Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda qəbiristanlıq olmayan şəhər

Azərbaycanda qəbiristanlıq olmayan şəhər
Sakura

Daşkəsəndə qəbiristanlıq yoxdur. Burada dünyasını dəyişənlərin böyük əksəriyyəti, 40 km məsafə qət edilərək,…

İlk dəfə bu məlumatı eşidəndə açığı çox təəccübləndim. Necə ola bilər ki, onminlərlə əhalisi olan bir şəhərdə qəbiristanlıq olmaya? Bu xəbərin ardınca getdiyim yerə çatanda isə, artıq heç bir təəccübüm qalmadı. Hətta bura hansı səbəbdən gəlməyim belə, yaddan çıxdı.

Buna səbəb isə, qarşımda açılan əsrarəngiz mənzərə və buranın gördüyüm yerlər içində ən qeyri-adisi olması idi. Qısası, bura Daşkəsəndir. Azərbaycanda ən yüksəkdə ərazidə yerləşən rayon məkəzlərindən biri.

Şəhər insanda dünyanın ən yüksək yeri olması təsəvvürü yaradır. Hündür dağlar üzərində göyə ucalan rəngarəng binalar isə Daşkəsənə xüsusi bir əzəmət verir. Şəhərin girişində, külüngünü göyə qaldıraraq dayanan Fərhad heykəli, sanki Daşkəsəni bəd niyyətlərdən qoruyur.

Doğrusu, məkanın təsirindən çıxıb özümə gələndə isə, ilk ağlıma gələn — "bəlkə də burada ölən olmur deyə, qəbirsanlıq da yoxdur" fikri oldu. Lakin şəhərin girişi də qarşıma çıxan Şəhidlər Xiyabanı bu firki yarıda qoydu. Demək, Əzrayıl nə qədər unutmuş yer olsa da, ermənilərin təcavüzü nəticəsində, vətənimizin istənilən bölgəsi şəhadətdən öz "payına düşəni" alıb.

Daşkəsəndə yas mərasimində olarkən şahidi olduğu bir hadisə yadıma düşdü. Mərasimdə, kişili-qadınlı, cavanlı-qocalı hər kəs mollaya yaxınlaşıb pul verərək, şəhidlərimizin, xüsusilə rayon şəhidlərinin ruhuna "Yasin" oxutduğu barədə danışmışdı bir qohumum. Bu hadisə daşkəsənliərin şəhidlərə hörmətinin digər bölgələrə də örnək olası bir təcəssümüdür, zənnimcə.

Şəhərə hələ girməmiş yol üzərində polis şöbəsinin yerləşməsi də təəccübümə səbəb oldu. Lakin sakinlərlə söhbətdən məlum oldu ki, şəhərin bir girişi olduğu kimi çıxışı da birdir. Yəni şəhərə girən hara gedirsə getsin, yenə qayıdıb bu yoldan çıxmalıdır. Yerlilərin isə bir-birinə pislik etmək kimi bir fikri yoxdur, deyir daşkəsənlilər. Mərkəzi Heydər Əliyev prospekti ilə irəlilədikcə, növbə ilə avtovağzal, bazar, sonra isə, xəritədə ana yolun ətrafında salxım söyüdü xatırladan şəhər gəlir.

Qayıdaq əsas məsələyə. Söhbətləşdiyim sadə daşkəsənlilər gəlişimin səbəbilə bağlı müxtəlif fikirlər söylədilər. Məlum oldu ki, nəinki Daşkəsən, həmçinin ətraf bir neçə qəsəbədə də qəbiristanlıq yoxdur. "Bəs ölüləri harda dəfn edirsiniz?" sualına belə cavab aldım ki, burada dünyasını dəyişənlərin böyük əksəriyyəti, 40 km məsafə qət edilərək, Gəncə şəhərində dəfn edilir, digər qismi də ətraf kəndlərdə.

Daşkəsənlilərin bəziləri məsələnin heç fərqinə varmayıblar, bunun sanki, bir yazılmamış qanun olduğunu düşünürlər. Ümumilikdə, sakinlərlə söhbətdə məlum oldu ki, daşkəsənlilər Gəncəyə ikinci doğma şəhərləri kimi baxırlar. Hətta buradakı insanların bir qisminin Gəncədə evləri də var.

Məsələ ilə bağlı rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyevlə əlaqə saxladıq. Məlum oldu ki ərazi yüksək dağlıq və torpağın alt qatının qayalıq  olması səbəbindən  qəbir yerlərinin qazıntısı çətinlik törədir. Bu səbəbdən də əhali ölülərini dəfn etmək üçün   ya yaxın kəndlərə yaxud da Gəncəyə aparır.

Şəhərdə olarkən diqqətimi çəkən başqa bir məqam da oldu. Belə ki, nə qədər çətin relyefinin olmasına baxmayaraq, şəhərdə su və kanalizasiya xətlərinin yenidən qurulması istiqamətində qızğın iş gedir. Bu da təbii ki, sakinlər qədər məni də sevindirdi…



İlham MUSTAFA, Sputnik Azərbaycan
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR