Azərbaycan və Özbəkistan arasında ədəbi əlaqələrin inkişafı məsələləri müzakirə olunub
Daşkənddə tanınmış Azərbaycan yazıçısı və dramaturqu Firuz Mustafa Özbəkistan Yazıçılar İttifaqının sədri, Xalq yazıçısı Siracəddin Səyyid ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında ədəbi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib. Bildirilib ki, həm Özbəkistanda, həm də Azərbaycanda şair və yazıçılarımızın kitabları çap olunur. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu istiqamətdə çox işlər görür. Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın Xalq şairi Camal Kamalın tərcüməsində böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilində çapı artıq başa çatıb.
Firuz Mustafa deyib ki, bu günlərdə Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Ramiz Əskərin tərcüməsində böyük özbək şairi Əlişir Nəvainin “Xəmsə”si Azərbaycan dilinə tərcümə olunub və çapını gözləyir.
Görüşdə Azərbaycan və özbək şair və yazıçılarının qarşılıqlı səfərlərinin təşkili, birgə ədəbi tədbirlərin keçirilməsi məsələləri də müzakirə edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət