Azərbaycana Türkiyədən turist axını gözlənilir
Yanvarın 30-da Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmiz EMİTT 2019 - Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində təmsil olunur.
Modern.az xəbər verir ki, fevralın 2-dək davam edəcək sərgi çərçivəsində Türkiyəni və digər iştirakçı ölkələri təmsil edən turizm şirkətləri ilə B2B formatlı (Biznesdən-biznesə) görüşlər keçiriləcək və əməkdaşlıq imkanları qiymətləndiriləcək.
Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid qeyd edib ki, Türkiyə Azərbaycan üçün prioritet bazardır və bu ölkədən gələn vətəndaşlar sayı Azərbaycana gələnlər arasında ilk pillələrdə qərarlaşır.
O diqqətə çatdırıb ki, ən vacib məsələlərdən biri bu ilin iyun ayında AVRO-2020-nin final mərhələsinin qrup oyunları çərçivəsində Türkiyə yığmasının Azərbaycanda 2 qarşılaşma keçirməsi olacaq. Bu oyunların Bakıda baş tutması türkiyəli turistlər Azərbaycana bir daha baxmaları üçün gözəl şans olacaq.
Sayca 24-cü olan EMİTT sərgisi hər il keçirilir və dünyanın beş ən böyük turizm sərgisindən biri hesab olunur.
2019-cu ildə sərgidə dünyanın 94 ölkəsindən 1201 turizm şirkəti təmsil olunub və sərgi ümumilikdə 57 mindən çox ziyarətçi qəbul edib.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycana səfər edən türkiyəli vətəndaşların sayı 316 min nəfər təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 8.6% artım deməkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət