Azərbaycanda ilk dəfə "Mobil elektron imza" layihəsi təqdim olunub
AZƏRTAC xəbər verir ki, mayın 7-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi ilə Kapital Bank arasında reallaşan "Mobil elektron imza" layihəsinin təqdimatı keçirilib.
Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Kapital Bankın rəsmiləri ilə yanaşı, dövlət qurumlarının nümayəndələri, startapçılar da iştirak ediblər.
Elektron imza virtual məkanda mövcud olan, əl ilə imzalanmış imzaya bərabər tutulan imzadır və onun istifadəsi bütün dünyada olduğu kimi, Azərbaycanda da artıq texnoloji trend hesab olunur. Ölkədə elektron imza infrastrukturunun inkişafı əhalinin elektron xidmətlərə marağının yüksəlməsinə və "Mobil elektron imza" həllinin yaradılmasına zəmin yaradıb. Kapital Bankla birgə əməkdaşlıq nəticəsində reallaşan bu layihə vətəndaş məmnunluğunun artmasına hesablanıb.
"Mobil elektron imza" Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırlanan innovativ layihədir və bank əməliyyatlarının rahat şəkildə aparılmasına, habelə sənədlərin imzalanma prosesinin sürətli, təhlükəsiz və elektron şəkildə həyata keçirilməsinə imkan yaradacaq.
Bank sektorunda hər zaman yeniliklərə imza atan ölkənin innovativ bankı Kapital Bank "Mobil elektron imza" layihəsinə qoşulan ilk bankdır. Bu gündən etibarən bankın müştərisi qısa müddət ərzində "Mobil elektron imza" sertifikatlarına sahib ola biləcək. Belə ki, bankın səlahiyyətli əməkdaşı müştərini 5 dəqiqə ərzində mobil elektron imza ilə təmin edəcək.
Layihə bank əməliyyatlarının daha çevik aparılması ilə yanaşı, mobil bankçılığın inkişafında da əhəmiyyətli rol oynayacaq. Həmçinin yarana biləcək bəzi neqativ halların aradan qalxmasına gətirib çıxaracaq. "Mobil elektron imza"nın üstünlükləri sırasına sənədlərin məkanından asılı olmayaraq onlayn imzalanması, hər hansı tətbiqə inteqrasiyasının mümkünlüyü, imzalanmış sənədlərin təhlükəsizliyi daxildir.
"Mobil elektron imza" layihəsi konsepsiyasının əsas hədəfi, ənənəvi klassik metodlardan fərqli olaraq, bank xidmətlərində biznes subyektləri arasında münasibətlərin elektron müstəvidə qurulması və idarəçilik sisteminin təşkilində hüquqi öhdəliklərin təsdiqlənməsi, həmçinin təhlükəsizlik faktoru üzrə etibarlı mühitin yaradılmasıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət