Slimfit
  1. AZƏRBAYCANLI

Azərbaycanlı model: “Naver”in məhşurlar siyahısında adı olan ilk azərbaycanlıyam

Azərbaycanlı model: “Naver”in məhşurlar siyahısında adı olan ilk azərbaycanlıyam
Sakura

Azərbaycanlı model: “Naver”in məhşurlar siyahısında adı olan ilk azərbaycanlıyam

Bu gün yüzlərlə azərbaycanlı gənc müxtəlif ölkələrdə Azərbaycanı təmsil edir. Onların bir çoxu təhsillərini dünyanın ən qabaqcıl ali təhsil ocaqlarında davam etdirərək, ölkəmizin milli maraqlarını xaricdə yüksək səviyyədə müdafiə edirlər. 

Azərbaycanı xaricdə uğurla təmsil edən gənclərdən biri də 26 yaşlı Allahverdi Hacıyevdir. Allahverdi 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. Ailədə iki qardaşdırlar.

Hər bir tələbənin bir gün xaricdə təhsil almaq arzusu olur. Allahverdi də onlardan biridir. Ciddi səyləri və zəhməti nəticəsində onun arzusu gerçəkləşir. 

 

Bu gün Allahverdi Koreyada rəsmi olaraq model və aktyor kimi çalışan ilk azərbaycanlıdır. 26 yaşlı gənc uğurları ilə Azərbaycanı təmsil etməyə davam edir.

Oxu.Az Cənubi Koreyanın paytaxtı Seulda və model fəaliyyəti dünyaca məhşur “Naver” axtarış sistemi tərəfindən rəsmi şəkildə təsdiq edilən ilk azərbaycanlı, 26 yaşlı Allahverdi Hacıyevlə müsahibəni təqdim edir:

Xatırladaq ki, “Naver” Koreyanın və bir çox digər ölkələrin istifadə etdiyi ən məhşur axtarış sistemidir. Bu sistem, xüsusi statistika əsasında, reytinqləri əsas götürərək məhşurların siyahısını hazırlayır.

- Bir qədər özünüz barədə məlumat verin, oxucular sizi tanısın.

- Mən - Hacıyev Allahverdi Vaqif oğlu 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuşam. Ailəmiz 4 nəfərdən ibarətdir. Bir qardaşım var. Orta və ali təhsilimi Azərbaycanda almışam. 2012-ci ildə üçüncü qrup üzrə qəbul imtahanlarından 608 bal toplamışam. Parlaq gələcək qazanmaq üçün təhsilimə hər zaman diqqət etmişəm.

- Necə oldu ki, Koreyaya getdiniz?

- Xarici ölkələrdən birində təhsil almaq, fəaliyyət göstərmək, ölkəmizi təmsil etmək hər bir gəncin arzusudur. Mən Koreyaya gəlməzdən öncə çox maraqlandım. Daha sonra təhsillə bağlı səfirliyə müraciət etdim. Səfirlikdə imtahan verən 20 nəfər arasında birinci oldum.

Müsahibə mərhələsini uğurla keçdim və Koreyada hökümətin hesabına beş illik təqaüdlə təhsil almaq hüququ qazandım. Təhsilimi isə Sunkkyunkvan universitetində Biznesin idarə edilməsi fakültəsində davam etdirdim.

- Hazırda Koreyada model və aktyor kimi çalışan ilk azərbaycanlısınız. Həmyaşıdlarınız arasında ilk azərbaycanlı olmaq necə hissdir? 

- Təbii ki, zəhmətinin bəhrəsini görmək çox gözəldir. Mən çox çalışdım və buna nail oldum. Bəli, bu gün Koreyada model və aktyor kimi çalışan ilk azərbaycanlı gənc mənəm. Bir azərbaycanlı kimi Koreya televiziyasına çıxmaq, ölkəmizin adını hallandırmaq çox qürurvericidir.

Burada təxminən 300-ə yaxın reklam çarxlarında rol almışam. Kino aktyoru kimi “Naverde” məhşurlar siyahısında adı olan ilk azərbaycanlıyam. Buradakı əksər azərbaycanlı gənclər ya hələ təhsil alır, ya da özəl şirkətlərdə çalışırlar.

- Artıq neçə ildir Koreyada yaşayırsınız?

- Altı ildir Koreyada yaşayıram. İlk dəfə bura 2014-cü ildə fevral ayının 24-də gəldim. Gəldiyim il Koreya dilini öyrənmək üçün kurslara yazıldım. Bu illər ərzində bir çox çətinliklərlə üzləşdim. Dili öyrənmək çətindir.

Amma müəllimlər bütün tələbələrə qayğı və səbrlə yanaşaraq, dili öyrənmələrinə kömək edirlər. Bir sıra problemlərim olsa da, hüquqşünasım, çalışdığım şirkət və şəxsi menecerimin yardımları sayəsində bütün çətinliklərin öhdəsindən gəlirdim.  

- Bildiyim qədər, reklamlarla yanaşı, Koreya filmlərində də rol almısınız. Bu barədə danışardınız.

- Təhsil aldığım Sunkkyunkvan universitetini bitirdikdən sonra çoxsaylı reklam təklifləri almağa başladım. Xarici görünüşüm, Koreya dilini yaxşı bilməyim, onlarla rahat ünsiyyət qurmağım insanlarda mənə qarşı diqqət oyadırdı.

Reklam və kino çəkilişlərində yer almaqla yanaşı, əsas məqsədim, Koreya televiziyalarından birində azərbaycanlı kimi proqram aparmaq idi. Bu gün mən bu arzuma bir addım daha yaxınlaşmışam. Koreyanın məhşur 6 televiziya proqramından dəvət almışam. 

Koreyanın məşhur “어서와 한국은 처음이지?” ( Xoş gəlmisiniz, Koreyada ilk dəfəsiniz?) proqramına dəvət olundum. Proqrama mənimlə bərabər üç azərbaycanlı dostumuz da qonaq oldu. Proqramn formatına görə, hər ölkəyə ancaq 3 bölüm ayrılır. Lakin digərlərindən fərqli olaraq, Azərbaycanla bağlı hazırlanan məlumatlar 4 bölüm olaraq yayımIandı. Bu məni çox sevindirdi.

- Azərbaycanı Koreyada təmsil edirsiniz. Onlara Azərbaycan barədə məlumat verirsinizmi? Ölkəmiz barədə onlara daha çox nə maraqlıdır?

- Koreyaya gəldiyim ilk gündən bu günə qədər hər zaman azərbaycanlı olduğumu qürurla demişəm. Sözün düzünü desəm, ətrafımdakı insanlar ilk vaxtlar Azərbaycan, Bakı barədə çox az məlumatlı idilər.  

Əvvəlcə təhsil müddətində, daha sonra çalışmağa başladığım şirkətdə hər kəsə Azərbaycan, Bakı, doğulduğum Sumqayıt haqqında danışırdım. Dəvət aldığım televiziya proqramlarında məni minlərlə insan izləyirdi.

Milyonlar qarşısında Azərbaycan barədə, mədəniyyətimiz, adət-ənənələrimiz barədə danışırdım. Proqramlarda çıxışlarımdan sonra minlərlə insan Azərbaycanı tanımağa başladı. Həmin ərəfədə axtarış saytlarında bir neçə gün ən çox axtarılan ölkə Azərbaycan oldu. Siyahıda ilk pillələrdə ölkəmizin, növbəti pillələrdə öz adımı görmək möhtəşəmdir.

Amma bu gün Azərbaycanı çoxları tanıyır. İnsanların əksəriyyəti Xəzər dənizini, Qafqaz dağlarını, paytaxt Bakımızı tanıyır, maraqlanır, hətta Azərbaycana səyahət etməyi belə düşünür. Bu gün yüz minlərlə koreyalı Azərbaycana səyahət edir.

Düşünürəm ki, bu həm də turizm baxımından çox əhəmiyyətlidir. Düşünürəm ki, bu yalnız mənim yox, dünyanın bütün yerlərində yaşayan azərbaycanlının borcudur. Bundan sonra da Koreya televiziyasında Azərbaycanı tanıtmağa davam edəcəyəm. 

- Başqa mədəniyyət, fərqli mətbəx, tam fərqli iş sistemlərinə adaptasiya olmaq sizi yorurmu?

- Koreyada əhali fərqli mədəniyyətə öyrəşib. Hər şeyi tez bir zamanda həll etməyə can atırlar. Qısa müddət ərzində mümkün qədər çox çalışıb uğur qazanmaq istəyirlər. Bu isə onları çox yorur ve stress yaradır. 

Cənubi Koreyada əhalinin sayı kifayət qədər çoxdur. Bu səbəbdən Seul şəhərində çox sıxlıqdır. İlk olaraq adama elə gəlir ki, kəndlərdə yaşayış yoxdur. Amma heç də elə deyil. Kəndlərdə kifayət qədər əkin əraziləri, zavodlar var. Təsəvvür edin ki, bu qədər böyük ölkədə boş torpaq sahəsi tapmaq olmur. Burada vaxt inanılmaz dərəcədə tez keçir. 

Həyat çox sürətlə axır. İnsanlar sanki harasa tələsir, yeniliklərə can atırlar. Düzünü desəm, qısa müddətdə belə həyat tərzinə adaptasiya olmaq mənə cox cətin gəlirdi. Amma artıq altı ilə yaxındır ki, burada yaşayıram və onların həyat tərzinə uyğunlaşmışam. Bu ölkəni seçdiyim üçün çox şanslıyam.

- Sizcə, Koreyada model və kino sahəsində əldə olunan inkişafın səbəbi nədir? Nə üçün Azərbaycanda gənclər bu sahədə sizin qədər uğur qazana bilmirlər?  

- Deməzdim ki, Azərbaycanda bu sahədə heç inkişaf yoxdur, var. Sadəcə, Koreyada fərqli sistemdir. Güclü olan qalib olur. Burada model və aktyorluq agentlikləri çoxdur. Amma müəyyən müddət ərzində özünü doğrulda bilməyən insanlar başqa sahələrə müraciət edir. Çünki, bizim çalışdığımız sahəyə milyonlarla pul ayrılır. Burada böyüyən uşaqların hər birinin arzusu bir gün məhşur simalardan birinə çevrilməkdir. 

Koreyada 1970-80-ci illərdə vəziyyət belə deyildi. O illərdə uşaqların arzuları həkim, polis olmaq idi. Bu gün texnologiya əsridir. Gənclər bir çox sahələrdə araşdırma aparır və dövrün nəbzini tutmağa çalışırlar. Bu gün Koreyanın məhşur modelləri, aktyor və aktrisaları dünyanın bir çox ölkələrində sevilirlər. K-pop, BTS, Gangnam Style çox məhşurdurlar. 

Bir məqamı da qeyd edim ki, Azərbaycandan fərqli olaraq, Koreyada toy biznesi yoxdur. Burada müğənnilər, aktyorlar toyardan pul qazanmırlar. Onlar rəsmi olaraq müqavilə əsasında şirkətlərlə çalışır, layihələrin baxış sayı, müəllif hüququndan, təşkil edilən konsert proqramlarından qazanc əldə edirlər. 

- Koreyaya ilk getdiyinizdə başınıza gələn maraqlı əhvalat varsa, bizimlə bölüşün. 

- Koreyaya yeni gəldiyim vaxtlar məni təəccübləndirən məqamlar çox olub. Amma ən maraqlı və yadda qalanı meyvələrin qiyməti idi. Mən meyvələri çox sevirəm. Xüsusilə də narı. Azərbaycanın gözəl guşələrindən biri olan Göyçay narı isə çox məhşur və dadlıdır. 

Koreyada meyvələr kilo ilə deyil, ədədlə satılır. Bəli, düz başa düşdünüz, ədədlə. Məsələn, meyvənin növündən, keyfiyyətindən asılı olaraq, qiymətlər dəyişir. 

Bir ədəd narın qiyməti bizim pulla təxminən 7 manat, bir ədəd heyvanın qiyməti isə səkkiz manata satılır. Portağalın bir ədədini 5-6 manata, almanın isə bir ədədini növündən asılı olaraq, 4-10 manat arası qiymətlə almaq olar. Tələbəlik illərində meyvələrin bu qədər baha olması məni çox narahat edirdi. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR