Azərbaycanda Ramazan ayının başlanacağı tarix açıqlanıb
"Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2019-cu il üzrə hesablamalarına görə, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Miladi tarixlə aprelin 25-nə təsadüf edir. Ay göründüyü andan etibarən Ramazani-şərif başlayır və niyyət gecəsi aprelin 24-dən 25-nə keçən gecəyə düşür".
Bunu BAKU.WS-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.
Qeyd edək ki, insanların düşünüb ibrət almaları, Haqq yoluna hidayət olunmaları üçün göndərilən Qurani-Kərim məhz Ramazan ayının mübarək Qədr gecəsində nazil olmuşdur. Qadir Allah “Bəqərə” surəsinin 183-cü ayəsində Ramazanda oruc tutmağın müsəlmanlara vacib olduğunu bəyan edərək belə buyurmuşdur:
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) pis əməllərdən çəkinəsiniz!”
Oruc insanı səbrə, nəfsi tərbiyə etməyə, paklıq, mərhəmət və xeyirxahlığa, habelə ehtiyac sahiblərinin halını anlamağa təşviq edən bir ibadətdir. Bu ibadətin fəzilətindən bəhs edən Peyğəmbər (s) buyurmuşdur:
“Kim Ramazan ayının orucunu iman edərək və savabını yalnız Allahdan gözləyərək tutsa, keçmiş günahları bağışlanar”. Rəsulullahın (s) “kiçiklərinizə mərhəmət və böyüklərinizə hörmət göstərin” tövsiyəsinə əsasən ilk olaraq valideynlərə ehtiram göstərmək, uşaq evlərinə, yaşlılara, ehtiyac sahiblərinə maddi və mənəvi dəstək olmaq, kimsəsizlərin kimsəsi olmaq orucluqda Allah-Təalanın rizasını qazanmaq üçün bir fürsətdir.
Cəhənnəm qapılarının bağlandığı və ilahi məğfirətin bol olduğu Ramazanda Qurani-Kərimi oxuyub mənasını dərk etməyə çalışmaq, qohum-qonşuya baş çəkmək, əbədi aləmə köç edənlərin ruhunu yad etmək, insanların sevinc və qəminə şərik olmaqla cəmiyyətdə dostluq və qardaşlığı təbliğ etmək dinimizdə böyük savablardan hesab olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət