Slimfit
  1. MARAQLI

Azərbaycanda ilanlarla dostluq edən qeyri-adi insan

Azərbaycanda ilanlarla dostluq edən qeyri-adi insan
Sakura

Uzunluğu 206 sm olan, ən zəhərli sürünənlərdən sayılan boz rəngli Qafqaz gürzəsi 12 ildir Mirhəsən Abıyevin…

55 yaşlı Mirhəsən Abıyev Ağdamın Quzanlı qəsəbəsində yaşayır. Nə qədər qəribə səslənsə də, uşaqlıqdan ilan saxlamağa marağı olub. Həmyaşıdları köpək, quş bəsləyəndə, o, günlərini ilanlarla oynamaqla keçirib.

Sputnik Azərbaycan-a danışan Mirhəsən Abıyev deyir ki, yaşca ondan böyüklər ilanlardan qorxub qaçanda, o, bu qorxunun səbəbini anlamayıb: "8-9 yaşım olardı, at arabasında yer düzəltmişdim, orada gürzə saxlayırdım. Bir pişik yaxınlaşıb ilana cırmaq atdı. Gürzə pişiyi dişləyib öldürdü. Ondan sonra başa düşdüm ki, ilan adamı vurub öldürə bilər, ona görə qorxurlar".
 
O, iddia edir ki, seyid nəslindəndir, amma ilanların seyidlərə toxunmadığı haqqında dolaşan rəvayətlərə etibar etmir. Elə buna görə də, dünyanın ən zəhərli heyvanı ilə qurduğu dostluq münasibətində "cəddinin" köməyindən çox ilana olan xoş rəftarına güvənir.
 
Müsahibimizin sözlərinə görə, heyvan özünə qarşı təhlükə hiss etməməlidir: "Əks halda, özünü qorumaq üçün mütləq hücum edəcək".
 
Atalar "ilanın ağına da lənət, qarasına da" desələr də, uzunluğu 206 sm olan, ən zəhərli sürünənlərdən sayılan boz rəngli Qafqaz gürzəsi, 12 ildir Mirhəsən Abıyevin demək olar ki, ailə üzvünə çevrilib. Dediyinə görə, ailəsi də onun bu zəhərli sürünəni evdə bəsləməsini normal qəbul edir. İlan əsasən gəmiricilər və ölmüş quşlarla qidalanır.
 

"Azərbaycanda 30-a yaxın ilan növü var. Onun 7-si yarımzəhərlilər sinfinə aiddir. Əslində gürzələri öldürmək düz deyil. Getdikcə nəsli tükənir. Məsələn, artıq buynuzlu gürzəyə rast gəlmək olmur" – deyə Mirhəsən Abıyev bildirir.

Həmsöhbətimiz gürzələrin mart ayının sonlarına doğru, yəni cütləşmə dövründə aqressiv olduğunu deyir. Lakin Mirhəsən Abıyev ilanı sakitləşdirməyin də çarəsini tapıb: "Rezin boruya ilan qabığı taxıram, əlimlə hərəkət etdirirəm, guya başqa erkək ilandır, döyüşmək istəyir. Qabıqdakı qoxu ilan qoxusu olduğuna görə, müqavimət göstərir, başqa bir ilan hesab edir, əlimdən alıb yıxır, gücünü göstərir ki, mən səndən güclüyəm. Ondan sonra sakitləşir".

Müsahibimiz ölçüsü kiçik, qızılı rəngdə olan, xalq arasında rənginə görə "qızıl ilan" adlandırılan ilanla bağlı danışılanları əfsanə adlandırır: "Həmin əfsanəyə görə, bu ilanlar yeddi qardaşdır, birini öldürdükdə, digərləri onun intiqamını almağa çalışır. Əslində bu ilanlar həddindən artıq qorxaq və zəhərsizdir. Cəld hərəkət etməyinin səbəbi də qaçaraq təhlükədən xilas olmaq refleksindən irəli gəlir".
 

O, qeyri-adi xüsusiyyəti hesabına tez-tez həmyerlilərinin köməyinə çatır. Belə ki, qəsəbə sakinləri evdə, şəxsi təsərrüfatlarında ilana rast gələndə Mirhəsən Abıyevə ehtiyac duyurlar. Çağırılmamış qonaqları ram edə bilən Mirhəsən, ilanları öldürməyin əleyhinə olduğundan, onları yaxalayaraq təbiətə buraxır.

Uzun illərdir ilanlarla dostluq edən Mirhəsən Abıyev təcrübələrinə əsasən bu qənaətə gəlib ki, dünyadakı bütün canlılar bir-birinə ziyan vermədən birlikdə, hətta bir damın altında belə, yaşaya bilərlər, yetər ki niyyətiniz xoş olsun. "Şirin dil ilanı belə yuvasından çıxarar" misalında olduğu kimi.




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR