Azərbaycanda beynəlxalq daşımaçılıq şirkətinə yazılan cərimə ləğv edilib
Bakı Apelyasiya Məhkəməsində “Yom Azərbaycan” MMC-nin cərimələnməsi barədə qərardan verilən şikayətə baxılıb.
"Report"un xəbərinə görə, hakim Mirzəli Abbasov apelyasiya şikayətini təmin edib.
Qərara əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, tərtib etdiyi protokol üzrə inzibati icraata xitam verilib. Bu maddə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Şikayəti şirkətin 180.2 ABŞ dolları məbləğində cərimələnməsi barədə Nərimanov Rayon Məhkəməsinin qərarından verilmişdi.
Qeyd edək ki, “Yom Azərbaycan” beynalxalq daşımaçılıq, anbar əməliyyatları, çatdırılma, əlavə dəyər xidmətləri, gömrük rəsmiləşdirilməsi, sürətli poçt və digər ximətlər göstərən şirkətdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət