Slimfit
  1. MARAQLI

Azərbaycanlı aktyor: "Direktor məni çağırıb dedi ki, çox gülürsən, teatrı tərk et"

Azərbaycanlı aktyor: "Direktor məni çağırıb dedi ki, çox gülürsən, teatrı tərk et"
Sakura

Azərbaycanlı aktyor: "Direktor məni çağırıb dedi ki, çox gülürsən, teatrı tərk et"

Gənc Tamaşaçılar Teatrının aktyoru Tahir İsmayılovun Milli.Az-a müsahibəsi.

- Tahir, bilirəm ki, ilk iş yeriniz Naxçıvan Dövlət Kukla Teatrı olub. Neçə yaşınızda sənətlə tanış olmusunuz?

- Mənim 14 yaşım olanda rəqsə gedirdim. Elə oldu ki, rəqslər bir müddət Naxçıvan Dövlət Kukla teatrının binasında məşq edildi. Orada mən aktyorlara, kukla tamaşalarına baxırdım. O yaşdan sonra qərar verdim ki, aktyor olacağam. Teatrın truppasına müraciət edəndən sonra məni müsabiqə yolu ilə seçim edib götürdülər. O vaxtdan bu vaxta qədər teatr sahəsində çalışıram. Arada müəyyən səbəblər üzündən teatrdan uzaqlaşdım, amma teatra olan sevgimi heç nə puç edə bilmədi.

- Teatrdan uzaq düşməyinizə səbəb nə idi?

- Təbii ki, haqsızlıqlar. O vaxt teatrımıza Yasəmən Ramazanova yeni rəhbər təyin olunmuşdu. Bir dəfə teatr rəhbərliyi məni çağırıb dedi ki, çox gülürsən, kollektiv səndən narazılıq edir, teatrı tərk et. Mən də o zaman "Məlikməmməd" tamaşasında səhnəyə çıxırdım. Rəhbərlik məni birbaşa teatrdan çıxara bilmədi. Həm də paralel olaraq "İnanmayaq tülkülərə" tamaşasında tülkünü oynayırdım. Direktor gəlib dedi ki, tülkünün mahnıları müğənni kimi oxunacaq. Mən buna etirazımı bildirəndə o məni teatrdan çıxardı. Bu hadisədən sonra Naxçıvan Dövlət Musiqili Dram teatrına qayıtsam da digər yeni gələn rəhbərliklə də toqquşduq. Haqsızlıqları görürdüm, dözə bilmirdim. Bir gün facebook səhifəmdə onları açıq-aydın ifşa etdim. Bu statusu yazıb 15 dəqiqə sonra sildim. Amma hansısa aktyor yoldaşım bunu rəhbərliyə göstərmişdi. Bu da mənim teatrı tərk etməyimə bir bəhanə oldu.

- Gənc Tamaşaçılar Teatrının rəhbərliyi sizi işə götürərkən çəkinmədi?

- Xeyr, bəlkə də ürəklərində tərəddüdlər olub, amma çox yaxşı qarşıladılar.

- Region teatrında çalışmağın hansı özəllikləri var?

- Region teatrında çalışmağın özəllikləri odur ki, sən tez tanınırsan. Sənə qarşı hörmət-izzət də başqa cür olur.

- Paytaxta gələndən sonra teatr karyeranıza sıfırdan başlamaq çətin olmadı ki?

- Deməzdim ki, teatr fəaliyyətimə sıfırdan başladım. Sadəcə olaraq yeni ərazidə və yeni teatrda işə başladım. Əlbəttə ki, əlçatmaz hesab etdiyim sənət adamları ilə eyni səhnədə olmağımın xofu və qorxusu vardı.

- Regindakı teatr kollektivini Gənc Tamaşaçılar Teatrının kollektivi ilə necə müqayisə edərdiniz?

- Müqayisə etmək? Bu çətindir. Region teatrlarında səni kollektivə tez qəbul edirlər və özününküləşdirirlər. Paytaxt teatrlarında səni tanımaq zaman alır. Səbəb isə kollektivin çox olmasıdır. Burada tamaşada- tamaşaya həmkarlarımla rastlaşıram, bu da zamanla səni tanıtmaqa kömək edir.

- Niyə məhz Gənc Tamaşaçılar teatrını seçdiniz?

- Niyəsi çox sadədir! Açıq və dürüst danışacağam, Azərbaycanda yeganə intriqası olmayan teatrdır. Mən həmişə qastrola gələndə bu teatr bəxtimə düşürdü. Bu bina bir növ mənə doğma idi.

- Teatrda daha çox Nicat Kazımovun quruluşunda olan tamaşalarda oynayırsınız. Niyə digər rejissorlar sizə rol vermir?

- Nicat Kazımov mənim üçün müasir Azərbaycan teatrında gənclərin nəbzini tutub, onunla birgə bütün nəsillərin zövqünü özündə cəm edən yeganə rejissordur. Amma teatrımızın baş rejissoru Bəhram Osmanov, Cənnət Səlimova, Vaqif Əsədovun tamaşalarında da varam. Sizə onu da deyim ki, Gənc Tamaşaçılar Teatrının kollektivi məni səmimi və içdən qəbul etdilər, ona görə də rol almaq barədə çətinliyim yoxdur.

 

- Oyununuzda nəsə bir fərqlilik varmı, onu yalnız siz görürsünüz?

- Bəli, mən dünyaya gəlişimlə artıq fərqliyəm. Deməli, Allah məni bu yer üzündə yaşamaqla qiymətləndirib və mənə milyonlarla insandan fərqləndirən aktyorluq sevgisini və istedadını verib. Heç bir obrazlarım bir-birinə bənzəmir.

- Səhnədə nəyi etməzsiniz?

- Səhnədə etməyəcəyim bir şey yoxdur. Əgər edəcəyim hərəkət tamaşaçını düşündürəcəksə, tamaşaçının gördüyü mənzərə ona özünü xatırladıb dərs verəcəksə, heç nədən çəkinmədəm hər şeyi edərəm.

- Deməli, kompleksiniz yoxdur?

- Xeyr, əsla kompleksim yoxdur. Amma arada bir az çəki alanda sıxılıram. Səhnə mənim üçün kənardan şəffaf, amma mən içərisində olanda  hər tərəfi qapqara qutudur. Mən o qutuda heç nədən utanmıram və çəkinmirəm.

- "Öldürsənə məni Caniko" sizin sonuncu təhvil verdiyiniz tamaşa idi. Obrazınızı necə xarakterizə edərdiniz?

- "Öldürsənə məni Caniko" super bir tragikomediyadır. Bilirsiniz ki, bəzi obrazlar var ki, onları oynadıqca qatları sənə açılır. Bu tamaşada isə daim həyat yoldaşına kobud, sərt olan bir obrazı canlandırıram. Amma o da dəyişilir. Yoldaşına necə zülmlər verdiyinin fərqinə varıb, əzab çəkir.

- Filmlərə niyə çəkilmirsiniz? Olmaya dəvətlər yoxdur?

- Filmlərə də çəkilirəm, seriallara da. Bir də onu deyim ki, mənim şansım televiziyada gətirib. Çünki TV məni qəbul edir. Bu da bir başqa xoşbəxtlikdir. Düzdür, az çəkilirəm filmlərə, inşallah ki, yaxşı olar.

- Sənətdə peşmanlıq yaşamısınız?

- Xeyr, sənətə gəlməyimlə bağlı peşman olmamışam. Yalnız ona görə peşman olmuşam ki, paytaxt teatrlarına gərək 20 yaşında gələrdim.

- Tanınmış aktyor deyilsiniz. Bu sizi üzmür?

- Deməzdim ki, məni tanıyan tanıyır. Təbii ki, hər bir aktyorun arzusu tanınmaqdır, seçilməkdir. Bunu mən də arzu edirəm. Mən çox səbirli insanam, ən əsası isə şükürlüyəm. Amma indi tanınmaq üçün də bu sahədə adamın olmalıdır. Bu daha çox film və serial sahəsinə aiddir. Mütləq sən onlara nəyəsə görə maraqlı olmalısan.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR