Slimfit
  1. SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyev Efiopiya Prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Efiopiya Prezidenti ilə görüşüb
Sakura

Azərbaycan Prezidenti İlham Əliyev Efiopiya Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Sellasiye ilə görüşüb.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki,Taye Atske Sellasiye Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Efiopiyanın Baş nazirinə çatdırmağı xahiş etdi.

COP29-a dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Taye Atske Sellasiye bu tədbirin mükəmməl səviyyədə təşkil edildiyini, uğurla keçirildiyini və burada iştirak səviyyəsinin çox yüksək olduğunu dedi. Qonaq dövlətimizin çıxışının dolğun və məzmunlu olduğunu vurğulayaraq, buna görə təşəkkürünü bildirdi.

Efiopiya Prezidenti ölkəmizə səfəri çərçivəsində Azərbaycanın “ASAN xidmət” təcrübəsi ilə tanışlığın onda çox böyük təəssüratlar yaratdığını və bu təcrübənin ölkəsində tətbiqi məsələsinə baxıldığını dedi. O, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Xidməti Komissiyası arasında Anlaşma Memorandumunun imzalandığını qeyd etdi.

Efiopiya Prezidenti azad ticarət zonaları sahəsində Azərbaycanın təcrübəsinin ölkəsi üçün maraqlı olduğunu vurğuladı, turizm, kənd təsərrüfatı, investisiyalar və digər sahələrdə əməkdaşlıq imkanlarına toxundu, böyük perspektivlərin olduğunu dedi.

İnkişaf etməkdə olan dövlətlər arasında həmrəyliyin gücləndirilməsinin önəmini vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Afrika ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

“ASAN xidmət” təcrübəsinə toxunan dövlətimizin başçısı bu sahədə Azərbaycanın hər cür dəstək göstərməyə hazır olduğunu dedi.

Söhbət zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlarda, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu, iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın yaradılmasının vacibliyi vurğulandı.

Efiopiya Prezidenti dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət etdi.

 

Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirərək, Efiopiya Prezidentini və Baş nazirini Azərbaycana rəsmi səfərə dəvət etdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR