Dövlət Komitəsinin sədri: “Hələ də təhsildən yayınan, erkən yaşda nikaha məcburi olaraq daxil edilən…
“Azərbaycanda hələ də təhsildən yayınan, erkən yaşda nikaha məcburi olaraq daxil edilən, əməyə cəlb olunan uşaqlarımız var”.
“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Gənclər təşkilatları dayanıqlı inkişaf məqsədləri naminə” adlı konfransda çıxışı zamanı deyib.
Onun fikrincə, əgər insan təhsillidirsə, savadlıdırsa onun həyata baxışı da fərqli olur.
Dövlət Komitəsinin sədri qız uşaqlarını keyfiyyətli təhsil almağa çağırıb: “Ona görə də qadınların və kişilərin əlçatan və keyfiyyətli təhsil almaları əsas hədəflərdəndir. Tədqiqatçıların fikrincə, təhsil sahəsində gender bərabərsizliyinin aradan qaldırılması dünyada yoxsulluğun azaldılmasına imkan yaradacaq əsas faktorlardan biridir. Təsəvvürünüzə gətirin ki, bir ailənin qız uşağı məktəbə gedir, keyfiyyətli təhsili əldə edir, daha sonra istədiyi peşəyə sahib olur, işləyir və əldə etdiyi gəlir hesabına ailəsinə maddi dəstək olur. Belə bir qız uşağının erkən yaşda ərə getməsi, ailə zorakılığına məruz qalması, yoxsul olması nadir hallarda baş verə bilər. Deməli təhsil almaq, peşə sahibi olmaq çox vacibdir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət