Slimfit
  1. CƏMİYYƏT

Azərbaycan jurnalistləri müharibə istəyir: “Düşmənin “qazı” alınmalıdır!”

Azərbaycan jurnalistləri müharibə istəyir: “Düşmənin “qazı” alınmalıdır!”
Sakura

Azərbaycan jurnalistləri müharibə istəyir: “Düşmənin “qazı” alınmalıdır!”

“Bizim Qarabağı qaytarmaq üçün müharibədən başqa çıxış yolumuz yoxdur!”

Bu il may ayında Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşmasının  imzalanmasının 25 ili tamam oldu. Geridə qalan 25 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımların, edilən cəhdlərin ümumi problemin tam həlli üçün heç bir nəticə vermədiyini desək, yəqin ki, yanılmarıq.

Düzdür, bu münaqişə nəinki iki ölkə arasında, həm də regionun güclü dövlətləri ilə yanaşı, dünyadakı supergüclərin də zaman-zaman müzakirə obyekti olub. Amma boş və mənasız müzakirələr nəticə hasil etməyib.

Maraqlıdır, bu məsələni daimi olaraq işıqlandıran mətbuat nümayəndələri nə düşünür?  Müharibə başlaya bilərmi? Onlar işğal edilmiş torpaqlarımızın azad edilməsini müharibədə, yoxsa sülhdə görürlər ?
Modern.az saytı məsələ ilə bağlı mətbuat nümayəndələri arasında sorğu keçirib.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Qarabağ münaqişəsinin həlli yolunda alternativin olmadığını, tək yolun müharibə olduğunu vurğulayıb:



“Son 30 ilə yaxın bir müddətdə gedən danışıqlar prosesi öz müsbət nəticəsini verə bilmir. Yeganə həll yolu kimi müharibəni görürəm. “Aprel savaşı” başlayanda Ordumuz necə irəliləyib işğal altında olan bəzi torpaqlarımızı təmizlədisə, ümumi işğal altında olan torpaqların da o cür azad olunması gözlənilən haldır. Azərbaycan xalqı birmənalı şəkildə Qarabağın itirilməsinin əleyhinədir. Bu da Ermənistanın hədsiz şəkildə aqressiv münasibət göstərməsinin nəticəsidir. Münaqişənin həlli üçün ATƏT və digər beynəlxalq təşkilatların atdığı addımların heç bir nəticəsi yoxdur. Əgər Ermənistan aqressivliyindən imtina etməsə, işğal edilmiş Azərbaycan torpaqlarının boşaldılmasında addım atmazsa, xalq və xalqın təmsilçisi olan jurnalistlər də müharibə ovqatına köklənəcək.
Aparılan danışıqların müsbət nəticəsini gözləyirdik, lakin artıq görürük ki, heç bir irəliləyiş baş vermir, status-kvoda heç bir dəyişiklik yoxdur. Bu baxımdan alternativsiz yol müharibə ilə torpaqlarımızın qaytarılmasıdır. Bütün Azərbaycan mətbuatı bu məsələyə köklənməli, hər gün bu mövzuda yazılar hazırlamalıdır. Bu problemi övladlarımıza qoyub gedə bilmərik”.


“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal 
qeyd edib ki, hərbi yol torpaqlarımızın azadlığına apara yeganə yoldur:



“Azərbaycan torpaqları işğalda qaldığı müddətdə və Azərbaycan xalqı da işğalla barışmadıqca, müharibə hər an başlaya bilər. Eyni zamanda, qarşı tərəfin və onun arxasındakı güclərin də hansısa təzyiq vasitəsi kimi lokal və ya genişmiqyaslı hərbi əməliyyatlar başlatması mümkündür. Ədalətin bərpa olunmayacağı təqdirdə isə ədalətin bərpası üçün bir gün böyük vətən savaşının olacağına inanıram.Torpaqlarımızın sülh yolu ilə azadlığı üçün indiyə qədər mümkün bütün vasitələrə baş vurulub. Amma ortada nəticə yoxdur. Hərbi yol isə yerli və beynəlxalq situasiyaya uyğun olaraq torpaqlarımızın azadlığına aparan yeganə yoldur”.

 “Oxu.az”ın əməkdaşı Aqşin Kərimov deyir ki, bundan əvvəl ABŞ-ın Milli Kəşfiyyat İdarəsi və Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgə” strukturu hesab olunan “Stratfor” analitik mərkəzinin hesabatlarında, eyni zamanda, ekspertlərin mövqelərində Qarabağda müharibə riskinin yüksək olduğu barədə həyəcan təbili çalınırdı.


Jurnalist hesab edir ki,  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ilə bağlı danışıqlar aparılmasına baxmayaraq, Qarabağda müharibə riski həmişə yüksək olaraq qalır. O, bunun iki əsas səbəbi barədə danışıb:



“Bunun bir neçə səbəbi var, amma məncə iki amilə daha çox diqqət yetirmək lazımdır. Birincisi, Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra aparılan danışıqların anatomiyasına zidd çıxmağa başladı, bununla da işğalçılıq siyasətinə arxaik və primitiv təfəkkürü daxil etdi. Paşinyan çalışır ki, Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı rejimi danışıqlara üçüncü tərəf kimi cəlb etsin. Bunun özü isə Ermənistanın əleyhinə işləyir. Ermənistan ictimai-siyasi dairələrində Paşinyanın Qarabağla bağlı yürütdüyü siyasətin ölkəni uçuruma apardığı barədə fikirlər səsləndirilir. Məsələn, bu yaxınlarda Ermənistanın eks-prezidenti Robert Koçaryan yazdığı məqalədə qeyd edib ki, Paşinyan komandasının Qarabağ məsələsində buraxdığı səhvlər vəziyyəti Azərbaycanın xeyrinə dəyişib. O hesab edir ki, bu, Azərbaycanın genişmiqyaslı əməliyyatlar başlaması üçün zəmin yaradır. İkincisi səbəb isə odur ki, mövcud danışıqlar da situasiyanı “ölü nöqtə”dən tərpətmir, bu isə Ermənistanın vaxt qazanmasına gətirib çıxarır. Danışıqlar yalnız cəbhədə silah səslərinin qismən batmasına şərait yaradır”.

A.Kərimov əlavə edib ki, hazırda, cəbhədə nisbi-sakitlik hökm sürsə də, insidentlərin sayı azalsa da, bu, müharibənin başlamamasını, status-kvonun davam edəcəyini zəmanət altına almır:


“Bunu, Ermənistan da, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də gözəl anlayır. Çünki öz ərazi bütövlüyün təmin etməkdən ötrü  genişmiqyaslı əməliyyatları başlamaq Azərbaycanın hüququdur”.

“Unikal” qəzetinin və “unikal.org” saytının baş redaktoru Asəf Rzayev 
müharibə üçün addım atacağımızın qaçınılmaz olduğunu bildirib:


“Azərbaycan müharibə şəraitində olduğu üçün istənilən an savaş başlaya bilər. Artıq 25 ildir ki, qarşı tərəflə biz sülh danışıqları aparırıq, lakin Ermənistan tərəfinin mövqeyinə görə müsbət nəticə əldə etmək olmur. Təbii ki, biz müharibə yolu ilə bu məsələnin həlli üçün çalışmalıyıq. Hesab edirəm ki, hardasa 25 illik müddətdə Ermənistan tərəfi münaqişənin həlli üçün addım atmayıb. Hazırki zamanda da onlar bu qayda ilə irəliləyirlər.Yürütdükləri siyasətə əsaslanaraq deyə bilərəm ki, onların işğal olunmuş Qarabağ torpaqlarını geri qaytarmaq fikri yoxdur. Ermənistan torpaqlarımızı müharibə ilə aldığı kimi, biz də müharibə yolu ilə geri qaytarmalıyıq. Müharibə ilə alınan torpaqlar sülh ilə geri qaytarıla bilməz”.



Modern.az-ın redaktoru Vüqar İsmayılov 
yaxın illərdə toqquşma olacağını düşünür:


 “Ermənistan rəhbərliyinin vaxta oynadığını, münaqişənin həlli üçün konstruktiv mövqe tutmadığını və tutmayacağını düşünürəm. Buna görə yaxın illərdə hərbi toqquşmaların olacağını güman edirəm. Corc Vaşinqtonun dediyi kimi, nə yaxşı müharibə var, nə də pis sülh. Təbii ki, münaqişənin sülh yolu ilə həllini istərdim, müharibə sonuncu variantdı. Amma tək sülh arzulamaqla olmur. Başqa bir latın deyimində olduğu kimi: sülh istəyirsənsə, müharibəyə hazır ol!”.



“Lent.az” saytının baş redaktoru Qabil Abbasoğlu
 son çıxış variantı kimi ərazi bütövlüyümüzü bərpa etmək yolunda müharibənin başlanacağını gözləyir:


“Qarabağ münaqişəsinin başladığı ilk illərdən mən bu hadisənin həm şahidi, həm də iştirakçısı olmuşam. Şəxsi fikrimcə, bu məsələdə müharibə, ya da sülh məqsəd deyil, sadəcə vasitədir. Məqsəd Qarabağın faktiki səlahiyyətlər nəticəsində Azərbaycana qaytarılmasıdır. Buna görə müharibə, ya da sülhün bu yolda şəraitə uyğun seçilməsini məqbul hesab edirəm. İnsan olaraq hamımız müharibənin, ağrı-acı yaşanmasının əleyhinəyik. Müharibənin məqsəd kimi seçilməsində yeganə səbəb o ola bilər ki, haqq-ədalət, hüquq bərpa olunmur və bu yola əl atılır. Mən də bir vətəndaş olaraq bu qərarın verilməsini gözləyirəm. Lakin onu da deyim ki, məqsədimiz müharibə deyil, sadəcə son çıxış variantı kimi ərazi bütövlüyümüzü bərpa etmək üçün bu addımı atacağıq”.



Trend-in əməkdaşı Samir Güləliyev 
bütün hallarda insan qırğınınna “yox” dediyini, lakin münaqişənin daha 20-30 il uzanmasına qarşı olduğunu bildirib:


“Müharibənin başlayacağını gözləyirsinizmi? - deyə soruşsanız, bəli - cavabını verərəm, bütün hallarda torpaqlarımızın hərb yolu ilə azad olunacağını gözləyirəm. Çünki artıq 20 ildir ki, nə BMT, nə ATƏT torpaqların sülh yolu ilə azad olunmasına nail ola bilir. Ermənistanın istər keçmiş, istərsə də indiki rəhbərliyi danışıqları yubatmaqla məşğuldur və bu yubatmaların da yaxın vaxtda bitəcəyini gözləmirəm. Ermənistan hakimiyyətinin etdiyi hərəkətlər onu göstərir ki, Minsk qrupu sülh danışıqları ilə məsələni həll etmək iqtidarında deyil. Əslində hamı kimi mən də problemin müharibəsiz həllinin tərəfdarıyam. Bütün hallarda insan qırğınına “yox” deyirəm. Amma münaqişənin daha 20-30 il uzanmasının qəti əleyhinəyəm. Ermənilərin etdikləri hərəkət Azərbaycanı müharibəyə sövq edir”.


“Azadinform” Agentliyinin baş redaktoru Niyaz Niftiyev 
müharibə üçün həm hərbi, həm də psixoloji nöqteyi-nəzərdən hazırlıqlı olmağı, beynəlxalq gücləri inandırmağı vacib sayır:
  

“Əlbəttə ki, atəşkəs dövründə olduğumuzu, təmas xəttində hər gün 25-30 dəfə atəşkəsin pozulduğunu nəzərə alsaq, müharibənin hər zaman başlaya biləcəyini istisna etmirəm. Biz 2016-cı ilin aprel ayında 4 günlük də olsa, bunun şahidi olmuşuq. Düşünürəm ki, müharibə qaçılmazdır. Artıq sülh variantı effekt vermir. Ona görə hesab edirəm ki, torpaqlarımızı müharibə yolu ilə geri qaytarmaq məcburiyyətindəyik. Biz beynəlxalq gücləri inandırmalıyıq ki, Azərbaycan ictimaiyyəti torpaq itkisi ilə barışa bilməz. Nəzərə almaq lazımdır ki, hazırda dövlət başçısının siyasəti də bu istiqamətdə aparılır”.


“Yeni Müsavat” qəzetinin parlament müxbiri Elşad Paşasoy
 Azərbaycan və Ermənistan arasında növbəti döyüşlərin hər an başlaya biləcəyini bildirib:


“2016-cı ilin “aprel döyüşləri” necə başladı? Hətta o zaman hər kəs Azərbaycan və Ermənistan liderlərinin ABŞ-da bir araya gələcəyini, sülh danışıqlarını davam etdirəcəklərini gözləyirdi, ancaq qəfildən düşmən təxribata əl atdı, bəlkə də üçüncü qüvvənin əli ilə Azərbaycanın işğal altındakı ərazilərindən xain hücum həyata keçirildi. Nə yaxşı ki, qəhrəman ordumuz işğalçının cavabını artıqlaması ilə verdi, bəzi ərazilərimiz düşmən tapdağından azad edildi. Bu dəfə də Ermənistanın harayına himayədarı yetişdi və Azərbaycan ordusunun Xankəndinədək irəliləməsinin qarşısı alındı ki, proses sülh yolu ilə tənzimlənsin. Lakin bu hadisələrin üstündən keçən müddət ərzində  Ermənistan nəinki konstruktiv mövqe sərgiləyib, əksinə, hərbi ritorikanı daha da gücləndirmək xətti götürüb. Deməli, düşmənin "qazı" növbəti dəfə alınmalıdır, özü də daha sərt şəkildə. Azərbaycan xalqının sülhpərvər olduğunu isbat etməyə ehtiyac yoxdur. Müharibə ölüm-itim, qan-qada, göz yaşı deməkdir. Biz Cənubi Qafqazda bütün qonşularımızla sülh şəraitində yaşamaq istəyindəyik. Eyni zamanda, ermənilərin də nəhayət, tarixi şablonlardan əl çəkməsini, əsassız iddialara və işğala son qoyub Türkiyə və Azərbaycanla normal münasibətlərə start verməsini, kiminsə əlində "maşa"ya çevrilmək azarından qurtulmasını istəyirik. Çünki əbədi düşmənçilik bu xalqı fəlakətlərə sürükləyir. Təbii ki, biz ərazilərimizdə ikinci erməni dövlətinin yaradılmasına heç zaman razı olmayacağıq. Ermənistanın işğalçı siyasətdən əl çəkməməsi isə birmənalı şəkildə savaşı qaçılmaz edir. Bu ölkənin başına nəinki müharibədə, hətta hərbi xidmətdə olmayan birisi gəldi, ancaq o, da sülhdən çox, savaşa aparan mövqe sərgiləməkdədir. Eyni zamanda, beynəlxalq təşkilatlar da işğalçılığı və separatçılığı stimullaşdıran loyal mövqe sərgiləməkdədir. Deməli, bizə Şuşa daxil olmaqla, bütün itirilmiş torpaqları yalnız və yalnız Azərbaycan ordusu qazandıracaq, bunun alternativini görmürəm!”.


“Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı 
Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həll olunacağını düşündüyünü bildirib:


“Mən hər iki halda torpaqlarımızın azad olunmasını, insanlarımızın doğma yurd-yuvasına qayıtmasını istəyirəm. Bunun üçün sülh çağırışlarını çox gözlədik, nəticəsi olmadı. Ümid edirəm bundan sonra da 30 il sülh üçün gözləməyəcəyik. Bilirsiniz, işğal olunmuş rayonlardan çıxan insanlar yaşlanır, dünyasını dəyişir, yeni doğulan uşaqlar isə oraları görməyib və xatırlamır, unutqanlıq yaranır. Ermənilər isə o torpaqlara köçür və orada doğulan uşaqlar o torpaqları doğma yurdu sayır. 50 ildən sonra sizcə o torpaqlarda doğulmayanlar daha çox oranın həsrətini çəkəcək, yoxsa orada doğulan ermənilər? Ona görə məsələ tez bir zamanda həll edilməlidir. Müharibə çox qarışıq bir mövzudur. Amma mən əminəm ki, hər bir azərbaycanlı artıq bunu istəyir. Şəxsən mən müharibə yolu ilə məsələnin tez həll olunacağını düşünürəm, nəinki sülh yolu ilə”.



Strateq.az” saytının rəhbəri Elxan Şükürlü müharibədən qorxmaq yox, ona hazırlaşmaq və onu sevmək lazım olduğunu bildirib:

“İstər bir jurnalist, istər bir vətəndaş, istərsə də keçmiş Ordu zabiti olaraq, mən Qarabağ məsələsinə baxışlarımı “Son çarə - müharibə: ona qadın gözüylə baxmaq olmaz!” adlı məqaləmdə ifadə etmişəm. Qısaca, bir daha təkrarlayıram: bizim müharibədən başqa çıxış yolumuz yoxdur. Müharibə bizim üçün yeganə xilas yolu, nicat qapısıdır. Çünki illərdir Qarabağ məsələsinin sülh yoluyla həlli üçün təklif edilən bütün variantlar, nəticə etibarilə, Azərbaycanın əleyhinədir. Götürün, indiyədək beynəlxalq vasitəçilərin təklif etdiyi və münaqişə tərəflərinin də illərdir ətrafında danışdıqları həll modellərinə baxın: istisnasız olaraq, hamısında bizə qəbul edirmək istədikləri “torpağını ver, əvəzinə sülh əldə et” prinsipidir. Bizi zorla Ermənistanın ərazilərimizi işğal etməsi faktıyla barışmağa və Dağlıq Qarabağdakı terrorçu-separatçıların tələbləriylə hesablaşmağa vadar etmək istəyirlər. Hansı normal xalq, hansı normal hakimiyyət buna gedər?! İllərdir “sülh təşəbbüsləri” adı altında müxtəlif layihələr həyata keçirirlər. Ancaq bunu birdəfəlik qəbul etmək lazımdır ki, mövcud şərtlərlə sülh – kapitulyasiyadır və bizə tələdir; bir millət və dövlət kimi varlığımıza son qoyacaq böyük bir beynəlxalq proyektdir, onunla qəti razılaşmaq olmaz! Ona görə də hesab edirəm ki, Azərbaycanın əlində bütün bu oyunları pozacaq yeganə bir silahı, tək çarəsi var – xalqı ciddi və sistemli şəkildə vətənin işğaldan azad edilməsi savaşına hazırlamaq və əlverişli geopolitik situasiyada da sürətli, uğurlu antiterror əməliyyatlarına başlamaq!”.


E.Şükürlü  ehtiyata buraxılmış ordu zabiti olmasını, Azərbaycan ordusunun döyüş imkanları, cəbhə xəttindəki durum, düşmən ordusundakı ab-hava haqqında, az-çox, məlumatlı olduğunu da qeyd edib:
 

“İnandırıram sizi, əgər hökumət beynəlxalq təzyiqlərdən qorxmayıb xalqımızı müharibəyə səfərbər etsə, Silahlı Qüvvələrimiz Ermənistanda daşı-daş üstə qoymaz! Bir halda ki, ermənilər cəbhə xəttindəki “real vəziyyət”ə və yaxın tarixin hansısa “gerçəklərinə” istinad edirlərsə, onda biz niyə cəbhə xəttində yeni vəziyyət yaratmaq və ya öz tarixi ərazilərimizə qayıtmaq haqda düşünməyək?! Məncə, artıq o zaman yetişib ki, Azərbaycan diplomatiyası və Silahlı Qüvvələri bütün istiqamətlərdə hücum mövqeyindən çıxış etməlidir. Ermənilərə işğal etdikləri Azərbaycan ərazilərindən çıxmaq üçün konkret vaxt qoyulmalı, beynəlxalq aləm bu barədə məlumatlandırılmalı və zamanı çatanda da qəti addım atılmalıdır, vəssalam!!”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR