Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda uçot dərəcəsini azaltmaq işə yarayırmı?

Azərbaycanda uçot dərəcəsini azaltmaq işə yarayırmı?
Sakura

Azərbaycanda uçot dərəcəsini azaltmaq işə yarayırmı?

Sentyabrın 18-də, bu il artıq altıncı dəfə, Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti iclasında uçot dərəcəsini nəzərdən keçirməlidir. Yanvar ayının əvvəlində başlanğıc olaraq 7,5%-dən start götürülmüşdü, sonra AMB dərəcəni üç dəfə 0,25 faiz bəndi endirdi və iki dəfə də dəyişməz saxladı. Nəticədə bu gün bu göstərici 6,75% səviyyəsində saxlanılır. Eyni zamanda faiz dəhlizinin aşağı həddi isə 6,5%-dən 6,25%-ə, yuxarı həddi isə 7,5%-dən 7,25%-ə endirilib.

Mütəxəssislərin fikrincə, bu dəfə ən çox ehtimal olunan ssenari 0,25 faiz bəndi səviyyəsində növbəti azalma və uçot dərəcəsinin 6,5% səviyyəsində müəyyənləşdirilməsidir. İş ondadır ki, bu qərara təsir edən əsas amil inflyasiyadır və statistikaya görə, Azərbaycanda ilin ilk 8 ayı üzrə o, 2,9% səviyyəsində qalır, hətta avqust ayında iyul ayı ilə müqayisədə 0,2%-lik deflyasiya da müşahidə olunub. Bunun hökumətin 2020-ci ilə olan proqnozu (3,1%) ilə kifayət qədər uyğun olduğunu nəzərə alsaq, mütəxəssislərin fikirləri olduqca məntiqlidir.

Digər məsələ, ekspertlərin qeyd etdiyi kimi, bu gün Azərbaycanda real inflyasiyanın rəsmi statistikanın açıqladığı rəqəmlərindən xeyli dərəcədə fərqlənməsidir. İqtisadiyyatçı-ekspert Natiq Cəfərlinin fikrincə , bu il bəzi mövsümi qida məhsullarının qiyməti keçən ilin yayı ilə müqayisədə yüksəkdir: "Bu, bir çox qeyri-ərzaq məhsulları qrupunda da müşahidə olunur. Yəni inflyasiyanın hesablanması metodologiyasına mütləq yenidən baxılması zəruridir”.

Bir sıra iqtisadçıların fikrincə, inflyasiyanın real artım tempi Dövlət Statistika Komitəsinin açıqladığı göstəricini təxminən 2 dəfə üstələyir.

İstənilən halda ölkədə uçot dərəcəsi nə qədər azalsa da, bu, birbaşa bank kreditləri üzrə dərəcələrə hissolunacaq təsir göstərmir, baxmayaraq ki, nəzəri olaraq məhz o, borc bazarında həlledici rol oynamalıdır. Axı bu, ölkələrin mərkəzi banklarının kommersiya banklarına kredit vermək üçün faiz dərəcəsidir. Təbii ki, kommersiya bankları da bu kreditləri öz qazanclarını nəzərə almaqla daha yüksək faizlə müştərilərilərə verir.

Əslində, uçot dərəcəsi iqtisadiyyatın mövcud vəziyyətinin səbəbi yox, nəticəsidir, çünki onun faiz dərəcəsinin dəyişməklə, deyək ki, inflyasiya proseslərini dayandırmaq olar. İstehlak qiymətlərinin bahalaşması halında Mərkəzi Bank yenidən maliyyələşdirmə dərəcəsini artırır, kommersiya banklarından alınan kreditlər bahalaşır, onlara tələbat, eləcə də əhalinin alıcılıq qabiliyyəti azalır. Müvafiq olaraq, istehlakçı aktivliyi azalır və bu da malların qiymətlərini aşağı salır. Bu göstəricinin azalması halında, təbii ki, əks proses baş verir.

Yəni əslində uçot dərəcəsi iqtisadiyyatda sabitliyin qorunmasına təsir göstərən mühüm makroiqtisadi alətdir.

Buna görə iqtisadiyyatı inkişaf etmiş ölkələrdə onun səviyyəsi, bir qayda olaraq, 1%-i keçmir. Məsələn, pandemiya şəraitində ABŞ Federal Ehtiyat Sistemi onu 0-0,25% səviyyəsində saxlayır. Bu yaxınlarda Avropa Mərkəzi Bankı (ECB) da iqtisadiyyatda kreditləşmə xərclərini sıfır səviyyəsində müəyyən edən əsas yenidən maliyyələşdirmə dərəcəsini dəyişməz saxlayıb.

Azərbaycanın bank bazarında obyektiv vəziyyət isə belədir ki, AMB-nin faiz dərəcəsi ilə kommersiya banklarının dərəcələri arasında birbaşa əlaqə yoxdur, çünki sonuncular əsasən Mərkəzi Bankın resurslarından istifadə etmir. Kommersiya bankları tərəfindən AMB-dən cəlb etdiyi resursların xüsusi çəkisi çox azdır: əgər bu ilin 7 ayının yekunu üzrə bankların kredit portfelinin 14,2 milyard manat olduğu təxmin edilirsə, Mərkəzi Bankın payı güclə banklar tərəfindən verilmiş 8,6 milyard manat məbləğində olan biznes kreditlərinin 5%-nə çatır. AMB sədri Elman Rüstəmovun daha əvvəl haqlı olaraq qeyd etdiyi kimi, heç bir mərkəzi bank bu qədər resursla bazara təsir göstərə bilməz, AMB-nin təsiri bankların bir-birinə uçot dərəcəsini dəyişdirərək ötürdüyü pulun dəyərinə təsirdən ibarətdir.

Kredit qiymətinə həmçinin bankın kreditlər üzrə marjası təsir edir və bunu təxmini hesablamağın yollarından biri kredit dərəcəsindən depozit dərəcəsinin çıxılmasıdır. 1 iyul 2020-ci il tarixinə milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 8,59%, xarici valyutada olan əmanətlər üzrə isə 1,6% təşkil edib. Eyni zamanda, milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 13,67%, xarici valyutada isə 5,61% təşkil edib. Yəni bankların faktiki marjası 4-5% civarında dəyişib.

Bu məsələdə banklar güzəşt etmək istəmirlər, çünki kredit faizlərindən əldə olunan mənfəət banklar üçün vacib gəlir mənbəyidir. Əksinə, bu gün tez-tez tam fərqli mənzərəyə şahidlik edə bilərik: banklar “qısa müddətdə” gəlir əldə etmək üçün yüksək marja ilə kreditləşmə aparırlar. Düzdür, belə addımları bazarda nisbətən zəif mövqeyi olan banklar atırlar, amma onlar da unudurlar ki, uzunmüddətli perspektivdə bu addım “qaş düzəldən yerdə, vurub gözü də çıxara bilər”, axı belədə problemli kreditlər yükü artacaq.

Kredit faizlərinin formalaşmasında əhəmiyyətli rol oynayan bankların likvidlik səviyyəsi də bu gün də kifayət qədər yüksək səviyyədədir - təxminən 8 milyard manat təşkil edir. Yəni banklar verilən hər bir kredit üçün rezerv yaratma qabiliyyətinə malikdirlər (tənzimləyicinin tələbi).

Kredit bazarında yüksək faiz dərəcələri üçün xüsusi səbəb olmadığı halda bankların bu faizləri azaltmaq istəmədikləri maraqlı mənzərə meydana çıxır. E.Rüstəmovun əvvəllər qeyd etdiyi kimi, bu, çox çətin bir məsələdir və bunun bir sıra səbəbləri var, o cümlədən də Azərbaycanda mütəşəkkil banklararası bazarın olmaması. “Bu, kreditlərin faiz dərəcələrini təsir etməyə imkan vermir, çünki pulun dəyərini müəyyənləşdirmək problemli olur”, - baş bankir demişdi. Ancaq o qeyd etmişdi ki, islahat proqramı həyata keçiriləcək və vəziyyət nəzarət altına alınacaq. Amma bütün bunlar karantindən əvvəl idi...

Bu gün ümumilikdə iqtisadiyyata, o cümlədən də ticarətə ciddi təsir edən pandemiya şəraitində kreditlərin sahibkarlar üçün daha əlyetərli və sərfəli olması üçün təcili tədbirlər görülməlidir. Axı onlar bu böhran şəbəkəsindən birtəhər qurtulmaq üçün məhz indi əlavə maliyyəyə çox ehtiyac duyurlar.

Nə etmək olar? Birincisi, AMB-nin uçot dərəcəsi ilə kredit bazarındakı faiz arasındakı birbaşa əlaqəyə baxmayaraq, uçot dərəcəsi bir növ indikator rolunu oynayır, bankların qulaq asması lazım olan müəyyən mesajlar verir. Bu baxımdan bir çox mütəxəssislər yenidən maliyyələşdirmə dərəcəsinin daha da aşağı salınmasını məqsədəuyğun hesab edirlər və mövcud şəraitdə Azərbaycan üçün bunun optimal səviyyəyəsinin 4-5% olduğunu düşünürlər.

Digər tərəfdən, uçot dərəcəsinin aşağı salınması hökumətin aşağı inflyasiya gözləntilərinə işarə edir ki, bu da öz növbəsində biznes üçün vacib siqnaldır. Nəticədə zəncirvari reaksiya üzrə bu, kredit resurslarına tələbin artmasına səbəb olur, təkliflərin sayı artır, rəqabət yaranır. Normal bazar şəraitində bütün bunlar kreditlərin dəyərinin azalması ilə yekunlaşmalıdır...

Hər bir halda yenidən maliyyələşdirmə dərəcəsi tənzimləyicinin özəl bankların qərarlarına təsir göstərə biləcəyi azsaylı alətlərdən biridir. Yadımdadır, bir neçə il əvvəl kredit faizlərini inzibati metodla təyin etmək təklif edilmişdi, lakin qısa müzakirələrdən sonra bu variant iqtisadiyyatın bazar prinsipləri əsasında idarə edilməsinə zidd olduğundan qəbul edilmədi. İndiki halda isə banklar da öz növbələrində bu çətin vaxtda biznesə güzəştə getməli və kredit üzrə marjanı azaltmalı, kredit almaq şərtlərini asanlaşdırmalı və s. addımlar atmalıdır. Bax, bu, həqiqətən “bazar tələblərinə” riayət etmək demək olardı.

Ekspert Qulu Nuriyev

Mənbə: Report.az
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR