Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 yaşını qeyd edir

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 yaşını qeyd edir
Sakura

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 yaşını qeyd edir

Bu gün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (AXDG) 160 illik yubileyini qeyd edir. 

"Report" xatırladır ki, şirkət 2013-cü il oktyabrın 22-də Prezident İlham Əliyevin Azərbaycanda mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması barədə fərmanı əsasında yaradılıb. 

Bununla belə, onun əsası 1858-ci ildə “Qafqaz və Merkuri” səhmdar cəmiyyətinin yaradılması ilə qoyulub.

1866-cı ildə Cəmiyyətin Bakıda mexaniki zavodunun bünövrəsi qoyulub və donanmanın kadrlara tələbatını ödəmək məqsədilə 1881-ci ildə Bakı dənizçilik sinifləri təşkil edilib.

Sonrakı illərdə gəmiçiliyin donanması ölkədə və xaricdə inşa edilmiş yeni tipli gəmilərlə zənginləşir. Xəzər dənizçilərinin ixtiyarına “çay-dəniz” tipli tankerlər, pambıq, taxta-şalban və s. daşıyan gəmilər verilir. 1962-ci ildə Xəzər Dəniz Nəqliyyatı Layihə-Axtarış Elmi-Tədqiqat İnstitutu mütəxəssislərinin layihəsi əsasında o dövr üçün Avropada ən böyük Bakı – Türkmənbaşı gəmi-bərə keçidi işə salınıb. 

1960-cı ildən etibarən Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilər Volqa - Balt kanalı vasitəsilə dünya sularına çıxmağa başlayıb.

SSRİ Nazirlər Sovetinin 31 oktyabr 1949-cu il tarixli “Xəzərdə dəniz neft istehsalının inkişafı haqqında” sərəncamı ilə “Azərneft” birliyi, onun tərkibində isə SSRİ Neft Sənayesi Nazirliyinin 4 noyabr 1949-cu il tarixli əmri ilə “Üzən vasitələr” idarəsi yaradılır. Xəzər Dəniz Neft Donanmasının inkişafı məhz bu tarixdən başlanır. Həmin dövrdə “Artyomneft” və “Stalinneft” dəniz qazma trestlərinin üzmə vasitələri yeni yaradılmış idarənin tərkibinə keçirilib. Bunlar əsas etibarilə “Transportnik”, “Qəbələ”, “BMK-90” tipli kiçik həcmli katerlər, özühərəkətetməyən 20 tonluq üzən kranlar və barjlar idi. SSRİ Neft Sənayesi Nazirliyinin 22 yanvar 1953-cü il tarixli əmri ilə “Üzən vasitələr” idarəsi “Xəzərdənizneftdonanma” idarəsinə çevrilib.

Dünyada ilk neftdaşıyan “Aleksandr” barjı 1873-cü ildə Xəzərdə istismar edilib. Dünyada ilk tanker – “Zərdüşt” də (1878-ci ildə inşa edilib) Xəzərdə səfərlər edib. İlk daxiliyanma mühərrikli “Vandal” (1903-cü il), ilk reversivli iki mühərriklə çalışan “Delo” (1908-ci il) gəmiləri də Xəzər dənizində üzüb.

Hazırda AXDG-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir. Nəqliyyat donanmasının tərkibində 51 gəmi, o cümlədən 20 tanker, 13 gəmi-bərə, 15 universal quru yük gəmisi, 2 Ro-Ro tipli gəmi, eləcə də 1 texniki gəmi və 1 üzən emalatxana var. İxtisaslaşdırılmış donanma isə 210 gəmidən, o cümlədən 20 kran, 25 təchizat-yedək, 26 sərnişin, 2 borudüzən, 6 yanğınsöndürən, 7 mühəndis-geoloji, 2 dalğıc, 88 xidməti və köməkçi gəmidən ibarətdir.

Hazırda qurumun 14 gəmisi beynəlxalq sularda üzür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR