Dərc edildi: Baxış sayı: 1361
1956-ci il, avqustun 21-də Azərbaycan dilinə dövlət dili statusu verən qanun qəbul olunur. 3 il sonra…
1956-ci il, avqustun 21-də Azərbaycan dilinə dövlət dili statusu verən qanun qəbul olunur. 3 il sonra elə bu qanun da Azərbaycan Kommunist partiyasının 1-ci katibi İmam Mustafayevin vəzifədən çıxarılmasında mühüm rol oynayır.
Əlbəttə, Moskva həmin qanunun əleyhinə deyildi (əks halda qanun heç qəbul edilməzdi də). Üstəlik, Qafqazın digər respublikalarında (Gürcüstan və Ermənistanda) analoji qanun hələ 1937-ci ildə qəbul olunmuşdu. Bu da onu təsdiqləyir ki, Azərbaycanın müvafiq addım atmasında 19 il gecikməsi Moskvanın təzyiqərinin aktivinə yox, yerli hakimiyyətin passivinə yazılmalıdır. O ki qaldı İmam Mustafayevin 1959-cu ildə partiya rəhbərliyindən kənarlaşdırılmasının motivlərinə, volüntarist Nikita Xruşşov üçün şəxsi münasibətlər daha həlledici rol oynayırdı, nəinki siyasi və ideoloji fərqliliklər. Xruşşovla İmam Mustafayevin münasibətləri isə heç vaxt rəvan olmamışdı. Xaraktercə müstəqil və məğrur adam olan Mustafayev Xruşşov üçün həmişə şübhə və narahatlıq mənbəyi olaraq qalmışdı.
Ancaq Azərbaycan dili məsələsinin bir kart kimi istifadəsinin də əsasları vardı. Gürcüstan və Ermənistan rəhbərliyindən fərqli olaraq, Azərbaycan rəhbərliyi uğurun yaratdığı ruh yüksəkliyindən populizmə yol verir, səs-küysüz və tədrici siyasət yeritmək əvəzinə səhvlərə meydan açan tələskənliklərlə öz vəziyyətini ağırlaşdırırdı. Bu da rusdillilərlə narahatlıq, Moskvada isə “millətçilik ittihamları” yaratmaya bilməzdi.
***
Azərbaycan Kommunist partiyası Bürosunun 16 mart 1957-ci il tarixli iclasında Mərkəzi Komitənin ideoloji məsələlər üzrə katibi Abdulla Bayramov çıxış edərək deyir:
“Məni bir məsələ çox narahat edir: mənə elə gəlir ki, biz heç bir ölçü götürməsək, 10-15, yaxud 50 ildən sonra paytaxt Bakıda bir dildə, Respublikanın qalan ərazilərində isə başqa dildə danışacaqlar... Bilirik ki, Bakıda ziyalıların böyük əksəriyyəti və onların ardınca fəhlələr də öz uşaqlarını rus məktəblərinə yerləşdirməyə çalışır, bunun nəticəsində ildən ilə Azərbaycan dilində təhsil verən məktəblərin sayı azalır. Deməli, bir müddətdən sonra Bakıda elə vəziyyət yarana bilər ki, şəhər kənddən tamamilə ayrı düşər... Mən daha o faktlardan danışmıram ki, azərbaycanlı Kəlbəcər rayonunda poçta gəlir və ondan öz dilimizdə olan teleqramı qəbul etmirlər”.
Elə bu çıxışdan da anlamaq heç də çətin deyil: problemin yaranmasında Moskva daha çox günahkardır, yoxsa Bayramovun söylədiyi “Azərbaycan ziyalılarının böyük əksəriyyəti?”
Yaxud, həmin iclasda çıxış edən yazıçı Süleyman Rəhimov rəhbər işçilərə problemin həllini özlərindən, öz ailələrindən başlamağı təklif edərək deyir: “Əgər bizdə Azərbaycan məktəbləri varsa, onlar kimlərdən ötrüdür? Onlar ruslar, ermənlər, yəhudilər üçün deyil. Orada öz uşaqlarınızı oxudun, yoxsa ki bizdə əksər rəhbər işçilərin övladları rusca təhsil alırlar”.
Bu çıxışdan da göründüyü kimi, problem ilk növbədə özümüzlə bağlıdır.
Qanunun qəbulundan sonra hakimiyyət bütün müəssisələrdə dəftərxana işinin Azərbaycan dilinə keçirilməsini tələb edir. Məsələ ondadır ki, 1950-ci illərin ortalarına qədər Bakıda azərbaycanlılar faiz hesabı ilə əhalinin cəmisi 50 faizini təşkil edirdi (bəzi müəlliflər bundan da aşağı rəqəmdən bəhs edirlər), odur ki, tələsikliyin əlavə çətinliklər yaradacağı gözlənilən idi. Ali Sovetin Rəyasət heyətinin sədri olan yazıçı Mirzə İbrahimov tələsənlərdən biriydi (əlbəttə, bu səbirsizliyin özülündə ən yaxşı niyyətlər dayanırdı). O, “İndi 1920-ci il deyil. Bizim qeyri-azəriləri əvəzləyəcək qədər kadrlarımız var” deyirdi.
Mirzə İbrahimov təklif edirdi ki, bütün qeyri-azərilər Azərbaycan dilini öyrənsinlər. Ali Sovetdə ona sual verirlər: “Həkimlərin yarısı rusdur, bəs onlarla nə etməli?” İbrahimov cavab verir: “Qoy onlar bizim 35 il əvvəlki vəziyyətimizdə olsunlar. O vaxt xəstəlik tarixlərini rusca yazırdılar”.
Bütün bu şəraitdə nisbətən səbrli mövqeni İmam Mustafayev nümayiş etdirirdi - əslində onunla Mirzə İbrahimovun mövqeləri eyni idi, yalnız ifadə üçün seçilmiş sözlər fərqlənirdi. Məsələn, Universitetdə çıxış edərkən İmam Mustafayev deyir: “Bir imza ilə Azərbaycan dilini bilməyənlərin üzərindən xətt çəkmək olmaz. Onları işə düzəltmək və tədricən əvəzləmək lazımdır. Bu işdə ifrata varmamalıyıq”.
Çətinliklər isə özünü göstərməkdəydi. Məsələn, Çapay Sultanov özünün “İstedadın hüdudları” (“Qrani talanta”) kitabında vəziyyəti bu cür təsvir edir: “Azərbaycan dilinə keçidin başladığı dövrdə əksər mədən, zavod və fabriklərdə əsas etibarilə rusdillilər çalışırdı və onlar çətin vəziyyətə düşmüşdü. Azərbaycanın əsas istehsal sahələri olan neft hasilatı və neft emalı sahələrində Azərbaycan dilində terminologiyanın yetərincə ehtiyatı yox idi. Heç poliqrafik baza da yoxdu - yalnız böyük, çox böyük istəklər vardı!.. Bütün bunlar Azərbaycan dilinə planlı və metodoloji keçid yolunda böyük əngəl idi...”
***
Toplanan ziddiyyətlər öz kulminasiya nöqtəsinə 1959-cu ilin iyulunda çatır. İyulun 1-də Moskvada partiyanın Mərkəzi Komitəsinin Rəyasət Heyətinin iclası keçirilir. İclasda Mərkəzi Komitənin Respublikalar üzrə partiya orqanları şöbəsinin sədrinin 1-ci müavini İosif Vasilyeviç Şikinin (1906-1973) Azərbaycan partiya təşkilatlarında aparılan yoxlamalarla bağlı hesabatı müzakirəyə çıxarılır.
Müzakirənin stenoqramı yalnız 1990-cı illərin sonlarında çap olunub. İosif Şikin çıxışına Azərbaycanın iqtisadi vəziyyətinin icmalından başlayır və Respublikada kənd təsərrüfatının əsas sahələri olan heyvandarlıqla pambıqçılıqda mövcud olan durumu kəskin tənqid edir. Onun sözlərinə görə, sovxoz və kolxozlarda iribuynuzlu mal-qaranın sayı azalmağa doğru getdiyi halda, fərdi təsərrüfatlarda bu rəqəmlər artmaqdadır. Bunun nəticəsidir ki, Bakıda süd və süd məhsulları çatışmır.
“Azərbaycanda şəxsi istifadədə 1-2 inək, 1-2 at və 40-50 qoyun olduğu halda, sovxoz və kolxozlarda azalma gedir. Ona görə də insanlar siyasətə başqa cür baxırlar” - Şikin məruzə edir. Sonra isə o, Azərbaycanın rəhbərliyində aşkar millətçilik meyllərindən danışır. Şikinin sözlərinə görə, Azərbaycan rəhbərliyi Qaradağ-Tbilisi qaz kəmərinin tikintisinin əleyhinə çıxır, rəhbərlərdən biri isə deyir: “Qaz bizimdir və biz onu gürcülərə verə bilmərik”.
Jurnalist Leonid Mleçin özünün “Dəmir Şurik” kitabında yazır: “Şikinin sözləri Xruşşovu qəzəbləndirir: “Onlar məgər kommunistdir? Onların məşəllərində qaz yanır, gürcülərə və ermənilərə isə qaz vermək istəmirlər. Biabırçılıqdır!”, - Xruşşov deyir”.
Sonra Azərbaycan dili məsələsinin müzakirəsinə keçirlər. Şikin İmam Mustafayevi millətçilikdə ittiham edir, həmçinin Mirzə İbrahimovu tənqid atəşinə tutur. Onun sözlərinə görə, tələbələrlə söhbətində Mirzə İbrahimov deyib: “Azərbaycan dilini bilməyən, yaxud bilərək danışmayan ziyalı əclaf və xaindir”. Və Şikin əlavə edir ki, İbrahimovun bu sözləri tələbələr tərəfindən gur alqışlarla qarşılanıb.
Xruşşov İmam Mustafayevə tərəf çevrilərək soruşur: “Bu, doğrudur, yoldaş Mustafayev?”.
“Bəli, Nikita Sergeyeviç, olub. İbrahimovu tənqid etmişik və vəzifəsindən çıxarmışıq” - İmam Mustafayev cavab verir.
Artıq 1958-ci ilin yanvarında Mirzə İbrahimov Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri vəzifəsindən azad olunmuşdu: “Öz xahişi ilə və bədii yaradıcılıqla məşğul olmaq üçün şərait yaratmaq məqsədilə”.
Xruşşov deyir: “Biz bu cür kommunistləri nəinki işdən çıxaracağıq, həm də partiya təşkilatı qarşısında məsələ qaldıracağıq ki, onlar partiyadan da qovulsunlar. Bu cür şəxslər leninçi və kommunist deyil, onlar millətçi və rəhbərliyə soxulmuş düşmənlərdir”. Bu yerdə İmam Mustafayev etiraz edir və Mirzə İbrahimovun fəaliyyətini müsbət qiymətləndirir. Xruşşov ona cavab verir: “Yoldaş Mustafayev, siz fərqi anlamayacaq qədər sadəlövh deyilsiz. Siz özünüz də şübhləli adamsız, partiya biletiniz var, ancaq kommunistə bənzəmirsiz”. Sonra isə Mərkəzi Komitənin Rəyasət Heyətinin üzvlərinə tərəf çevrilərək əlavə edir: “Mustafayev də elələrindəndir, onlara rəğbət bəsləyir”.
Düzdür, Xruşşovun hədə-qorxuları nəticəsiz qalır - Mirzə İbrahimov nəinki partiyadan çıxarılmır, üstəlik Azərbaycanın Xalq Yazıçısı fəxri adını alır və SSRİ Ali Sovetinə deputat seçilir.
Yenidən söz alan İosif Şikin nitqini davam etdirərək Bakıda keçirilən mədəniyyət müşavirəsində bəstəkar Qara Qarayevin çıxışını rus dilində etdiyinə görə tənqidlərə məruz qaldığını söyləyir. Yaxud, onun sözlərinə görə, 1959-cu ilin yazında Moskvada keçirilən Azərbaycan ədəbiyyat və incəsənəti dekadasında yerli rəhbərlik - Opera və balet teatrının baş rejissoru tərəfindən Respublikanın Xalq artisti, rəqqas Bataşovun nümayəndə heyətinin tərkibinə daxil edilməsinə qadağa qoyulub. O, Bataşova bildirib ki, afişalarda rus soyadları az olmalıdır. Bataşov etiraz edəndə isə baş rejissor “Sağ ol de ki, teatrda çalışırsan” deyib.
Şikin isə “ifşalar”ını davam etdirir: Respublikada bütün toplantılar yalnız Azərbaycan dilində keçirilir, Azərbaycan tarixində azərilər ön plana çəkilir, ruslar və ermənilərin rolu isə kiçildilir. Şikin deyir: “Əgər partiya tarixi ilə bağlı kitablarda səhvlərdən yazılırsa, Orconikidze, Şaumyan, Caparidzenin səhvlərindən bəhs edilir, Nərimanov isə qüsursuz şəxs kimi təsvir olunur...”
Yaxud, Şikin kadrların milli prinsiplə önə çəkildiyini söyləyir və bu yerdə Xruşşov əlavə edir: “Mən soruşuram ki, niyə rəhbərlikdə nə rus, nə də erməni var. Niyə? Onlar bir kommunist kimi etimadı itiriblər, yoxsa siyasi hüquqlardan məhrum ediliblər?”
Xruşşov çıxışını İmam Mustafayevə xitabən bu cümlələrlə bitirir: “Siz kommunist deyilsiz, partiyanın vəzifələrini və siyasətini anlamırsız. Siz yaxşı seleksiyaçı-alimsiz, vəssalam. Ona görə də bizim söhbətimiz 2 karın söhbətinə bənzəyir: siz bir şey deyirsiz, mən başqa şey anlayıram. Bu, Azərbaycan partiya təşkilatı üçün uğursuzluqdur ki, onun başında sizin kimi adam dayanıb”.
***
Səhərisi gün, iyulun 2-də Mərkəzi Komitənin Rəyasət Heyəti Azərbaycan rəhbərliyinə “Respublikanın işlərindəki və partiya təşkilatının fəaliyyətindəki çatışmazlıqları müzakirə edərək onların aradan qaldırılması üçün praktik tədbirlər görməyi” tapşırır.
4 gün sonra - iyulun 6-da Bakıda Azərbaycan Kommunist partiyasının Mərkəzi Komitəsinin plenumunda İmam Mustafayev “işinin öhdəsindən gələ bilmədiyinə görə” 1-ci katib vəzifəsindən və Mərkəzi Komitənin Büro üzvlüyündən kənarlaşdırılır. Onun yerinə peşəcə həkim olan Vəli Axundov təyin olunur...
Mənbə: Karabakhmedia.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət