Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda penitensiar sistemdə təhlükəsizlik tədbirləri və onların tətbiq edilmə qaydaları haqqında təlimat təsdiqlənib

Azərbaycanda penitensiar sistemdə təhlükəsizlik tədbirləri və onların tətbiq edilmə qaydaları haqqında təlimat təsdiqlənib
Sakura

Azərbaycanda penitensiar sistemdə təhlükəsizlik tədbirləri və onların tətbiq edilmə qaydaları haqqında…

Ədliyyə Nazirliyi “Azərbaycan Respublikasının penitensiar sistemində təhlükəsizlik tədbirləri və onların tətbiq edilmə qaydaları haqqında təlimat”ı təsdiq edib.

Report”un xəbəri verir ki, qərarı ədliyyə naziri Fikrət Məmmədovimzalayıb.

Bu Təlimat Avropa Penitensiar Qaydalarının, işgəncələrin, qeyri-insani, ləyaqət alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında beynəlxalq normaların əsas prinsipləri nəzərə alınmaqla məhkumların, həbs edilmiş şəxslərin, şəxsi heyətin və penitensiar müəssisələrə baş çəkən bütün şəxslərin təhlükəsizliyinin təmin edilməsi və təhlükəsizliyə təhdid yarada bilən zorakılıq risklərinin minimuma endirilməsi məqsədi ilə hazırlanıb.

Xüsusi vasitələr tətbiq edilərkən aşağıdakı şərtlərə riayət edilməlidir:

1. insana qarşı xüsusi vasitələr yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquq pozuntusunun ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir,

2. qrup halında və ya odlu silah işlətməklə basqın etmə, o cümlədən silahlı müqavimət göstərmə halları istisna olmaqla, xüsusi vasitələr qadınlara, azyaşlılara, yanında azyaşlı uşaqlar olanlara, əlilliyi, yaxud digər fiziki və ya psixi qüsurları aşkar bilinən şəxslərə qarşı, habelə insanların toplaşdığı və ya kənar şəxslərin zərər çəkə biləcəyi yerlərdə tətbiq edilməməlidir,

3. xüsusi vasitələr yalnız real təhlükənin qarşısı alınarkən tətbiq edilə bilər,

4. xüsusi vasitələrin tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır,

5. hüquq pozuntusunun xarakterindən və təhlükəlilik dərəcəsindən, eləcə də göstərilən müqavimətin gücündən asılı olaraq, vurulan zərərin minimal olmasına cəhd edilməlidir,

6. xüsusi vasitələr tətbiq edilmiş şəxslər tibbi müayinədən keçirilməli və onlara tibbi yardımın göstərilməsi təmin edilməlidir.

Əməkdaşlar və hərbi qulluqçular rezin dəyənəkləri və əl qandallarını nümayişkaranə surətdə üzərlərində gəzdirməməlidirlər.

Xüsusi vasitələrin qeyri-qanuni tətbiqinə yol vermiş penitensiar sistemin əməkdaşları, Mühafizə alayının və Konvoy taborunun hərbi qulluqçuları qanunla müəyyən edilmiş qaydada intizam və ya cinayət məsuliyyəti daşıyırlar.

Xüsusi vasitələr penitensiar sistemin şəxsi heyəti, həmçinin bu müəssisələrin mühafizəsini, həbs edilmiş şəxslərin və məhkumların müşayiətini həyata keçirən hərbi qulluqçular tərəfindən aşağıda göstərilən müstəsna hallarda tətbiq oluna bilər:

1. Penitensiar xidmətin işçilərinə və ya digər şəxslərə həbs edilmiş şəxslər və ya məhkumlar tərəfindən edilən hücumları dəf etmək üçün,

2. kütləvi iğtişaşların və ya penitensiar müəssisədə saxlanılma rejiminin qrup halında pozulmasının qarşısını almaq üçün,

3. penitensiar müəssisənin işçilərinin və ya penitensiar müəssisədə rejimin təmin edilməsinə cəlb olunmuş əməkdaşların qanuni tələblərinə tabe olmayan və ya onlara fiziki müqavimət göstərən həbs edilmiş şəxslərin və məhkumların qanunsuz hərəkətlərinin qarşısını almaq üçün,

4. girov saxlanılan şəxsləri, zəbt olunmuş binaları, yerləri, qurğuları və nəqliyyat vasitələrini azad etmək üçün,

5. həbs edilmiş şəxslərin və məhkumların penitensiar müəssisədən və ya mühafizə altından qaçması cəhdinin və ya qaçanların tutulması zamanı göstərilən hüquqazidd hərəkətlərin qarşısını almaq üçün,

6. həbs edilmiş şəxsin və məhkumun intihar, özünə və ətrafdakılara zərər yetirmək cəhdinin qarşısını almaq üçün,

7. hazırlanan və ya törədilən cinayətlərin qarşısını almaq üçün.

Həbs edilmiş şəxslərə və məhkumlara aşağıdakı xüsusi vasitələr tətbiq olunur:

1. nəzərdə tutulmuş hallarda rezin dəyənəklər,

2. nəzərdə tutulmuş hallarda əl qandalları,

3. nəzərdə tutulmuş hallarda yayındırıcı təsir göstərən işıq-səs vasitələri,

4. nəzərdə tutulmuş hallarda maneə dağıdan vasitələr,

5. nəzərdə tutulmuş hallarda suvuranlar və zirehli maşınlar,

6. nəzərdə tutulmuş hallarda xidməti itlər,

7. nəzərdə tutulmuş hallarda gözyaşardıcı qaz.

Həbs edilmiş şəxslərin və məhkumların hava gəmisində müşayiəti zamanı əl qandalı əllər qabaq tərəfdə olmaqla tətbiq edilir.

Xüsusi vasitələrin tətbiq edilməsi barədə xüsusi jurnalda qeydiyyat aparılır.

Xüsusi vasitələrin tətbiq olunması barədə qərar konkret əməliyyata rəhbərlik edən vəzifəli şəxs, həbs edilmiş şəxslərin və məhkumların müşayiəti zamanı isə qarovul rəisi və ya onun köməkçisi tərəfindən qəbul edilir. Fərdi qaydada hərəkət edən əməkdaş, hərbi qulluqçu xüsusi vasitələrin tətbiq olunması haqqında qərarı müstəqil olaraq qəbul edir.

Xüsusi vasitələrin növü və onun tətbiqinin intensivliyi yaranmış vəziyyət, hüquqazidd hərəkətin xarakteri, hüquqazidd hərəkət edən şəxsin şəxsiyyəti və xüsusi vasitələrin taktiki-texniki xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir.

Xüsusi vasitələr tətbiq olunduqda əməkdaşlar təmkinlik göstərməlidirlər. Xüsusi vasitələri tətbiq edən əməkdaşların hərəkətləri qarşıda duran vəzifələrə uyğunlaşdırılmalı və vətəndaşların sağlamlığına ziyan vurulması ehtimalı minimuma endirilməlidir.

Xüsusi vasitələr hər hansı bir şəxsə və ya şəxslərə qarşı tətbiq edilməzdən əvvəl onlara bu barədə səslə xəbərdarlıq edilir (həmçinin onların ana dilində) və bundan sonra bu vasitələr tətbiq edilir.

Uzaq məsafədən və ya böyük qrup şəklində olan şəxslərə müraciət səs gücləndirici qurğular vasitəsi ilə edilir. Bütün hallarda xəbərdarlıq iki dəfədən az olmayaraq təkrarlanmalı və xəbərdarlığa cavab reaksiyası verilməsi üçün kifayət qədər vaxt verilməlidir.

Hüquqazidd hərəkətlərə yol verən şəxslər tərəfindən açıq şəkildə hücum edildikdə xüsusi vasitələr xəbərdarlıq edilmədən tətbiq oluna bilər.

Xüsusi vasitələrin tətbiq edilməsi aşağıdakı hallarda qadağandır:

1. Hamilə və azyaşlı uşağı olan qadınlara, yetkinlik yaşına çatmayanlara və əlilliyi (şikəstliyi) aşkar görünən şəxslərə - vətəndaşların, əməkdaşların həyat və sağlamlığına onlar tərəfindən hücum və təhlükə yaradan hərəkətlər istisna olmaqla,

2. Tez alışan və ya partlayıcı maddələrin hazırlanması, saxlanılması, yaxud istehsalı ilə bağlı olan binalarda.

Əl qandalı tətbiq edildikdə hər iki saatdan bir kilidlərin fiksasiya vəziyyəti yoxlanılmalıdır.

Əl qandalları onların tətbiq edilməsinə göstəriş vermiş şəxsin və ya yuxarı rəisin göstərişi ilə çıxarılır.

Rezin dəyənək tətbiq edildikdə insanın başına və boyun nahiyəsinə zərbə endirməkdən çəkinmək lazımdır. Müqavimət göstərməyən şəxsə rezin dəyənəyin tətbiq edilməsi qadağandır. Əməkdaşların qanuni tələblərinə qrup şəklində tabe olmayan şəxslərə tətbiq olunan fiziki qüvvə müsbət nəticə vermədiyi halda onlara əvvəlcədən xəbərdarlıq etməklə rezin dəyənək tətbiq etməyə icazə verilir.

Xüsusi vasitələrin tətbiq edildiyi hər bir halda zərərçəkmiş şəxslərə təxirəsalınmadan tibbi yardım göstərilməsini təmin etmək üçün tədbirlər görülməlidir. Xüsusi vasitələri tətbiq edən əməkdaşlar ilkin tibbi yardım göstərmək təcrübəsinə yiyələnmək üçün təlim keçməlidirlər.

Xüsusi vasitələr tətbiq edildikdən sonra, bu vasitələrin tətbiq edildiyi binalarda və yerlərdə yanğın törədə biləcəyi ehtimal olunan mənbələrin, zədələnmiş yaşayış təyinatlı obyektlərin, zərərçəkmişlərin aşkar edilməsi və işə düşməmiş xüsusi vasitələrin yığılması məqsədilə baxış keçirilir, zəruri hallarda qazdan təmizləmə işləri aparılır.

Xüsusi vasitələri tətbiq etmiş əməkdaşlar, hərbi qulluqçular bu barədə raportla öz rəislərinə məruzə etməli, raportda xüsusi vasitələrin nə vaxt, hansı şəraitdə, harada və kimə qarşı tətbiq etdiklərini göstərməlidirlər.

Xüsusi vasitələrin tətbiq edilməsi faktı ilə əlaqədar penitensiar müəssisələrin rəisləri, Mühafizə alayının və Konvoy taborunun komandiri tərəfindən ədliyyə nazirinə və Penitensiar xidmətin rəisinə yazılı məlumat göndərilir (Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin tabeliyində olan müvafiq qurumların rəhbərləri Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirinə məruzə edirlər).

Xüsusi vasitələrin qanuni əsaslarla tətbiq olunub-olunmadığı araşdırılır. Xüsusi vasitələrin qeyri-qanuni tətbiqi hallarında tətbiq etmiş şəxsin əməlində cinayət tərkibi müəyyən edildikdə, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün ərazi üzrə prokurorluq orqanlarına göndərilir.

Barəsində xüsusi vasitə tətbiq edilmiş şəxs bununla əlaqədar şikayət etmək hüququna malikdir.

Xüsusi vasitələr penitensiar sistemin müvafiq hazırlıq keçmiş əməkdaşları və hərbi qulluqçuları tərəfindən tətbiq edilir.

Xüsusi vasitələrin tətbiq edilməsi qaydaları şəxsi heyətə Penitensiar xidmətin Təlim mərkəzində və xidməti hazırlıq sistemində tədris olunur. Mühafizə alayının və Konvoy taborunun hərbi qulluqçularına tədris proqramlarına uyğun Xüsusi vasitələrin tətbiq olunması ilə bağlı təlimlər keçirilir. Təlimlərin yekununda əməkdaşların və hərbi qulluqçuların bilikləri qiymətləndirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR