Azərbaycan millisinin hücumçusu İngiltərə Premyer Liqasında debüt edə bilər
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İngiltərənin "Vulverhempton" klubunun heyətində Premyer Liqada debüt edə bilər.
"Report"un məlumatına görə, bu barədə "wolves.vitalfootball.co.uk" saytı xəbər yayıb. Bildirilir ki, 21 yaşlı hücumçunun adı Avropa Liqasında mövsümün ikinci yarısı üçün komandanın iştirak ərizəsinə salındıqdan sonra baş məşqçi Nunu Eşpiritu Santunun onu çempionat oyunlarında da meydana buraxacağı istisna olunmur. Ancaq portuqaliyalı mütəxəssisin gənc oyunçuya bu şansı verib-verməyəcəyi hələ dəqiq deyil. Çünki Dadaşovun indiki məqamda "Vulverhempton"un iki əsas hücumçusu - Raul Ximenes və Leonardo Kampana ilə rəqabətə tam hazır olmadığı bildirilir.
"Dumanlı Albion" təmsilçisi azərbaycanlı forvardın adını hələlik daxili yarışlar üçün sifariş etməyib.
"Vulverhempton" Avropa Liqasının 1/16 final mərhələsində İspaniya "Espanyol"u ilə üz-üzə gələcək. İngiltərə klubu ilk oyununu fevralın 20-də evdə, cavab görüşünü isə fevralın 27-də səfərdə keçirəcək.
Qeyd edək ki, Renat Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət