Azərbaycan elminə ağır itki üz verib
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, İnstitutun Şəki arxeoloji-etnoqrafik qrupunun rəisi Nəsib Mirsaleh oğlu Muxtarov uzun sürən xəstəlikdən sonra 68 yaşında 2019-cu il yanvarın 25-də vəfat edib.
Bu barədə Trend-ə İnstitutdan məlumat verilib.
Nəsib Muxtarov 3 oktyabr 1951-ci il tarixdə Nuxa şəhərində anadan olub. Əsgəri xidmətdən sonra Bakı şəhərindəki 21 saylı tikinti idarəsində fəhlə işləyir, 1974-1979-cü ilərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tarix fakültəsində əyani ali təhsil alır. Təhsilini bitirdikdən sonra R.B.Əfəndiyev adına Şəki Diyarşünaslıq muzeyində baş fond mühafizəçisi, daha sonra muzeyin direktoru, 1982-ci ildən isə Şəki rayon Mədəniyyət şöbəsində tarixi abidələrin baş mühafizəçisi vəzifəsində çalışıb. Şəki rayon Mədəniyyət şöbəsində işləyərkən, “Biz diyarı öyrənirik” adlı könüllülər qrupunu yaradır. Daha sonra bu qrupun bazasında “Ocaq” ədəbi-ictimai birliyi təşkil edilib.
Nəsib Muxtarov 1981-ci ildən Yevlax-Balakən dəmir yolunun çəkilişi ilə əlaqədar rayon ərazisində arxeoloji qazıntı işləri aparan ekspedisiyanın işində yaxından iştirak edir. O, 1990-cı ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeoloji-etnoqrafik qrupunun rəhbəri, İnstitutun Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyanın rəisi olub. Onun rəhbərliyi altında fəaliyyət göstərən arxeoloji ekspedisiya respublikanın şimal-qərb bölgəsində tunc, ilk dəmir, antik və orta əsrlər dövrlərinə aid çoxlu sayda abidələr aşkar edib, bölgənin etnoqrafik xüsusiyyətlərinin öyrənilməsi istiqamətində tədqiqatlar aparıb.
Mərhum tədqiqatçının dəyəri ölçüyə gəlməyən unikal tapıntıların aşkar edilməsində, Şəki rayonu Fazıl kəndi ərazisində yeraltı muzeyin yaradılmasında, şimal-qərb bölgəsində arxeoloji abidələrin mühafizəsində böyük xidmətləri olub.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi mərhum arxeoloq Nəsib Muxtarovun ailə üzvlərinə və əzizlərinə dərin hüznlə başsağlığı verir, görkəmli alim və səmimi insan Nəsib Mirsaleh oğlu Muxtarovun əziz xatirəsinin onu tanıyanların qəlbində daim yaşayacağını bildirir.
Mərhum tədqiqatçı, tanınmış ziyalı bu gün yanvarın 25-də, saat 16:00-da Şəki şəhər qəbiristanlığında dəfn olunacaqdır.
Allah rəhmət eləsin!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət