Azərbaycan radiosunun “qızıl səsi” - 50 ilin diktoru: “O nəslin yeri boş qalıb”
Modern.az-dan: Məşhur radio diktoru ilə bağlı olan bu yazı onun sağlığında qələmə alınıb və internet mediada yayımlanmayıb...
Fatma Cabbarova! Azərbaycan radiosunun qocaman diktorlarından biri... Fatma xanım radiomuzun növbəti ad günü ərəfəsində ötənləri, keçənləri xatirələri ilə təzələdi. Danışdıqca ruhlandı, gəncləşdi...
“Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsində oxuyurdum. Bir gün dekan gəlib dedi ki, radioya diktor lazımdı, sizi yoxlayacaqlar. Tələbələrlə yığışıb radioya getdik. Təkcə məni seçdilər. Həyəcanlıydım. Nə eləmək lazım olduğunu bilmirdim. Elə həmin günü efirə çıxdım. Heç mikrofonla davranmağı da bacarmırdım...”.
Söhbət 1941-ci ildən gedir. Onda Fatma Cabbarova iyirmi yaşındaymış. Radio haqqında ancaq 5-ci sinifdən qalma təsəvvürləri varmış:
Beşinci sinifdə müəllimimiz bizi radioya xor oxumağa aparmışdı. Mən rus dilini yaxşı bilirdim deyə, rusca şeir də oxutdular. Şeir deyə-deyə əllərimi havada yellədirdim. Elə bilirdim, hərəkətlərimi də göstərəcəklər.
İşə isə radionun “Cənubi Azərbaycan” şöbəsindən başlayıb.
Həmin şöbədə tək mən idim. Zəhra Salayeva da mənimlə bir dövrdə gəlmişdi. Tibb Universitetinin tələbəsiydi. Diplom işinə görə diktorluğu atdı. Sonra onu da əvəz elədim. Lətif Kərimov, Minəxanım Paşazadəsə mətnləri farsca oxuyurdular. Bu şöbədə çox işləmədim. Azərbaycan bölməsi mənə daha maraqlı gəlirdi, keçdim ora. O vaxt Sabutay Quliyev, Aydın Qaradağlı da radioda işləyirdi. Yavaş-yavaş kadrlar artmağa başladı. Züleyxa Hacıyeva da gəldi. Onun diktor seçilməyi lap maraqlı olmuşdu. Yaxşı idmançıydı. Radioya çağırmışdılar ki, idmandakı uğurlarından danışsın. Verilişdən sonra dedilər, elə radioda qalsa yaxşıdı, mikrofona düşən səsi var...
Sonralar radioya diktor cəlb etmək üçün müsabiqələr elan olundu. Yüz nəfərə kimi gənc iştirak edirdi. Onların arasından bir-ikisi seçilirdi. Sonra biz onlarla məşğul olurduq.
“O nəslin yeri boş qalıb”
- O vaxt radioda işləmək çətiniydi. İndiki kimi “zapis” eləmirdilər. Birbaşa efirə çıxırdıq. Elə vaxtlar olurdu ki, oxuyacağımız materiallar son anda əlimizə gəlirdi. Mətnlə elə efirdə tanış olurduq. Amma bir dəfə də olsun, çaşmırdıq. Elə bil indi bu sənətdə məsuliyyət azalıb. Radiodakı o nəslin yeri boş qalıb. O vaxt pul bizi o qədər də maraqlandırmırdı. Üç ay idi işləyirdim, bir gün məndən soruşdular ki, nə qədər pul almısan? Dedim, mənə pul verməlidilər ki? Elə bilirdim, komsomol olduğuma görə məni ictimai işə cəlb eləyiblər. Sonra başa saldılar ki, sən radionun işçisisən, maaş almalısan. Üç aylıq maaşımı birdən verdilər.
“Darıxıram...”
Fatma xanım radioda işləyə-işləyə həm də teatrşünaslıq sənətini oxuyub. Turan Cavid, Adil Babayev, Ayişə Qasımova, Gülsüm Məmmədova, İsaq İbrahimovla bir yerdə. 1951-ci ildə institutu bitirib. Başqa işlərə dəvətlər alıb, amma diktorluğu heç nəyə dəyişməyib. 1991-ci ilə kimi radioda işləyib.
- O vaxt təzə rəhbərlik qocaman işçiləri radiodan uzaqlaşdırdı. Qocalığa qalsa, 71-ci ildə işdən çıxmalıydım. Onda özüm ərizə yazdım ki, təqaüd vaxtımdı. Qoymadılar, məzuniyyətə göndərdilər ki, get, dincəl. 91-ci ildəsə radiodan getmək istəmirdim. Həvəsim də yerində idi, qüvvəm də. Evdə otururdum, darıxırdım. Durub gedirdim radioya. Elə indi də hərdən gedirəm...
Qəribədi, Fatma xanım danışdıqca dedikləri bir yana, səsi məni alıb aparırdı. Özümü radioda həzin, axıcı bir verilişə qulaq asırmış kimi hiss eləyirdim. İllər öncə-uşaqlığımda gecələr balaca qutudan dinlədiyim səsiydi bu. Təmiz, yatımlı, doğma...
Adamın lap yuxusu gəlir. Uşaqlıqda olduğu kimi...
2001
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət