Azərbaycan XİN: “Ermənistan tərəfindən bir müddətdir qəsdən gərginliyin artırılması siyasəti həyata keçirilir”
Ermənistan tərəfindən bir müddətdir ki, iki ölkənin sərhədyanı ərazilərində qəsdən gərginliyin artırılması siyasəti həyata keçirilir.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun Azərbaycan ərazisinə keçməsi və ərazini minalama və digər diversiya cəhdləri terror-təxribat əməli kimi qiymətləndirilir.
Azərbaycan Ermənistanın illər ərzində basdırdığı minalardan əziyyət çəkdiyi halda, Ermənistanın diversant qrupu tərəfindən Azərbaycan ərazisində həyata keçirilən diversiya və keçid yollarını növbəti minalama cəhdləri Azərbaycan hərbçilərinin və gələcəkdə mülki insanların həyatı üçün ciddi təhlükə ola bilərdi.
Azərbaycan Ermənistan-Azərbaycan dövlət sərhədində gərginliyin danışıqlar yolu ilə aradan qaldırılmasının tərəfdarıdır və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar beynəlxalq ictimaiyyətin çağırışlarını dəstəkləyir.
Azərbaycanın sərhədlərinin pozulmasına yönəlik cəhdlər yolverilməzdir. Ermənistan iki ölkənin sərhədində gərginliyin artırılmasına yönəlmiş əməllərdən çəkinməli və qonşu dövlətin sərhədlərinə hörmətlə yanaşmalıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət