Azərbaycan Prezidenti belaruslu həmkarını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, təbrik mətnində deyilir:
"Hörmətli Aleksandr Qriqoryeviç.
Sizi milli bayramınız – Böyük Vətən müharibəsində Belarusun alman faşist işğalçılarından azad edilməsi ilə əlamətdar olan Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Belarus həqiqətən tarixi əhəmiyyətli bu hadisənin 75-ci ildönümünü müstəqilliyin və suverenliyin möhkəmlənməsi, dövlət idarəçiliyinin və siyasi sistemin təkmilləşdirilməsi və modernləşdirilməsi, dinamik və ardıcıl sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyən, firavanlaşan ölkə kimi qarşılayır.
Bu xoş fürsətdən istifadə edərək, Sizi ən yüksək səviyyədə təşkil olunmuş və bütün idman həvəskarları üçün əsl bayrama çevrilmiş, onlara parlaq çıxışlar və unudulmaz anlar bəxş etmiş II Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə təbrik etmək istəyirəm.
Bu genişmiqyaslı idman bayramı xalqlar və ölkələr arasında sülhün, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə şərait yaradan Olimpiya hərəkatının sarsılmaz prinsiplərinə Belarusun sadiqliyini bir daha əyani şəkildə nümayiş etdirdi.
Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı və bütün təşəbbüslərinizdə uğurlar, qardaş Belarusun xalqına isə sülh və firavanlıq arzu edirəm".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət