Azərbaycan faunasının ən böyük və ən kiçik quşu
Müxtəlif rəng çalarlarına, al-əlvan və cəlbedici naxışlarına və zövqlü yerişinə görə bəzi quşlara bəzək quşu deyirlər. Məsələn, tovuz, yaşılca, kəklik, qumru həmin quşlara daxildir. Əslində bu, elmi yox, estetik bölgüdür. Çox vaxt həmin quşların al-əlvan rəngləri özünümüdafiəyə, meşədə, çəmənlikdə özlərini qorumasına xidmət edir, - deyə Bakı Dövlət Universitetinin onurğalılar zoologiyası və bioekologiya kafedrasının müdiri, professor Qara Mustafayev AZƏRTAC-ın müxbirinə bildirib.
Quşlar haqqında söhbəti davam etdirən təbiətşünas-alim deyib: “İki cür sərçə var: dam sərçəsi və çöl sərçəsi. Dam sərçəsi sinantrop quşdur, həmişə insanla qonşuluğa can atır. Yaşayış yerlərinin yaxınlığında yuva qurur, təbiətdə olan qırıntılarla dolanır və bir növ sanitar rolu oynayır. Həmin səbəblər onu insana bağlayır. Çöl sərçəsi isə çöldə və meşədə yaşayır və həmişə insandan uzaq qaçır”.
Professorun dediyinə görə, Azərbaycan təbiətində ən iri quş hinduşkadan bir az böyük ov quşu doydaq olub. Lakin İkinci Dünya müharibəsindən sonra - ötən əsrin ortalarından demək olar ki, həmin quşun nəsli kəsilib. Doydaqdan sonra ular ən böyük quş sayılır. Böyük Qafqazda, Azərbaycanın şimal hissəsində yaşayır, toyuqkimilərə daxildir, ona Qafqaz uları da deyilir. Kiçik Qafqazda, ölkəmizin Asiya hissəsində Alp çəmənliklərində yaşayan həmin quşlar Xəzər uları adlanır. Əslində, onun da nəsli kəsilmək üzrədir. Faunamızın ən kiçik quşu isə bilibittan sayılır. Hətta sərçədən də kiçik olan həmin quş meşədə xəzəllərin altında, ağacların kökləri altında yaşayır və orada yuva qurur”.
Mənbə: Azertag.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət