Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycan musiqi alətləri

Azərbaycan musiqi alətləri
Sakura

Azərbaycan musiqi alətləri — Azərbaycanda, ilk növbədə xalq çalğı alətləri ansamblında istifadə edilən…

Azərbaycan musiqi alətləri — Azərbaycanda, ilk növbədə xalq çalğı alətləri ansamblında istifadə edilən musiqi alətləri.

Qədim musiqi alətləri xalqın tarixi, mədəniyyət və mənəviyyat abidəsidir. Unudulmuş abidələri bərpa etmək, onları yenidən həyata qaytarmaq, tarixin qaranlıq səhifələrini işıqlandırmaq, mənəviyyatımızı, mədəniyyətimizi zənginləşdirmək çox şərəfli və mötəbər bir işdir.

Azərbaycan xalq çalğı alətlərinin təsnifatı

Azərbaycanda mövcud olmuş çalğı alətlərinin növləri müəyyənləşdirilərkən klassik poeziyadan əxz olunmuş şer misraları da çox qiymətli məxəzdir. Nizaminin, Füzulinin, Nəsiminin, Xaqaninin poemalarında, qəzəllərində xalq çalğı alətlərinin adları çəkilmiş, miniatür məktəbi rəssamlarının əsərlərində isə onların təsvirləri verilmişdir. Sonrakı dövrlərdə onların bəziləri tədricən aradan çıxmış, digərləri isə təkmilləşərək daha geniş yayılmışdır.

Yaranma tarixinə görə Azərbaycan çalğı alətləri 4 yerə bölünür:

  • Qədimdə yaranan və çağdaş dövrümüzə qədər gəlib çıxan alətlər: tar, kamança, tulum, tütək, saz, balaban, zurna, nağara, dəf və s.
  • Qədimdə yaranıb unudulmuş, sonradan bərpa edilmiş alətlər: bərbət, rud, çəng, kos, qaşığek, çanaq və s.
  • Şərti olarag «çağdaş» adlandırılan alətlər: Qoşqar rübabı, dütar, setar, tənbur, davul, dairə, kərənay, musiqarvə s. Bu qrupa aid edilən alətlər vaxtı ilə Azərbaycanda geniş istifadə edilsə də, sonralar müəyyən səbəblərdən tənəzzülə uğrayıb, sıradan çıxıblar. Lakin başqa ərazilərdə, dünyanın müxtəlif xalqları tərəfindən belə alətlər inkişaf etdirilmiş, müasir dövrə qədər gəlib çıxmışdır. "Müasir" alətləri əldə etmək o qədər də çətin deyil. Yalnız kiçicik dəyişikliklərlə bu alətləri vaxtı ilə Azərbaycan ərazisində istifadə edilmiş formada hazırlamaq mümkündür
  • Çağdaşlarımız tərəfindən icad edilən alətlər: sinəud, zülfar, dilrüba, əsa nej, neyvari və s.

Quruluşuna görə hazırda Azərbaycanda orkestrlərin, müxtəlif ansamblların tərkibində və solo ifaçılığındaxalq çalğı alətlərindən istifadə olunanları bunlardır:

  • Simlilər – tar, saz, kamança, qanun, ud, tənbur;
  • Nəfəslə çalınanlar – balaban, tütək, zurna, ney, tulum;
  • Dərililər (zərb alətləri) – nağara, qaval, qoşanağara, dümbək;
  • Özüsəslənənlər – şaxşax, kaman və laqqutu.

 

Zərb alətləri

Azərbaycan xalq zərb çalğı alətləri
     Qaval (iç səthi)
    Qaval (bayır səthi)
   Qoşanağara
 

Azərbaycanda zərb çalğı alətlərinin kökləri çox-çox qədimlərə, ibtidai yaşayış dövrlərinə gedib çıxır. Bu dövrlərdə insanlar müəyyən vasitələrlə ritmlər yaratmışlar. Belə vasitələrdən biri ayaqdöymə zərb üsulu idi ki, bu zaman qazılmış quyunun üzərinə quru ağac döşəyər, üstünü müxtəlif heyvan dəriləri ilə örtərək onu ayaqla döyəcləməklə çeşidli ritmlər alarlarmış. İlk zərb alətləri, çox güman ki, belə yaranmışdır.

İndi də zorxana oyunlarından birinin adı "Ayaqdöymə" adlanır. Azərbaycanda ən qədim insan məskənlərindən biri olan Qobustanda Cingirdağın ətəklərində on-on iki min il əvvəllərə aid edilən qaya rəsmləri ilə yanaşı, "Qaval daşı" adlanan böyük bir qaya parçası da vardır. Bu qayanı əl, ayaq və yaxud hər hansı bir cisimlə döyəclədikdə, qavalın tembrinə uyğun səslər alınır. Belə güman edilir ki, həmin qaya parçası ulu əcdadlarımız tərəfindən zərb aləti kimi istifadə olunduğundan bu günümüzə "Qaval daşı" adı ilə gəlib çatmışdır. Qaval daşı bu gün də zərb alətlərinə xas olan keyfiyyətlərini saxlamaqdadır. Zərb çalğı alətlərinin müxtəlif növləri Azərbaycan ərazisində tarixən çox geniş yayılmış və xalqımızın mədəni həyatında özünəməxsus rol oynamışdır. Alətşünaslığımızın səciyyəvi xüsusiyyətlərindən biri də onun zərb çalğı alətləri ilə zənginliyidir.

Hazırda musiqi sənətimizin inkişafında başlıca rol oynayan bir çox zərb alətlərindən geniş istifadə edilir. Bu alətlər, əsasən, 3 növə ayrılır:

  1. Membranlı. Qrupa təbil, kos, qoşa nağara, nağara, dümbək və bu növ digər zərb alətləri daxildir.
  2. İdiofonlu. Buraya kasa və saxsı qablar, müxtəlif növlü laqqutular, şaxşaxlar, zınqırovlar, qumrovlar və s. aid edilə bilər.
  3. İdiomembranlı. Bu növ zərb alətlərinə qaval və dəf aid edilir.

Membranlı zərb çalğı alətləri arasında ən geniş yayılmışı nağaradır. Xalqımızın adət və ənənələrinin, toy-bayram şənliklərinin aparıcı çalğı alətlərindən sayılan nağaranın bir sıra növləri mövcuddur. Ölçüləri ilə fərqləndirilən bu növlər böyük nağara, cürə nağara, çiling nağara, qoltuq nağara, əl nağara adlandırılır. Bu alət, əsasən, iki quruluşda mövcuddur: birüzlü və ikiüzlü. Birüzlülərə qoşa nağara, nağarazən, təbil, dəf, qaval, ikiüzlülərə böyük nağara (kos nağara), cürə nağara və qoltuq nağara aid edilir. Nağaralar arasında ən çox yayılanı qoltuq nağara və qoşa nağara hesab edilir.

Zəngin və müxtəlif növlü zərb çalğı alətlərindən bir çoxu: təbil bas, dənbal, məzhər, təbil, qumrov, zil, dühul, zəng, zınqırov, kaman, sinc, davul, naqus, xalxal, nagara və başqaları musiqi mədəniyyətimizin inkişafı tarixində müstəsna rol oynamış, lakin bu günümüzə gəlib çatmamışdır.

Azərbaycan ərazisində ən qədim zamanlarda musiqi alətləri mövcud olub. Qobustandakı qavaldaşı, Mingəçevirdə tapılmış balabanaoxşar musiqi aləti bu fikri təsdiq edir. Azərbaycan xalqı lap qədim zamanlardan hələ zəngin musiqi mədəniyyətinə malik müxtəlif növ musiqi alətləri yaratmışdır. Azərbaycan xalq çalğı alətlərinin ən qədimi Qobustanda “qaval çalan daş” hesab olunur. Musiqi alətlərinin xüsusi məlumatları Azərbaycan klassiklərinin əsərlərində, Azərbaycan ədəbiyyatında, xalq dastanlarında, eləcə də musiqişünasların əsərlərində cəmləşmişdir.

Orta əsrlərdə Azərbaycanda simli-mizrablı alətlər geniş yayılmışdır. “Kitabi-Dədə-Qorqud” dastanında da musiqi alətlərinə dair məlumatlar var – burada qopuz, zurna, nağara kimi alətlərin adları çəkilmişdir. Orta əsrlərdən bəri Azərbaycanda kamança, qopuz, rübab, cəng, səntur, qanun, şeypur, ərcənum (nəfəsli), təbil, nağara, dəf, dümbək (zərb) kimi musiqi alətlərindən geniş istifadə edilməkdədir.

 

Nəfəsli alətlər[redaktə | əsas redaktə]

Azərbaycan xalq nəfəsli çalğı alətləri
Tütək
   Zurna
   Balaban
   Tütək, Zurna, Balaban
 

Azərbaycan milli musiqi sənətinin inkişafında nəfəs alətlərinin misilsiz rolu olmuşdur. Bu alətlərin ilk sadə nümunələri eramızdan bir neçə min il əvvəl qarğı və qamışdan hazırlanmışdır. Bu ənənə dövrümüzə qədər yaşamış və bu gün də davam etdirilir. Hazırda bir neçə nəfəs aləti: ney, tütək, musiqar, sümsü və onun növləri qarğı və qamışdan hazırlanır. Nəfəs alətləri sümükdən, heyvanların buynuzundan, gildən, müxtəlif ağac növlərindən, mis və digər materiallardan da hazırlanır.

Nəfəs alətlərinin texniki və bədii imkanları o qədər də geniş deyil. Bu da, hər şeydən əvvəl, onların səs diapazonunun məhdudluğu ilə əlaqədardır. Nəfəs alətləri arasında daha çox istifadə olunanı zurnadır ki, onun da səs düzümü iki oktavadan artıq deyildir. Nəfəs alətləri də ifa tərzinə görə müxtəlifdir.

  1. Müştüklü: zurna, balaban.
  2. Müştüksüz: ney, tütək, yan tütək.
  3. Körüklü (dərili): tulum,

 

Simli alətlər

Azərbaycan xalq simli çalğı alətləri
    Tar
   Kamança
   Saz
 

Yazılı mənbələrdə simli çalğı alətlərinin yaranmasına dair bir çox əfsanələr mövcuddur. Rəvayətə görə, qartalın parçaladığı bir heyvanın bağırsaqları ağacın budaqlarına dolaşır. Sonradan quruyub tarıma çəkilmiş bağırsaq külək əsdikcə titrəyərək müxtəlif musiqi səsləri verməyə başlayır. Bu səsləri eşidən qədim insanlar ilk simli çalğı alətlərini icad edirlər. Bu əfsanədə həqiqətə uyğun bir fakt vardır. Doğrudan da, tarixən simli çalğı alətlərinin gövdəsi, qolu və kəlləsi müxtəlif ağac növlərindən, simləri və qoluna bağlanmış pərdələri isə müəyyən üsullarla heyvan bağırsağından hazırlanmışdır.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzsiz tarixi əhəmiyyəti olmuş çoxsaylı simli musiqi alətləri zaman-zaman formalaşaraq, müasir musiqi alətlərinin yaranmasına öz təsirini göstərmiş və bu günümüzə gəlib çatmışdır. Simli musiqi alətləri ifa tərzinə görə dörd qrupa bölünür:

  1. Mizrabla çalınanlar: tar, saz, ud, qanun, bərbət, rud, rübab, qopuz, çoğur.
  2. Kamanla çalınanlar kamança, çəqanə.
  3. Barmaqla çalınanlar (dartımlı) çəng, Şirvan tənburu.
  4. Zərblə çalınanlar səntur.

 

Qədim alətlərin bərpası

Qədim alətşünaslıq mədəniyyəti haqqında çox vacib məlumatı musiqi elmi verir. Orta əsr musiqi nəzəriyyəçilərinin əsərlərində bu və ya digər musiqi alətlərinin quruluşu, səs düzümü, simlərinin sayı, diapazonu və sair xüsusiyyətləri haqqında ümumi təsəvvür yaradan məlumatlar toplanmışdır. Bu cəhətdən alətşünaslıq üçün ən qiymətli və geniş məlumatı Orta əsr musiqi elminin inkişafında əsas yer tutan Səfiəddin Urməvi (XIII əsr) və Əbdülqadir Marağainin(XIV-XV əsrlər) risalələri verir.

XVII, XVIII, XIX əsrlərdə Azərbaycanda mövcud olmuş musiqi alətləri barədə məlumatı Adam Olearinin, Engelbert Kempferin, Aleksandr Dümanın, Övliyə Çələbinin və başqalarının yol qeydləri və xatirələrindən əldə etmək olar.

XIX əsrdə Azərbaycanda olarkən Şirvan musiqi məclislərini təsvir etmiş tanınmış rus rəssamı Q.Qaqarinin əsərləri bu sahədə parlaq təsəvvür yaradır.

Bakı Musiqi Akademiyasının nəzdində yaradılmış "Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi" elmi-tədqiqat laboratoriyası 1991-ci ildən fəaliyyət göstərir. Burada qədim musiqi alətlərinin tarixi tədqiq olunur, öyrənilir, alətlərin ölçüləri, materialın növü, hazırlanma və quraşdırılma texnologiyası araşdırılır. Toplanmış materiallar əsasında musiqi alətləri yenidən bərpa edilərək səsləndirilir.

Qədim alətlərin bərpasında muzey eksponatlarının üzərində aparılan araşdırmaların nəticələri də əhəmiyyətli olmuşdur. Bu mənada laboratoriyanın elmi əməkdaşlarının xidmətlərini xüsusi qeyd etmək lazımdır. Aparılan tədqiqatlar nəticəsində Orta əsrlərdə istifadə edilmiş, sonralar tədricən unudularaq dövrümüzə gəlib çatmamış çəng, bərbət, çəqanə, çoğur, səntur, tənbur, rübab, rud, qopuz, ney musiqi alətləri elmi şəkildə araşdırılmış, laboratoriya şəraitində yenidən quraşdırılaraq tam bərpa edilmişdir. Bərpa olunmuş musiqi alətləri üzərində təkmilləşdirmə işləri də aparılmışdır. Belə ki, səs tembrinin gücləndirilməsi və səs diapazonunun genişləndirilməsi məqsədi ilə alətlərin quruluşunda və simlərin növlərində bəzi dəyişikliklər edilmişdir. Məsələn, simlərin hazırlanmasında istifadə edilən ipək və bağırsaq sonradan metal və kapronla əvəz edilmişdir ki, bu da səsin daha güclü olmasını təmin edir.

 

Xalq çalğı alətləri üçün bəstələr

Xalq çalğı alətləri orkestri üçün əsər bəstələmək ənənəsi XX əsrin 30-cü illərindən, yəni Üzeyir Hacıbəyovun ilk notlu xalq çalğı alətləri orkestri yaratdığı dövrdən başlamışdır və bu orkestr üçün repertuar yaradılması məsələsi gündəmə gəlmişdir. Ü.Hacıbəyov «Şur» və «Çahargah» fantaziyalarını yazır.

  • Üzeyir Hacıbəyov - Cəngi
  • Vasif Adıgözəlov - Piano və xalq çalğı alətləri orkestri üçün konsert
  • Şəfiqə Axundova - Paşa Qəlbinurun sözlərinə «Gəl, ey səhər»
  • Tofiq Bakıxanov - Tar və xalq çalğı alətləri orkestri üçün konsert
  • Nazim Quliyev - «Ədalətsiz kaman» (kamançaçalan Ədalət Vəzirova ithaf)
  • Firəngiz Babayeva - «Sözsüz mahnı»
  • Azər Dadaşov - «Lətifələr» süitası 
  • Yaşar Xəlilov - orkestr üçün «Odlu torpaq» xoreoqrafik süitası

 

Xalq çalğı alətləri ansamblları (orkestrləri)

  • Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı
  • Əhsən Dadaşov adına «Xatirə» xalq çalğı alətləri ansamblı (1960) 
  • Baba Mahmudoğlu adına xalq çalğı alətləri ansanblı
  • Baba Salahov adına «Araz» xalq çalğı alətləri ansamblı (1962)
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR