Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda təbii qaz qıtlığı varmı? - Ekspert rəyləri

Azərbaycanda təbii qaz qıtlığı varmı? - Ekspert rəyləri
Sakura

Azərbaycanda təbii qaz qıtlığı varmı? - Ekspert rəyləri

Azərbaycanda qış mövsümü başlananadək ölkənin qaz anbarlarına plandan əlavə 3,2 mlrd kubmetrədək qazın vurulması nəzərdə tutulur.

Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, beləliklə, ölkədə qaz ehtiyatları ildən-ilə artır.

Ölkədə təbii qaz bolluğu var

Enerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə “Report”a açıqlamasında bildirib ki, son illər Azərbaycanda təbii qaz hasilatı ciddi şəkildə artır: “Hətta 2017-2018-ci illərdə ölkə üzrə təbii qaz hasilatı 7,2%, bu ilin birinci yarısında isə 20%-dən yuxarı artıb”.

Ekspert deyir ki, proqnozlar da o istiqamətdədir ki, hasilatımız bu ilin tamamında ən azı 20% artacaq: “Yəni bir tərəfdən bizim təbii qaz hasilatımızda ciddi artım müşahidə edilir, digər tərəfdən təbii qaz istehlakımız demək olar ki, stabil qalıb. Hətta 2015-2018-ci illər arasında Azərbaycanın qaz istehlakında təqribən 3% azalma müşahidə olunub. Bunun da əsas göstəricisi ölkənin ümumi enerji istehlakının şaxələndirilməsi və alternativ enerji mənbələrindən istifadənin kəskin artmasıdır”.

 

 Emin Axundzadə

Enerji məsələləri üzrə ekspert Emin Axundzadə

"Biz bu inkişafı fürsətə çevirə bilmişik".

E. Axundzadə bildirib ki, bundan əvvəl elektrik enerjisi istehsalında bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da əsasən təbii qazdan istifadə edilirdi: “Amma 2015-2018-ci illər arasında elektrik enerjisinin istehsalında təbii qazın payı 10%-dən çox azalıb. Bunun müqabilində alternativ enerji mənbələrinin payı artıb. Məsələn, 2015-2018-ci illər arasında elektrik enerjisinin istehsalında külək enerjisinin payı 18 dəfə, bu ilin ilk yarısında isə 5 dəfə artıb. Bununla yanaşı, günəş enerjisi istehsalı eyni dövrdə 9 dəfə artıb: “Bu ilin birinci yarım illiyində keçən ilin müvafiq dövrünə görə isə təqribən 10% artım müşahidə edilib. Digər tərəfdən biokütlə istehsalı 2015-2018-ci illər arasında 3,2 dəfə artıb. Bu da əsasən son dövrlərdə ölkədə kənd təsərrüfatı sektorunun inkişafı ilə bağlıdır. Beləliklə, biz bu inkişafı fürsətə çevirə bilmişik”. Bütün bunlar onu göstərir ki, elektrik enerjisi istehsalında alternativ enerjinin payı artır, təbii qazın payı isə azalır”. 

Elektrik enerjisi istehsalında təbii qazın payının azalması bizə imkan verir ki, təbii qaz sənayedə həm də xam mal olaraq istifadə edilsin və beləliklə ölkə iqtisadiyyatına əlavə dəyər qazandırılsın. Bildiyiniz kimi, SOCAR Metanol və SOCAR Karbamid zavodlarında təbii qaz xam mal kimi istifadə edilir. Məsələn, təbii qaz emal olunaraq karbamid istehsal olunduqda onun dəyəri 2 dəfədən çox artır. Bu da, öz növbəsində ölkə üzrə gəlirlərin optimallaşmasına səbəb olur.

Qaz təchizatında yaranan fasilələrin gerçək səbəbi qaz qıtlığı deyil, qaz infrastrukturunun ildən-ilə köhnəlməsidir

Enerji məsələləri üzrə mütəxəssis qeyd edib ki, son illərdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin nəticəsi olaraq nəql əsnasında baş verən itkilər də ötən 3 il ərzində 42% azalıb. Beləliklə, ölkə üzrə qazlaşdırma səviyyəsinin 2015-2019-cu illər ərzində 14% artaraq 84,1%-dən 95,8%-ə yüksəlməsinə baxmayaraq, atılan əsaslı və planlı addımlar nəticəsində ölkədə təbii qaz istehlakının stabil saxlanılmasına nail olunmuşdur.

O vurğulayıb ki, ötən il yeraltı qaz anbarlarına 3 mlrd kubmetr həcmində təbii qaz doldurulub və bunun da, bir miqdarı idxal qazından təşkil edilib: “Yay aylarında təbii qaza tələbat aşağı olduğundan, təbii qaz əlverişli qiymətlərdən alınıb anbarlara doldurulur, qış aylarında isə bir qismi daxili bazarda istifadə edilir, bir qismi isə xarici bazarlara daha əlverişli qiymətlərlə satılaraq ölkəyə əlavə gəlir qazandırırdı. Bu gün, təbii qazı ixrac edən müxtəlif ölkələrdə yeraltı qaz anbarları əsasən bu məqsəd üçün istifadə edilir: “Ancaq bu il isə daha böyük həcmlərdə təbii qazın anbarlara doldurulması nəzərdə tutulub. Bu da tamamən daxili hasilat hesabına həyata keçirilir. Yəni artıq idxal qazına heç bir ehtiyac yoxdur. Bu, onu göstərir ki, bazarda kifayət qədər qaz var". 

Sonda E. Axundzadə söyləyib ki, bu il yeraltı qaz anbarlarına vurulacaq təbii qaz ölkədəki ümumi istehlakın 30%-ni təşkil edir: “Bu da çox önəmli göstəricidir. Enerji təhlükəsizliyi baxımından ölkələrin daxili tələbatının 20% nisbətində təbii qazın saxlanılması məqsədəuyğun hesab edilir. Bizdə isə bu rəqəm 30% təşkil edəcək.”

Ancaq, postsovet ölkələrinin tamamında, eləcə də Azərbaycanda qaz infrastrukturunun böyük hissəsi 1960-1980-ci illərdə quraşdırılıb. İnfrastruktur köhnə olduğuna görə, mütəmadi olaraq baxım tələb edir. Bu səbəbdən, vaxtaşrı fərqli istiqamətlərdə qaz xəttlərinin fəaliyyəti təmir-sazlama işlərinə görə dayandırıla bilir. Köhnə xəttlərin tədricən yeniləri ilə əvəz olunması nəticəsində, həm nəql əsnasında qaz sızmalarının qarşısı daha da alınacaq, həm də təbii qazın verilməsində meydana gələcək dayandırmalar minimuma endirilə biləcək.

Hökumət özünə güvənməsə bu addımı atmaz

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə “Report”a açıqlamasınba bildirib ki, qaz məsələsində 2018-2019-cu illəri müqayisə etsək görəcəyik ki, Azərbaycan iki istiqamətdən, həm şimaldan, həm də cənubdan qaz idxalı həyata keçirib.

Onun sözlərinə görə, 2019-cu ilin yanvarın 1-dən isə Azərbaycan artıq qaz idxalçısı deyil: “2019-cu ilin ilk yarısının yekunları onun göstərir ki, həqiqətən də Azərbaycanda əmtəəlik qaz hasilatı 24 milyard kubmetr və ola bilsin bir qədər artıq olsun. 2018-ci ildə Azərbaycanda əmtəəlik təbii qaz hasilatı isə 19,2 milyard kubmetr təşkil edib. Bu gün Azərbaycanda kifayət qədər qaz hasilatı mövcuddur. Ancaq bu o demək deyil ki, hasil edilən qaz artımı 100 faiz “Şahdəniz-2” layihəsinin gerçəkləşməsi ilə bağlıdır. Təbii ki, bu gün “Şahdəniz” qazının kifayət qədər payı var. Ancaq bu hamısı deyil”.

O bildirib ki, bu gün Azərbaycan Dövlət Neft Şirkəti öz yataqlarında hasilatı artırmağa müvəffəq olub: “Burada əsasən iki yatağı qeyd etmək lazımdır. Birincisi, “Ümid” yatağıdır. Bu ilin aprelində bu yataqdan sutkalıq 2,5 mln kubmetr olan yeni quyu istifadəyə verilib. Təkcə bu quyu ilin sonuna qədər 900 mln kubmetr əlavə əmtəəlik qaz verəcək. Bundan əlavə, “Bulla” yatağında da qaz hasilatı xeyli artıb. Bunlar ölkənin daxili bazarına gələn qaz həcmləridir ki, bunun nəticəsində də yeraltı qaz anbarlarına vurulan qaz həcmləri artır, həm də ölkənin ildən-ilə genişlənən qaza olan tələbatı ödənilir”.

Ekspert deyir ki, əvvəllər ölkənin qaza olan tələbatı faktiki olaraq birtərəfli sahə üzrə artırdı ki, bu da əsasən əhali qrupundan olan abonentlərin şəbəkəyə qoşulması hesabına həyata keçirilirdi: “Çünki 2012-ci ildən ölkədə miqyaslı qazlaşma layihəsinə start verilib və ildən-ilə yeni yaşayış məntəqələri, o cümlədən tikilən binalar qazpaylayıcı şəbəkəyə qoşulub. Bu da əlavə qaz istehlakına gətirirdi. Ancaq 2018-ci ildən əsasən sənayenin qaz istehlakında xüsusi çəkisi getdikcə artır. SOCAR-ın karbomid zavodu kifayət qədər istehsal gücünü artırır. Digər tərəfdən SOCAR-ın bundan əvvəl istifadəyə verilmiş və ildən-ilə gücünü artıran metanol zavodu təbii qazı xam malı kimi istifadə edib, onu məhsula çevirən istehsal müəssisələridir ki, əlavə dəyəri yaradırlar. Bu, ölkə üçün çox xeyirli sahələrdir”.

Mərkəzin rəhbəri qeyd edib ki, bu baxımdan getdikcə yeni qaz həcmləri artır, qazla işləyən sənaye müəssisələrinin sayı artır və bundan sonra da artacaq: “Bu ildən Azərbaycanda təbii qazın daha bir sektorda istifadəsinə başlanılıb. Bu da sıxılmış təbii qaz - CNG-dir. Düzdür, bu sahənin ölkəmizdə 2015-ci ildən istifadəsi tətbiq edilir və bu, ancaq avtobuslarda idi. Hazırda isə bunun minik avtomobillərində istifadəsi populyarlaşmağa başlayıb. Nazirlər Kabinetinin qərarına əsasən, artıq 2022-ci ildən Azərbaycanda bütün ictimai nəqliyyat bu yanacaq növünə keçəcək. Yəni Azərbaycanın qaz ölkəsinə keçmək planları var”.

Mütəxəssis deyir ki, təbii ki, əgər hökumətdə özünə güvən, yəni əmtəəlik qaz ehtiyatlarına güvən olmasaydı, bu cür layihələri də həyata keçirməzdi: “Həm sənaye obyektləri, həm əhali qrupunun təmin edilməsi, həm də yeni bir sektor olan, nəqliyyat sektorunun da qazla təminatına da keçid etməzdi. Bu, həm ekoloji faktorlarla əlaqədardır, həm də kommersiya məsələlərindən irəli gəlir. Çünki, təbii qazdan istifadə həm istehsalçılar üçün əlavə dəyər yaradan məsələdir, həm də istehlakçılar üçün daha qənaətçil yanacaqdır”.

İ. Şaban deyir ki, 2021-ci ilin sonunda-2022-ci ilin əvvəllərində “Abşeron” yatağından daxili bazara 1,7 mlrd kubmetr həcmində qaz gələcək: “Ondan bir qədər sonra “Qarabağ” yatağının “Equinor” şirkəti tərəfindən istismarına başlanacaq. Bu yataqlardakı qaz və kondensat hasilatı da daxili bazara yönəldiləcək. Bundan başqa, “Ümid” və “Bulla” yataqlarından qaz hasilatı artacaq. Yeni qaz yataqlarının perspektivləri gündəmə gələcək. Bu il BP şirkəti “Qobustan”da quruda qaz kəşfiyyat quyusunun qazılmasına başlayıb ki, burada da məqsəd tapılacaq qazın daxili bazara yönəldilməsidir”.

 

İlham Şaban

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban

"Bundan sonra Azərbaycan 10 il ərzində özünün qaza olan tələbatını indiki səviyyədə saxlaya bilər".

O, qazla bağlı qıtlıq olacağı ilə bağlı deyilən məsələlərlə razı deyil. Amma qeyd edir ki, ölkədə qazın paylaşdırılmasında böyük itkilər var: “Paylayıcı şəbəkənin yenidən qurulması hesabına Azərbaycanın xeyli qaz qənaət etməsi mümkündür. Ölkədə qənaətcil texnologiyaların inkişafı ilə bağlı kompleks yanaşma olarsa, Azərbaycanın enerjiyə olan tələbatı heç də artmamalıdır. Azərbaycanda istehlak olunan qazın yarısı elektrik enerjisinin hasilatına sərf edilir. Bunun üçün də qənaətcil texnologiyanın istər sənayedə, istərsə də məişətdə istifadəsi kompleks şəklində həll edilməlidir. Bundan sonra Azərbaycan 10 il ərzində özünün qaza olan tələbatını indiki səviyyədə saxlaya bilər”.

Qeyd edək ki, Azərbaycanda iki - “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarları mövcuddur. Qaz anbarlarına qazvurma mövsümü aprel-noyabr aylarını əhatə edir.

“Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarlarının tutumunun artırılaraq 5 mlrd kubmetrə çatdırılması və bu prosesin iki mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.

Qaz anbarlarının həcminin artırılması ilə bağlı, hazırda “Qalmaz” yeraltı qaz anbarının qaz tutumunun genişləndirilməsi üçün yeni qaz kompressor stansiyasının, qazpaylama məntəqəsinin tikintisində, eləcə də, şleyf xətlərinin çəkilməsində işlər yekunlaşmaq üzrədir. Habelə “Qaradağ” sahəsində eyni məqsədlə yeni qaz kompressor stansiyasının, qazpaylama məntəqəsinin tikintisi, eləcə də, şleyf xətlərinin çəkilməsi üçün layihə hazırlanır.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədi ilə SOCAR qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulmuş vəzifə planlı şəkildə yerinə yetirilir”, - Dövlət Neft Şirkətindən bildirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR