real hadisələrdən doğan qıfılbəndlər (burada: bağlama) düzəldiblər. Eyni zamanda başqalarının düzəltdikləri bağlamanın mənasını izah etməkdə də ustalıqlarını göstəriblər. Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Şenlik, Aşıq Mustafa, Aşıq Abdulla, Şəmkirli Aşıq Hüseyn, Molla Cümə və bir çox ustad aşıqlar bağlamadan ustalıqla istifadə edib və yeniliklər gətiriblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR