Azərbaycan Ordusunun hərbçisinə xəsarət yetirilib
Gədəbəy rayonunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Elpərəs Bəhman oğlu kütləvi davada xəsarət alıb.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən "Dəniz" adlı kafedə şəxslər arasında yaranmış mübahisə nəticəsində Tapdıqov Teymur Cümşüd oğlunun ölməsi, Tapdıqov Samir Cümşüd oğlunun və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Elpərəs Bəhman oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə istintaq davam etdirilir.
Belə ki, iş üzrə hadisə yerinə və meyitə baxış keçirilmiş, şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilmiş, digər təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmiş və hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsinin, o cümlədən şəxslərin əməllərinə hüquqi qiymət verilməsinin təmin edilməsi məqsədilə digər istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İstintaqın gedişatı və hadisənin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin ediləcəkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət